Azərbaycan dövləti milli səhiyyənin davamlı inkişafını təmin edir
Həyatın təhlükədə olduğu anlarda insanın ilk üz tutduğu, axtardığı tibb işçiləridir. Gecənin hansı saatı olmasından, günün nə qədər çətin keçməsindən asılı olmayaraq, onlar hər zaman insanların sağlamlığı keşiyində dayanıblar.
Azərbaycan səhiyyəsinin bu missiyası tibb işçilərinin cəmiyyət həyatındakı əvəzsiz yeri həmişə məmnunluq doğurur, qədirbilənliklə qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, hər il 17 iyun ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı kimi qeyd edilir, xalqımızın səhiyyə ordusuna dərin ehtiramı və minnətdarlığı ucadan səslənir.
İlkin HƏŞIMOV,
Abşeron Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri, uzman həkim:
– Son illər ölkəmizdə səhiyyə sahəsində ciddi irəliləyişlər müşahidə olunur. Yeni müasir xəstəxanaların inşası, tibbi avadanlıqların yenilənməsi və diaqnostik imkanların genişləndirilməsi tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərir. Bununla yanaşı, həkimlərin xarici ölkələrdə təcrübə qazanması və ixtisaslarını artırması üçün yaradılan şərait də mühüm rol oynayır. Bütün bu addımlar səhiyyə sisteminin daha peşəkar və çevik işləməsinə imkan yaradır. Tibb İşçilərinin Peşə Bayramının qeyd edilməsi səhiyyə sahəsində çalışan insanların zəhmətinin qiymətləndirilməsi və onların fədakarlığına verilən yüksək dəyərin göstəricisidir.
Hər bir cərrahın yaddaşında silinməz iz buraxan xəstələri olur. Mənim üçün də ən unudulmaz anlardan biri ağır vəziyyətdə, ümidsiz halda qəbul etdiyim 20 yaşlı xəstənin uğurlu əməliyyatdan sonra tam sağalaraq həyata qayıtmasıdır. Həmin anda xəstənin və onun yaxınlarının sevincini görmək peşəmizin nə qədər məsuliyyətli, eyni zamanda, dəyərli olduğunu bir daha göstərir. Hər uğurlu əməliyyat, sağalan xəstə mənim üçün ən böyük motivasiyadır.
Samir CAVADLI,
ATU-nun kafedra müdiri, dosent:
– Səhiyyə sahəsində baş verən dəyişikliklər, rəqəmsallaşma və təhsil prosesində yeni yanaşmaların tətbiqi praktik tibbi fəaliyyəti, kadr hazırlığını sistemli və effektiv hala gətirib. Müasir texnologiyalar işimizi sürətləndirməklə yanaşı, qərarvermə prosesində də dəqiqliyi artırır. Məlumatların operativ əldə olunması və tədrisin daha interaktiv formada aparılması həm həkimlər, həm də tələbələr üçün böyük üstünlüklər yaradır. Yaxşı həkimi fərqləndirən əsas xüsusiyyət doğru anda düzgün qərar qəbul etmək və xəstəyə güvən hissi verə bilmək bacarığıdır.
Peşə fəaliyyətimdə əsaslandığım dəyərlər məsuliyyət, dürüstlük və insanlara hörmətdir. Ən vacib məqam isə daim öyrənmək və hər xəstəyə fərdi yanaşmaqdır. İş həyatımda ən yaddaqalan anlarından biri tələbələrimin ilk dəfə real klinik vəziyyətdə öz qərarlarını verib uğurlu nəticə əldə etmələrini izləmək olub. Bir daha əmin oldum ki, doğru istiqamət vermək bəzən birbaşa müalicə qədər dəyərlidir.
Sevil NURİYEVA,
oftolmoloq:
– Tibb İşçilərinin Peşə Bayramı fədakar həkimlərin əməyinə verilən dəyərin ifadəsidir. Xəstələrin əməliyyatdan sonra gözlərinə nur gəlməsinin sevincini yaşamaq ən böyük mənəvi qazancdır.
Kollektivdə qarşılıqlı etimad, yüksək peşəkarlıq, birlik və həmrəylik tibbi xidmətin keyfiyyətinə, əməkdaşların daha səmərəli fəaliyyətinə müsbət təsir göstərir.
Mənim həkim kimi uğur qazanmağımda atamın çox böyük rolu olub. O, həkim-radioloq kimi ömrünü tibbə həsr edib və böyük hörmət qazanıb, insanlara göstərdiyi qayğı, peşəsinə sədaqət və yorulmaz fəaliyyəti isə mənim üçün örnəkdir.
Rəhilə MİRCAVADLI,
ATU-nun müəllimi:
– Müasir texnologiyalar klinik və pedaqoji fəaliyyətdə mühüm rol oynayır. Onlar daha dəqiq klinik qərarların verilməsinə, diaqnozların düzgün qoyulmasına, tədris prosesində tələbələrin bilik və bacarıqlarının daha effektiv formalaşmasına imkan yaradır.
Peşə fəaliyyətimdə əsas dəyərlər hər bir xəstəyə, tələbəyə hörmət və diqqətlə yanaşmaqdır. Tibb işçilərinin peşə bayramı seçdiyimiz peşənin məsuliyyətini, dəyərini və cəmiyyət qarşısında daşıdığımız məsuliyyəti xatırladır.
Klinik təcrübəmdə unudulmaz anlardan biri diaqnozu son dərəcə mürəkkəb olan bir pasiyentin multidissiplinar komandanın birgə və gərgin işi nəticəsində sağalmasıdır. Həmin gün pasiyentin sevinc göz yaşları və səmimi təşəkkürü mənə bu peşənin nə qədər məsuliyyətli, nə qədər vacib olduğunu bir daha hiss etdirdi.
Rübabə QULİYEVA,
2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi:
– Xəstəxana şəraitində pasiyentlə ən çox ünsiyyətdə olan məhz tibb bacısıdır və buna görə də onun davranışı müalicə prosesinə birbaşa təsir göstərir. O, həkimin təyin etdiyi dərmanların vaxtında qəbul olunmasına nəzarət edir, inyeksiya, sarğı və digər tibbi prosedurları yerinə yetirir. Bununla yanaşı, tibb bacısı xəstələrin gigiyenik qulluğunu təşkil edir, tibbi sənədləşməni aparır və təcili hallarda ilkin tibbi yardım göstərir.
Tibb işçilərinin fəaliyyəti peşə öhdəliyi, həm də humanist dəyərlərin təcəssümüdür. Onların gündəlik fədakarlığı sayəsində minlərlə insan sağlamlığına qovuşur, cəmiyyət isə daha güclü və dayanıqlı olur.
Ləman TƏHMƏZ
XQ

