Alimlərdən gözlənilməz araşdırma: Şəkərdən tam imtina sağlamlıq üçün risk yarada bilər

post-img

Bağırsaq sağlamlığı və maddələr mübadiləsi balanslı qidalanmadan asılıdır

Son illərdə sağlam həyat tərzinə marağın artması ilə bir çox insan qida rasionundan şəkəri tamamilə çıxarmağa çalışır. Lakin yeni elmi araşdırma göstərir ki, şəkərin qidadan tamamilə uzaqlaşdırılması hər zaman sağlamlıq üçün faydalı olmaya bilər. Alimlər müəyyən ediblər ki, şəkərsiz pəhriz bağırsaq mikroflorasının pozulmasına, maddələr mübadiləsinin zəifləməsinə və qanda qlükoza səviyyəsinin tənzimlənməsinin pisləşməsinə səbəb ola bilər. Tədqiqatın nəticələri “ScienceDaily” nəşrində dərc olunub. 

Küveytin Dasman Diabet İnstitutunun alimləri tərəfindən aparılan araşdırma zamanı laboratoriya siçanları 16 həftə ərzində iki fərqli pəhrizlə qidalandırılıb. Bir qrupun rasionunda müəyyən miqdarda saxaroza (adi süfrə şəkəri), digər qrupun rasionunda isə ümumiyyətlə şəkər olmayıb. Araşdırma çərçivəsində qlükoza dözümlülüyü, insulinə həssaslıq, bağırsaq mikrobiomu və iltihab göstəriciləri diqqətlə izlənilib. 

Nəticələr alimləri təəccübləndirib. Çəkiləri təxminən eyni qalan siçanlar arasında şəkərsiz pəhrizlə qidalananlarda qlükozanın mənimsənilməsi zəifləyib, insulin müqaviməti yaranıb, bağırsaq bakteriyalarının tarazlığı pozulub və iltihabi proseslər artıb. Bundan əlavə, onların orqanizmində piyli qaraciyər xəstəliyinin ilkin əlamətləri də müşahidə olunub. 

Mütəxəssislərin fikrincə, əldə olunan nəticələr şəkərin həddindən artıq qəbulunun zərərli olması barədə məlum həqiqəti dəyişmir. Bununla belə, araşdırma göstərir ki, əsas məsələ şəkəri tamamilə qadağan etmək deyil, onun balanslı şəkildə qəbulunu təmin etməkdir. Xüsusilə meyvə, tərəvəz və süd məhsullarında olan təbii şəkərlərin insan orqanizmi üçün mühüm rol oynadığı vurğulanır. 

Alimlər hesab edirlər ki, sağlam bağırsaq mikrobiomunun qorunması metabolik xəstəliklərin, piyli qaraciyərin və xroniki iltihabi problemlərin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Buna görə də gələcək qidalanma tövsiyələri yalnız şəkərin məhdudlaşdırılmasına deyil, ümumi qida balansının və bağırsaq sağlamlığının qorunmasına yönəlməlidir. 

Nəticə olaraq deyə bilərik ki, sağlam qidalanmanın əsasında ifratçılıq deyil, balans dayanır. Şəkərin həddindən artıq istehlakı ciddi sağlamlıq problemlərinə yol aça bildiyi kimi, onun qidadan tamamilə çıxarılması da gözlənilməz mənfi nəticələr doğura bilər. Araşdırmanın nəticələri göstərir ki, sağlam həyat üçün ən doğru yol müxtəlif və balanslaşdırılmış qidalanma prinsipinə əməl etməkdir. 

Nurəngiz Adilqızı

XQ

Sosial həyat