Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında hazırda ölkəmizin müxtəlif bölgələrində uşaqlar üçün 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir.
Bu barədə XQ-yə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki. bu mərkəzlər Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və Naftalan şəhərlərində, həmçinin Abşeron, Ağstafa, Xaçmaz, Hacıqabul, Tovuz, Qax, Beyləqan, Quba, Zaqatala, Göygöl, Bərdə, Ağdam, Yevlax, Qəbələ, İsmayıllı, Ucar, Şəki, Ağcabədi, Goranboy, Lənkəran, Ağdaş, Cəlilabad, Yardımlı, Masallı, Ağsu, Qobustan, Samux, Salyan, Qusar, Sabirabad, Şəmkir və Göyçay rayonlarında yerləşir.
Günərzi qayğı mərkəzlərində həssas qruplara aid, o cümlədən əlilliyi olan uşaqlardan ibarət ümumilikdə 1100-dən çox uşağın psixoloji reabilitasiyası, abilitasiyası, pedaqoji inkişafı, habelə ailələrinə dəstək və ailələrin maarifləndirilməsi üzrə kompleks işlər aparılır.
Bununla yanaşı, müxtəlif dərnəklər və inkişaf proqramları vasitəsilə uşaqların özünəxidmət bacarıqları, sosial vərdişləri və yaradıcılıq potensialı da inkişaf etdirilir.
Günərzi qayğı mərkəzlərinin fəaliyyəti uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və ailə mühitində böyüməsinin dəstəklənməsi, çətin həyat şəraiti ilə qarşılaşan ailələrin zəruri sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədi daşıyır.



