Yeni Göz Mərkəzi ölkənin nümunəvi klinikalarından biridir
Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında Sumqayıtda fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasının yenidənqurmadan sonra açılışında şəxsən iştirak edərək tibb ocağının fəaliyyətinə xeyir-dua vermiş, burada xidmətin əhatə dairəsinin daha da genişləndirilməsini tövsiyə etmişdi. Budur, artıq 2 aydır ki, çoxprofilli tibb ocağında yeni Göz Mərkəzi də fəaliyyətə başlayıb.
Dünən gözlərinin peşəkar müayinəsinə ehtiyacı olan dostumla oraya getmişdim. Qarşılanma, personalın səmimi davranışları, xidmətin yüksək səviyyəsi müasir avadanlıqlarla təchiz edilmiş xəstəxananın səliqə-sahmanını, dörd yanının gözəlliyini layiqincə tamamlayırdı. Tibb ocağının baş həkimi Arzu Bəndəliyeva ilə söhbətimizdə bir daha əmin olduq ki, Hippokrat andına sadiq heyətin ən ümdə məqsədi əhalinin sağlamlığının qorunması, xəstələrin hərtərəfli tibbi xidmətlərlə əhatə olunmasıdır.
Göz Mərkəzinin növbəti uğurlu əmliyyatdan yenicə çıxmış rəhbəri – cərrah-oftalmolq Leyla Qəhrəmanova bizə göstərilən xidmətlər barədə məlumat verərək bildirdi ki, Mərkəz Sumqayıt şəhəri ilə yanaşı, Abşeron–Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edir. Bura dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub. Eyni zamanda, son dərəcə dəqiq fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb.
Dostumda hansı retina damar patologiyaların olmasının aşkarlanması üçün onu mərkəzdə quraşdırılan angioqrafiya sistemi ilə müayinə etdilər. Həkim dedi ki, bu vasitə bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır. Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq. Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərir. Leyla Qəhrəmanova özü 10 il Səudiyyə Ərəbistanında çalışıb, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Onun rəhbərliyi ilə 12-si həkim olmaqla, ümumilikdə, 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərir.
Onu da deyim ki, mərkəzdə bir şox vətəndaşlar kimi, dostum da icbari tibbi sığortanın “Xidmətlər Zərfi” çərçivəsində ödənişsiz əsaslarla xidmət göstərilməsindən məmnun qaldı və oftalmoloqun məsləhətlərinə sözsüz əməl edəcəyini bildirdi.
Söhbət etdiyimiz xəstələr yeni Göz Mərkəzinin istifadəyə verilməsini regionda oftalmoloji müayinə və müalicələrin əlçatanlığını əhəmiyyətli dərəcədə artırdığını, paytaxta üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlandıqlarını söylədilər.
Xoş təəssüratla ayrıldığımız 2 nömrəli Şəhər Xəstəxananın və oradakı yeni Göz Mərkəzinin kollektivini peşə bayramı münasibətilə təbrik edir, “Hər zaman əliniz yüngül olsun!” – deyirik.
Əli NƏCƏFXANLI
XQ


