Beyin insan orqanizminin ən mürəkkəb və vacib idarəetmə mərkəzidir. Yaş artdıqca beynin fəaliyyətində müəyyən dəyişikliklərin baş verməsi təbii proses hesab olunur. Mütəxəssislərin fikrincə bəzi amillər bu prosesi sürətləndirərək yaddaşın zəifləməsinə, diqqət pozğunluqlarına və idrak qabiliyyətinin erkən azalmasına səbəb ola bilər. Mövzu ilə bağlı həkim-nevroıoq Aynurə Usubovanın fikrini öyrəndik.
Nevroloq bildirir ki, həyat tərzi ilə bağlı yanlış vərdişlər və bəzi sağlamlıq problemləri beynin bioloji yaşını faktiki yaşdan daha sürətlə artırır: “Hətta orta yaş dövründə belə beyin hüceyrələrinin fəaliyyətinə mənfi təsir edən faktorlar gələcəkdə demensiya və digər nevroloji xəstəliklərin riskini yüksəldə bilər”.
Həkimin sözlərinə görə, bu amillərdən biri xroniki yuxusuzluqdur. O qeyd edib ki, yuxu zamanı beyin özünü bərpa edir, gün ərzində əldə olunan məlumatları emal edir və sinir sistemi yenilənir. Yuxunun kifayət qədər olmaması isə yaddaş problemlərinə, diqqət çatışmazlığına və zehni performansın azalmasına gətirib çıxarır.
Nevroloq onu da qeyd edib ki, uzunmüddətli stress beynin əsas düşmənlərindən hesab olunur. Stress zamanı ifraz olunan hormonlar beynin yaddaş və öyrənmə funksiyalarına cavabdeh olan sahələrinə mənfi təsir göstərir. Bu isə zamanla unutqanlıq və konsentrasiya problemlərinin yaranmasına səbəb ola bilər.
Günay Rəhimovanın fikrincə, fiziki hərəkətsizlik də beyin sağlamlığı üçün ciddi risk yaradır. Həkim bildirib ki, aktiv həyat tərzi beyinə qan axınını yaxşılaşdırır, hüceyrələrin oksigenlə təminatını artırır və yeni sinir əlaqələrinin formalaşmasına kömək edir. Əksinə, oturaq həyat tərzi beynin fəaliyyətinin zəifləməsinə şərait yaradır.
Mütəxəssis sağlam olmayan qidalanmanın da beyin qocalmasını sürətləndirən amillərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, həddindən artıq şəkərli, yağlı və emal olunmuş qidaların qəbulu beyində iltihabi prosesləri artırır. Bunun əksinə olaraq, tərəvəz, meyvə, balıq və omeqa-3 yağ turşuları ilə zəngin qidalar beyin funksiyalarının qorunmasına müsbət təsir göstərir.
Həkim bildirib ki, sosial təcrid və zehni fəaliyyətsizlik də beynin vaxtından əvvəl qocalmasına səbəb ola bilər. Onun sözlərinə görə, mütəmadi olaraq kitab oxumaq, yeni biliklər əldə etmək, müxtəlif intellektual fəaliyyətlərlə məşğul olmaq və sosial əlaqələri qorumaq beynin aktivliyini saxlayır və idrak qabiliyyətlərinin zəifləməsinin qarşısını alır.
Nevroloqun diqqət çəkdiyi digər məqam isə bəzi xəstəliklər və infeksiyaların beyin fəaliyyətinə təsiridir. O qeyd edib ki, müxtəlif infeksiyalar və xroniki xəstəliklər sinir sisteminə mənfi təsir göstərərək yaddaş, diqqət və düşünmə proseslərində problemlərə yol aça bilər.
Sonda Aynurə Uaubova vurğulayıb ki, beyin sağlamlığını qorumaq üçün düzgün həyat tərzi vərdişləri formalaşdırmaq olduqca vacibdir. Kifayət qədər yuxu, balanslı qidalanma, müntəzəm fiziki aktivlik, stressin idarə olunması və zehni fəaliyyətin davamlı saxlanılması beynin daha uzun müddət sağlam və funksional qalmasına kömək edir. Mütəxəssisin fikrincə, bu sadə qaydalara əməl etməklə beynin vaxtından əvvəl qocalmasının qarşısını almaq və gələcəkdə nevroloji xəstəliklərin riskini azaltmaq mümkündür.
Nurəngiz Adilqızı
XQ

