Milli Kitabxana Avropa Konfransında

post-img

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Avropa Milli Kitabxanaları Konfransının (CENL) Lüksemburqda keçirilən növbəti illik iclasında iştirak edib.

CENL Avropanın 45 ölkəsinin milli kitabxanalarını birləşdirən beynəlxalq təşkilatdır. Hər il ənənəvi olaraq müxtəlif ölkələrdə təşkil olunan toplantıya bu il Lüksemburq ev sahibliyi edir. Açılış mərasimində CENL-in sədri Frank Şolts və ev sahibi Lüksemburq Milli Kitabxanasının baş direktoru Klaude Konter konfransın işinə uğurlar arzulayıblar. Sonra konfransın 2025-ci ildə Şotlandiya Milli Kitabxanasında keçirilən 39-cu iclasının protokolu və hesabatı müzakirə edilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov beynəlxalq əməkdaşlığın, mədəni əlaqələrin möhkəmləndirilməsinin və milli kitabxanalar arasında təcrübə mübadiləsinin müasir kitabxanaçılıq işinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Konfrans çərçivəsində keçirilən sessiyalarda kitabxanalarda süni intellektin tətbiqi, rəqəmsal mədəni irsin idarə olunması, elektron qanuni depozit sistemi, müəllif hüquqları, qlobal dayanıqlı informasiya şəbəkələri, rəqəmsal kolleksiyaların mühafizəsi və beynəlxalq əməkdaşlıq modelləri geniş müzakirə olunub.

XQ

Sosial həyat