Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyunun əvvəlində Kaliforniyanın Monterey körfəzi sahillərinə iki qozbel balina atılıb. Birinci heyvan iyunun 3-də Pasifik-Qrouv, ikincisi isə iyunun 5-də Sanset-Biç çimərliyində tapılıb. Santa-Kruzdakı Kaliforniya Universiteti və Moss-Lending Dəniz Laboratoriyasının mütəxəssisləri tərəfindən aparılan yarılma və laborator analizlər hər iki balinanın orqanizmində domoy turşusu aşkarlayıb. Bu maddə bəzi yosun növlərinin kütləvi çoxalması zamanı ifraz olunan güclü təbii biotoksindir.
Xüsusilə Sanset-Biç çimərliyində tapılan balinanın bədənində toksinin səviyyəsi həddindən artıq yüksək olub. Heyvanda heç bir mexaniki travma qeydə alınmayıb və qidalanma vəziyyəti nisbətən yaxşı olub ki, bu da birbaşa zəhərlənməni sübut edir. Domoy turşusu dəniz məməlillərində ağır nevroloji pozuntulara və qəfil ölümə səbəb olur. Hazırda Kaliforniyanın mərkəzi sahillərində bu toksini istehsal edən yosunların konsentrasiyası son dövrlərin ən yüksək həddinə çatıb və bütün dəniz faunasını təhdid edir.
Ümumilikdə, 2026-cı ilin əvvəlindən bəri ABŞ-nin qərb sahili boyu 62 balinanın (o cümlədən 52 boz balina və 8 digər növ) sahilə atılması faktı qeydə alınıb. Alimlər qorbaq balinaların ölümünü birbaşa yosun toksinləri ilə bağlasalar da, boz balinaların tələf olmasına iqlim dəyişikliyi səbəbindən Arktikada qida bazasının kəskin azalmasının yol açdığını ehtimal edirlər. Hazırda mütəxəssislər toksinlərin dəniz ekosisteminə təsirlərini daha dəqiq anlamaq üçün araşdırmaları davam etdirirlər.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

