Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Miçiqan Universitetinin astronomları Yerdən 1300 işıq ili məsafədə yerləşən və Günəşə bənzəyən "TOI-5882" ulduzunun vaxtilə öz planetlərindən birini udduğunu müəyyən ediblər. Bu kosmik hadisənin aşkarlanmasında əsas maddi sübut ulduzun tərkibindəki qeyri-adi dərəcədə yüksək litium konsentrasiyası (sıxlığı) olub. Çünki planetlərin tərkibində bu kimyəvi element ulduzlarla müqayisədə qat-qat çoxdur.
Bu anomaliyanı dəqiqləşdirmək üçün alimlər spektroskopiya metodundan istifadə edərək ulduzun işığını analiz edib və onu yaş, kütlə, temperatur baxımından oxşar olan 62 digər ulduzla müqayisə ediblər. Məlum olub ki, "TOI-5882" ulduzundakı litiumun miqdarı minimum 97-ci persentildə qərarlaşıb, yəni analoqlarından kəskin dərəcədə yüksəkdir. Elementin həcminə əsasən tədqiqatçılar udulmuş planetin kütləsinin bir neçə Yer kürəsi ilə Neptun ölçüsü arasında olduğunu təxmin edirlər. Planetin ulduz tərəfindən udulması cəmi bir neçə gün və ya həftə çəkən sürətli proses olduğundan, bunu real vaxtda qeydə almaq demək olar ki, qeyri-mümkündür. Bu səbəbdən astronomlar cinayət yerində sübut toplayan detektivlər kimi hadisənin fəsadlarını postfaktum (hadisədən sonra) araşdırmalı olublar.
Maraqlıdır ki, "TOI-5882" ulduzunun öz yaxınlığındakı planetləri udmağa başladığı "qırmızı nəhəng" mərhələsinə çatmasına hələ çox var. Alimlərin irəli sürdüyü versiyaya görə, bu planetin ulduza doğru "istiqamətlənməsinə" Yupiterdən 20 dəfə böyük olan və bu ulduzun ətrafında fırlanan qəhvəyi cırtdan (subulduz obyekti) səbəb ola bilər. Bu fərziyyənin yoxlanılması növbəti tədqiqatların mövzusu olacaq.
Bu kəşf ulduzların öz planetlərini uda bilməsi faktını təsdiqləməklə yanaşı (təxminən 5 milyard ildən sonra bənzər tale bizim Günəş sistemində də yaşana bilər), ulduzların litiumla zənginləşməsinin digər gizli mexanizmlərinə də işıq salır. Belə ki, müqayisə qrupundakı bəzi digər ulduzlarda da litiumun miqdarı yüksək çıxıb. Elmdə tez-tez olduğu kimi, bir suala tapılan cavab özü ilə bərabər yeni kosmik tapmacalar gətirib.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

