BMU-dan abituriyentlər üçün unikal fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakı Mühəndislik Universiteti (BMU) müasir təhsil modeli və geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi sayəsində abituriyentlərə əmək bazarının müasir tələblərinə cavab verən peşəkar bilik və bacarıqlara, innovativ düşüncə tərzinə və qlobal təcrübəyə yiyələnmək üçün geniş imkanlar təqdim edir.

Bu il BMU-da bakalavriat səviyyəsində üç ikili diplom proqramına qəbul həyata keçiriləcək ki, həmin proqramlar tələbələrə təhsil müddətində beynəlxalq akademik mühitdə təhsil almaq, xarici universitetlərin təcrübəsindən yararlanmaq, ən əsası məzun olduqda iki nüfuzlu ali təhsil müəssisəsinin diplomuna sahib olmaq imkanı yaradır. 

İkili diplom proqramlarından biri BMU ilə Pekin Kimya Texnologiyaları Universiteti tərəfindən birgə yaradılmış və bu ildən fəaliyyətə başlayan PKTU-BMU Mühəndislik fakültəsi çərçivəsində həyata keçirilir. Fakültədə tədris 3+1 modeli əsasında təşkil olunacaq. Bu modelə əsasən, tələbələr üç il BMU-da, bir il isə Çində təhsil alacaqlar. Akademik göstəriciləri müəyyən edilmiş meyarlara cavab verən tələbələr hər iki universitetin diplomunu əldə etmək hüququ qazanacaqlar. Fakültədə “Kompüter elmləri”, “Kimya”, “Biotexnologiya” və “Mexanika mühəndisliyi” ixtisasları üzrə yüksəkixtisaslı kadrların hazırlanması nəzərdə tutulur.

Digər proqram isə  BMU ilə İNHA Universiteti arasında 2020/2021-ci tədris ilindən etibarən “2019-2023-cü illər üzrə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində icra olunur. Proqram qısa müddətdə əldə etdiyi uğurlu nəticələrə görə Prezident İlham Əliyevin 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb. BMU-İNHA ikili diplom proqramının ikinci mərhələsində əmək bazarının tələblərinə uyğun və yüksək perspektiv vəd edən ixtisas istiqamətləri üzrə qəbul aparılır. Bunlara “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları” və “Elektrik və elektronika mühəndisliyi” daxildir.

BMU-nun üçüncü ikili diplom proqramı ötən ildən Pekin Kimya Texnologiyaları Universiteti ilə ikitərəfli müqavilə çərçivəsində həyata keçirilir. Bu proqram Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində yaradılmış ilk ikili diplom proqramı olmaqla, xüsusi əhəmiyyət daşıyır. Proqram “Kimya mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Kimya”, “Biotexnologiya” və “Biznesin idarə edilməsi” ixtisaslarını əhatə edir. Təhsil 2+2 modeli əsasında təşkil olunur: tələbələr ilk iki ili BMU-da, son iki ili isə Çində təhsil alırlar. Akademik tələbləri uğurla yerinə yetirən tələbələr təhsillərinin yekununda hər iki universitetin diplomunu əldə edirlər.

Bu gün qlobal rəqabət şəraitində uğurlu mütəxəssis olmaq yalnız nəzəri biliklərlə kifayətlənmir. Beynəlxalq təcrübə, innovativ düşüncə, rəqəmsal bacarıqlar və fərqli akademik mühitlərdə təhsli almaq gələcəyin əsas üstünlükləri hesab olunur. BMU-da həyata keçirilən ikili diplom proqramları məhz bu üstünlükləri qazanmaq istəyən gənclər üçün geniş imkanlar açır. Əgər beynəlxalq standartlara uyğun təhsil almaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində bilik və təcrübə qazanmaq, məzun olduqda iki diplom əldə etmək və qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi yetişmək istəyirsinizsə, BMU Sizin üçün doğru seçimdir.

Təhsil