6G şəbəkələrindəki "ölü zonalar"a son: Finlandiya alimləri enerjisiz işləyən 3D güzgülər icad ediblər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gələcəyin yüksək tezlikli 6G rabitə standartının radio dalğaları yüksək sürət vəd etsə də, onların maneələrin ətrafından fırlanmaq və divarlardan keçmək qabiliyyəti demək olar ki, yox dərəcəsindədir. Finlandiyanın Aalto Universitetinin mütəxəssisləri bu qlobal problemi həll etmək üçün heç bir elektrik enerjisi və mikrosxem tələb etməyən, xüsusi daxili həndəsi quruluşa malik passiv üçölçümlü metakristal lövhələr hazırlayıblar. Bu lövhələr bahalı aktiv retranslyatorlar (təkrarlayıcılar) olmadan radio dalğalarını çətin keçilən nöqtələrə yönləndirir. Tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.

Zirzəmilərdə, anbarlarda və ya uzun koridorlarda rabitənin kəsilməsi problemi istifadəçilər üçün hələ də aktualdır. 6G şəbəkələrinin tətbiqi ilə bu vəziyyət daha da mürəkkəbləşəcək. Yeni nəsil şəbəkələr böyük həcmli verilənlərin ötürülməsi gücünə malik olsa da, onların yüksək tezlikli dalğaları divarlar, daxili interyer elementləri və hətta insan kütləsi tərəfindən asanlıqla bloklanır. Bu problemi həll etmək üçün ənənəvi olaraq əlavə antenaların montajı, naqillərin çəkilməsi və qidalandırıcı şəbəkə tələb olunurdu. Finlandiyalı alimlərin təklif etdiyi texnologiya isə radio dalğaları üçün xüsusi "güzgü" rolunu oynayan tamamilə passiv strukturlara əsaslanır.

Bu panellər metakristal adlanan həcmli elementlərdən ibarətdir və sırf öz daxili həndəsi forması sayəsində işləyir. Onlar eyni anda bir neçə fərqli daxil olan siqnalı və ya tezlik diapazonunu emal edə bilirlər. Lövhələr həm dalğaları əks etdirmək, həm də onları özündən keçirmək (ötürmək) rejimində fəaliyyət göstərir, zərurət yarandıqda isə kənar parazit siqnalları tamamilə udur.

Ən böyük üstünlüklərdən biri budur ki, bu panelləri adi 3D printer vasitəsilə plastikdən istehsal etmək mümkündür və bir detal üçün sərf olunan materialın maya dəyəri cəmi bir neçə on avro təşkil edir. Bu, panellərin formasını konkret otağın, binanın və ya zavod sexinin memarlıq xüsusiyyətlərinə uyğun olaraq sürətlə adaptasiya etməyə imkan verir. Alimlər artıq gələcəkdə planlaşdırılması tez-tez dəyişən dinamik zonalar üçün tənzimlənən xüsusi lövhə versiyaları üzərində işləməyi hədəfləyirlər.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Elm