Azərbaycan Formula 1 tərəfindən dəstəklənən beynəlxalq STEM Racing proqramına rəsmi olaraq qoşulub. Ölkədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən icra olunan layihə mühəndislik təhsilinin təşviqinə və gənclərin yüksək texnologiyalar sahəsində gələcək karyera üçün zəruri bilik və bacarıqlara yiyələnməsinə xidmət edir.
Belə ki, proqram çərçivəsində iştirakçıların hazırlığı üçün nəzərdə tutulmuş xüsusi təlim mərkəzi – STEM Racing Hub-un açılışı baş tutub. Yeni mərkəz komandaların yarış modellərinin layihələndirilməsi, istehsalı və təkmilləşdirilməsi istiqamətində praktiki fəaliyyət göstərmələri üçün təsis edilib.
Layihənin təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov təşəbbüsün əhəmiyyətini vurğulayıb:
“Ölkəmizin bu qlobal platformanın bir hissəsinə çevrilməsi sevindirici haldır. STEM Racing proqramı məktəblilərə yalnız texniki biliklər qazandırmır, eyni zamanda komanda işi, liderlik və layihələrin idarə olunması kimi vacib bacarıqların inkişafına şərait yaradır. Proqram iştirakçılarının bir çoxu sonradan mühəndislik ixtisasları üzrə təhsil alır, qabaqcıl texnologiya şirkətlərində çalışır və hətta Formula 1-də karyera qururlar. İnanıram ki, komandamızın dünya finalında iştirakı ölkəmiz üçün dəyərli təcrübə olacaq və minlərlə gəncə ilham verəcək.”
Proqram çərçivəsində yaradılmış “Caspian Apex” komandası ilk dəfə olaraq Azərbaycanı dünya finalında təmsil edəcək. Yarış 2026-cı il 3–8 oktyabr tarixlərində Sinqapurda (Sentosa adası) keçirilməklə dünyanın müxtəlif ölkələrindən ən güclü gənc mühəndis komandalarını bir araya gətirəcək.
STEM Racing proqramının iştirakçıları Formula 1 komandalarının iş prinsiplərinə uyğun fəaliyyət göstərirlər. Hər iştirakçı müəyyən istiqamət üzrə cavabdehdir. Məktəblilər mühəndislik proqramlarından istifadə etməklə yarış modelini layihələndirir, aerodinamik hesablamalar aparır, hissələri 3D printerlər vasitəsilə hazırlayır, sınaqlar həyata keçirir, eyni zamanda marketinq, tərəfdaşlarla iş və təqdimatların hazırlanması istiqamətlərində fəaliyyət göstərirlər.
Proqram çərçivəsində, həmçinin 2027-ci ildə Azərbaycanda ilk STEM Racing üzrə milli çempionatın keçirilməsi planlaşdırılır. Çempionatın qalibi ölkəni dünya finalında təmsil etmək hüququ qazanacaq.






