Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İstirahət günü Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Əmir Pəhləvanın librettosu əsasında hazırlanmış iki hissəli “Sevənlərindir dünya” tamaşasına baxdıq. Süjet xəttində real sevgi hekayəsi dayanan məişət komediyasının – Elməddin Dadaşovun quruluş verdiyi tamaşanın rəssamı Sənan Fətullazadə, baletmeysteri Kamilə Əliyeva, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur. Tamaşada bir konfransda tanış olan aktrisa Ayan Qurbanovanın təqdimatında özbək Müyəssərlə Emin Zeynallının təqdim etdiyi azərbaycanlı Şərifin tanışlığından, az zamanda bu tanışlığın sevgiyə çevrilməsindən və nəhayət gənclərin evlənmə qərarı almalarından bəhs edilir.
Gənclər öncə, yəni, aralarındakı dostluq sevgiyə dönəndən sonra nə edəcəklərini, valideynlərinin bu məsələyə necə baxacaqlarını düşünürlər. Sonradan onlar öz istəklərinə çatırlar. Belə ki, iki hissəli əsərdə qadın azadlığı namus, ismət etiketləri çərçivəsində sivil və qloballaşan dünyanın aparıcı simvoluna çevrilir. Sərbəst ailə qurmaq arzusu ədəb-ərkan qaydalarından kənara çıxmır. Alicənablıq və özünə əminlik milli adət-ənənələrlə birləşərək yaranmış psixoloji gərginliyi aradan qaldirir və sevənlərin izdivacına yaşıl işıq yandırır. Tamaşanın əsas motivi dünyanı xilas edən ülvi və saf məhəbbətə olan inam hissidir və bu, bir-birini pak məhəbbətlə sevən iki gəncin timsalında çox təbii şəkildə təqdim edilir.
Tamaşada əsas rollarda Ruslan Mürsəlov, Ofeliya Novruzqızı, Əliməmməd Novruzov, Güldanə Əzimova, Gülnarə Əzizova, Əməkdar artist İqrar Salamov, Cəbrayıl Cəbrayılov və digər aktyorlar iştirak edirlər.
Teatrın xor və balet truppasının üzvlərinın çıxışı tamaşaya özünəməxsus rəng və çalarlar əlavə edir. Tamaşada Azərbaycan və özbək xalq musiqisindən, milli rəqslərindən və folklor nümunələrindən yerli-yerində və məharətlə istifadə olunub. “Sevənlərindir dünya” həm də iki qardaş xalqın adət-ənənələrindəki yaxınlıq və doğmalığı nümayiş etdirir.
Qeyd edək ki, “Sevənlərindir dünya” Əmir Pəhləvanın teatr səhnəsində tamaşaya qoyulan ilk əsəri deyil. Bundan əvvəl Bakı Bələdiyyə Teatrında “İnsan və iblis”, Dövlət Akademik Musiqili Teatrda isə “İstədiyim yar idi” əsərləri oynanılıb. Səhnəyə qoyulan bu tamaşada teatrın bütün kollektivi əsasında iki gəncin sevgisi dayanan əsərə maraqlı və baxımlı səhnə həyatı veriblər.
Zərifə BƏŞİRQIZI
XQ




