DÇ–2026-da 17 və 18 iyun tarixlərində K və L qruplarında qrup mərhələsinin ilk oyunları keçirilib və ümumilikdə 13 qol vurulub.
K qrupu çərçivəsində baş tutan Portuqaliya – Konqo Demokratik Respublikası qarşılaşması ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) yerləşən “Hyuston stadionu”nda keçirilib. 68 min 777 azarkeşin izlədiyi Portuqaliya – Konqo qarşılaşması 1–1 hesabı ilə başa çatıb. Oyunun 6-cı dəqiqəsində Portuqaliya millisinin gənc yarımmüdafiəçisi Joao Neves Pedro Netonun ötürməsindən sonra baş zərbəsi ilə hesabı açıb.
45+5-ci dəqiqə Konqonun hücumçusu Yoane Vissa Artur Masuakunun asmasını başla tora göndərərək hesabı bərabərləşdirib. Bu qol, Konqonun dünya çempionatları tarixində vurduğu ilk qol kimi tarixə düşüb. Hər iki komanda turnirə bir xalla başlayıb.
Günün ən məhsuldar və dramatik qarşılaşması L qrupunda İngiltərə – Xorvatiya oyunu olub. ABŞ-ın Arlinqton şəhərində “Dallas stadionu”nda keçirilən görüşdə İngiltərə komandasının heyətində Harri Keyn dubl edib (12-ci dəqiqədə penaltidən və 42-ci dəqiqədə), digər qolları isə 47-ci dəqiqədə Cud Bellingem və 85-ci dəqiqədə Markus Reşford vurub. Xorvatiya heyətində isə Martin Baturina (36) və Petar Musa (45+5) fərqləniblər–4:2
L qrupunun digər oyununda Qana millisi Panama üzərində minimal hesabla qələbə qazanaraq vacib 3 xal əldə edib –1:0. Kanadanın Toronto şəhərində, turnir zamanı rəsmi olaraq “Toronto stadionu”nda baş tutan görüşdə matçın taleyini həll edən yeganə qolu 90+5-ci dəqiqədə Qana millisinin yarımmüdafiəçisi Kaleb Yirenki vurub.
K qrupunda keçirilən Özbəkistan – Kolumbiya matçı 1:3 hesabı ilə başa çatıb. Mexiko şəhərində baş tutan oyunda Cənubi Amerika təmsilçisinin qollarını Daniel Munoz (40), Luis Diaz (65) və Caminton Kampaz (90+9) vurub. Dünya çempionatıları tarixində ilk dəfə təmsil olunan Özbəkistan millisinin yeganə təsəlli qoluna isə 60-cı dəqiqədə Abbasbəy Fayzullayev imza atıb. Beləliklə, qrup mərhələsi oyunlarının birinci turu başa çatıb.
Dünən axşam A qrupu çərçivəsində baş tutan Çexiya – Cənubi Afrika Respublikası qarşılaşması ilə 2-ci turun oyunlarına start verildi. Qeyd edək ki, hər iki komanda qrupdakı ilk oyunlarında məğlub olduqları üçün (Çexiya Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 uduzub), pley-off şanslarını qorumaq üçün bu görüşdə mütləq qələbə qazanmağa çalışdılar. CAR millisi ilk oyunda qırmızı vərəqə alan əsas yarımmüdafiəçiləri Temba Zvane və Sphephelo Sithole olmadan meydana çıxdı. ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı), turnir zamanı rəsmi olaraq “Atlanta Stadionu” adlandırılan məşhur Mercedes-Benz Stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Avropalıların heyətində Mixal Sadilek 6-cı dəqiqədə çexiyalıları hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Teboho Mokoena penalti zərbəsini dəqiq yerinə yetirərək CAR yığmasına 1 xal qazandırıb.
Dünən gecə yarısı B qrupunda mübarizə aparan İsveçrə və Bosniya və Herseqovina milliləri üz-üzə gəlib. Oyun ABŞ-ın San-Fransisko (Santa-Klara) şəhərindəki “San-Fransisko Bay Area stadionu”nda keçirilib.
Q.YUSİFOĞLU
XQ





