Almaniya Hərbi Hava Qüvvələrinin komandanı: NATO-ya hücum ediləcəyi təqdirdə Rusiyaya zərbələr endirməyə hazırıq

post-img

Almaniya Hərbi Hava Qüvvələrinin (Luftwaffe) komandanı general Holger Noyman "The Telegraph" qəzetinə bəyan edib ki, NATO-ya hücum ediləcəyi təqdirdə Rusiyaya zərbələr endirməyə hazırdırlar. Onun sözlərinə görə, silahlı münaqişə baş verərsə, NATO qüvvələri Rusiyanın hərbi obyektlərinə irimiqyaslı cavab zərbələri endirmək iqtidarındadır. Hücumların hədəfləri arasında Kalininqrad vilayəti, Kola yarımadası, Qara dəniz akvatoriyası, həmçinin Rusiya donanmasının bazalaşdığı Sankt-Peterburq rayonu var. "Əgər iş münaqişə həddinə çatarsa - mən ümid edirəm ki, bu heç vaxt baş verməyəcək - biz ərazimizin hər bir qarışını müdafiə edəcəyik", - Noyman bildirib.

General deyib ki, "Luftwaffe" artıq dərhal hərəkətə keçməyə hazırdır. "Əgər mənə elə indicə zəng edib müvafiq vəziyyətin yarandığını desələr, biz dərhal hazır olmalıyıq. Və biz hazırıq", - o vurğulayıb. Noymanın sözlərinə görə, Almaniya silahlanma proqramı çərçivəsində "Patriot", "Iris-T" və "Arrow 3" sistemləri də daxil olmaqla hava hücumundan müdafiə vasitələrinin ehtiyatlarını əhəmiyyətli dərəcədə artırır. Bu addımlar Kansler Fridrix Mertts hökumətinin Almaniyanın Avropa təhlükəsizliyindəki rolunu gücləndirmək kursunun tərkib hissəsidir.

Noyman vurğulayıb ki, NATO daxilində təhlükəsizlik baxımından heç bir fərq yoxdur. Onun sözlərinə görə, alyansın istənilən ölkəsinə, o cümlədən Baltikyanı dövlətlərə edilən hücum, hərbi blokun bütün ölkələrinin kollektiv cavabına səbəb olacaq. "NATO ərazisinin son qarışına qədər NATO olaraq qalır", - o, bəyan edib.

O, Rusiya Federasiyasının silahlı qüvvələrini zəif qiymətləndirməməyə çağırıb və qeyd edib ki, Rusiya ordusu Ukraynadakı dörd ildən artıq döyüş əməliyyatları müddətində yüksək adaptasiya səviyyəsi nümayiş etdirib. Həmçinin Rusiya "Su-35", "Su-57" və "MiQ-31" qırıcıları da daxil olmaqla müasir döyüş platformalarına, eləcə də qanadlı, ballistik və hipersəs raketlərinə malikdir. "Bir nömrəli qayda: düşmənini heç vaxt zəif qiymətləndirmə. Ona görə də (Ukraynada) nə görməyimizdən asılı olmayaraq, qiymətləndirmələrimizdə həmişə ehtiyatlı olmalıyıq", -almaniyalı general hesab edir.

S.ELAY

XQ

Dünya