Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin siyasi və ictimai dairələri 15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə qardaş ölkəyə təbrik mesajları ünvanlayıblar. Səhər saatlarından etibarən Türkiyə Böyük Millət Məclisinin deputatları, bələdiyyə sədrləri, müxtəlif qurumların rəhbərləri, media təmsilçiləri və tanınmış ictimai-siyasi xadimlər sosial şəbəkələr vasitəsilə Azərbaycan xalqının bayramını qeyd ediblər.
XQ xəbər veriri ki, paylaşımlarda Azərbaycan ilə Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu xüsusi vurğulanıb. Mesaj müəllifləri Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşan münasibətlərin hər iki ölkə üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.
Eyni zamanda, beş il əvvəl imzalanmış Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan əlaqələrini yeni mərhələyə yüksəltdiyi qeyd olunub. Ankara ilə Bakı arasında strateji müttəfiqliyin regionda təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Türkiyəli siyasətçilər və ictimai xadimlər Azərbaycanın son illərdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək, qardaş ölkənin inkişafını məmnunluq və qürur hissi ilə izlədiklərini bildiriblər. Paylaşımlarda şəhidlərin əziz xatirəsi ehtiramla anılıb, Azərbaycan və Türkiyə xalqları arasındakı həmrəyliyin bundan sonra da daha da möhkəmlənəcəyinə, iki dövlətin birgə əməkdaşlığının yeni nailiyyətlərə zəmin yaradacağına inam ifadə edilib.

