Doğum səviyyəsinin aşağı düşməsi smartfonlarla əlaqələndirilib

post-img

NBER: ABŞ-da doğum səviyyəsi 2007-ci ildən bəri %22 azalıb

ABŞ-da "romantikanın qatili" tapılıb - lakin oxşar mənzərə dünyanın digər ölkələrində də müşahidə olunur. Bütün dünyada hökumətlər doğum səviyyəsinin fəlakətli dərəcədə aşağı düşməsini dayandırmağın yollarını axtararkən, ABŞ-da demoqrafik tənəzzülün əsas günahkarını aşkar ediblər: smartfonlar.

Milli İqtisadi Tədqiqatlar Bürosu (NBER) tərəfindən dərc olunan məqalə "iPhone-u bir kontrasepsiya (hamiləlikdən qorunma) vasitəsi hesab etmək olarmı?" adlanır. Materialın müəllifləri - Middlberi Kollecinin iqtisadçısı Keytlin Mayers və onun tələbəsi İezekil Huper qeyd edirlər ki, 2007-ci ildən bəri ABŞ-da doğum səviyyəsi 22 % enib. Alimlər öz tədqiqatlarında bu acınacaqlı tendensiyanın mümkün səbəblərini nəzərdən keçiriblər.

Ekspertlər ilkin olaraq bu düşüşü qlobal maliyyə sisteminin çöküşün həddinə çatdığı və milyonlarla insanı ehtiyac içində qoyduğu 2008-ci il böhranı (recessiya) ilə əlaqələndirirdilər. Lakin böhran geridə qaldı, demoqrafik göstəricilər isə bərpa olunmadı.

Digər versiyalar da irəli sürülürdü: kontraseptivlərdən aktiv istifadə, qadınlar arasında təhsil səviyyəsinin yüksəlməsi, mənzil xərclərinin və ya uşaq baxımı xərclərinin artması. Lakin bu fərziyyələrin heç biri dəqiq təsdiqini tapmadı.

Tədqiqatçılar ehtimal ediblər ki, indiyədək diqqətdən qaçan əsas səbəb smartfonların kütləvi şəkildə yayılması ola bilər. ABŞ-da bu proses 2007-ci ildə ilk "iPhone" modelinin satışa çıxarılması ilə başlayıb.

2011-ci ilə qədər okeanın o tayında ayfonları yalnız bir operatordan - "AT&T"-dən almaq mümkün idi. Alimlər "AT&T" şəbəkəsinin əhatə dairəsinin demək olar ki, %100 olduğu dairələri (bölgələri) həmin illərdə bu şəbəkənin ümumiyyətlə olmadığı yerlərlə müqayisə ediblər.

Məlum olub ki, "iPhone"-a çıxış imkanı doğum səviyyəsinin azalması ilə birbaşa korrelyasiya (qarşılıqlı əlaqə) təşkil edir: bu azalma 15-19 yaşlı gənc qızlar arasında 4,5–8 %, 20-24 yaşlı qadınlar arasında isə 3,2–6,6 % civarındadır. Daha yaşlı qruplarda da azalma müşahidə olunub - bu, nisbətən az nəzərə çarpsa da, statistik baxımdan əhəmiyyətli göstəricidir.

Müəlliflər vurğulayırlar ki, "iPhone" "yeganə səbəb" deyil, lakin smartfonların meydana çıxması insanların vərdişlərini dəyişərək və canlı ünsiyyəti azaldaraq, 2007-ci ildən sonra ABŞ-da doğum səviyyəsinin aşağı düşməsinə "əhəmiyyətli töhfə verib".

"Müasir smartfonlar yayıldıqca, insanların dostları ilə canlı keçirdiyi vaxt kəskin şəkildə azaldı, eləcə də cinsi aktivlik aşağı düşdü. Bu, partnyorla olan seksi əvəzlədiyi görünən pornoqrafiya istehlakının artması fonunda baş verdi", - -tədqiqatçılar yekun qənaətə gəliblər.

Sinsinnati Universitetinin iqtisadçıları Natan Hadson və Ernan Moskozo Boedo tərəfindən dərc olunan digər bir araşdırma qlobal miqyasda oxşar tendensiyaları üzə çıxarıb. Onlar Dünya Bankının 128 ölkədə smartfonların yayılması və yeniyetmələr arasında doğum səviyyəsinə dair məlumatlarını təhlil ediblər.

Nəticələr göstərib ki, smartfonlar geniş kütlə üçün əlçatan olan kimi doğum səviyyəsinin düşməsi daha da sürətlənib. Bu effekt səhiyyə, sosial təminat sistemləri, iqtisadi və mədəni şəraitləri "köklü şəkildə fərqlənən ölkələrdə" eyni dərəcədə özünü büruzə verib. Müəlliflər smartfonların bu mənfi demoqrafik rolunu "qlobal texnoloji şok" adlandırıblar.

Lakin bütün alimlər bu cür iddialı bəyanatlarla razılaşmır. Məsələn, ABŞ-da yeniyetmələr arasında doğum səviyyəsi hələ 1990-cı illərin əvvəllərindən - smartfonların meydana çıxmasından çox-çox əvvəl düşməyə başlayıb. Hər halda, aparılan tədqiqatların heç biri bu nəticələrin praktikada necə tətbiq ediləcəyini nəzərdən keçirmir.

S.ELAY

XQ

Maraqlı