Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu gün Ağcabədi rayonunda Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarının nümayəndələri ilə aqrar sahə üzrə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirə keçirildi. Hesab edirik ki, müşavirə Dövlət Proqramında qarşıya qoyulmuş hədəflərin izahı, bu barədə ictimaiyyətin, fermerlərin, sahibkarların, xüsusilə də yerli icra hakimiyyəti orqanlarının məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, regional müşavirənin dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin təşkili baxımından da xüsusi əhəmiyyəti olacaq.
XQ xəbər verir ki, bunu Ağcabədidə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
İlham Bayramov bildirib ki, Dövlət Proqramında aqrar sektorun bütün sahələri, istiqamətləri üzrə hədəflər müəyyən olunub. Bu hədəf və məqsədlərə çatmaq üçün əvvəlki proqramlarda olmayan yeni güzəştlər və mexanizmlər nəzərdə tutulub. Bu mexanizmlər barədə fermerlərin, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi zəruridir.
“Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və son nəticədə fermerlərin, sahibkarların gəlirlərinin artırılması ilə kənd yerlərində yaşayan insanların sosial rifahının yaxşılaşmasına yönəlib. Hesab edirəm dövlət qurumlarının, sahibkarların, fermerlərin birgə fəaliyyəti ilə bu məqsədlərə nail olunacaq və regionlarda sürətli inkişafın şahidi olacağıq” – deyə, İlham Bayramov bildirib.

