Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsi məqsədilə son illərdə qeyri-neft sektorunun genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. İqtisadiyyatın şaxələndirilməsi, neft gəlirlərindən asılılığın azaldılması və yeni inkişaf mənbələrinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar qeyri-neft sektorunun inkişafına təkan verib.
Son illərdə qəbul edilmiş dövlət proqramları, institusional islahatlar və sahibkarlığın təşviqi mexanizmləri qeyri-neft sahələrinin inkişafı üçün əlverişli şərait yaradıb. Vergi və gömrük sistemində aparılan təkmilləşdirmələr, investisiya mühitinin yaxşılaşdırılması və biznes fəaliyyətinin stimullaşdırılması özəl sektorun fəallığının artmasına müsbət təsir göstərib.
Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kənd təsərrüfatıdır. Azərbaycanın əlverişli iqlim şəraiti və zəngin torpaq ehtiyatları aqrar sahənin inkişafı üçün geniş imkanlar yaradır. Dövlət tərəfindən fermerlərə göstərilən maliyyə dəstəyi, subsidiyalar və müasir texnologiyaların tətbiqi kənd təsərrüfatı məhsullarının istehsalının artmasına şərait yaradıb. Eyni zamanda, emal sənayesinin inkişafı kənd təsərrüfatı məhsullarının əlavə dəyərinin artırılmasına imkan verir.
Turizm sektoru da qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən biridir. Azərbaycanın zəngin tarixi-mədəni irsi, əlverişli coğrafi mövqeyi və müasir turizm infrastrukturu ölkəyə gələn turistlərin sayının artmasına səbəb olub. Turizm sahəsinin inkişafı xidmət sektorunun genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
Nəqliyyat-logistika imkanlarının genişləndirilməsi də qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəni regionun mühüm tranzit mərkəzlərindən birinə çevirib. Müasir liman, dəmir yolu və avtomobil infrastrukturu ölkənin tranzit potensialının daha da artırılmasına xidmət edir.
Sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, rəqəmsallaşma prosesinin sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və kiçik və orta sahibkarlığa göstərilən dəstək də qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir. Xüsusilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və “yaşıl enerji” sahələri gələcək inkişafın perspektiv istiqamətləri hesab olunur.
Qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyır. Yerli istehsalçıların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, ixrac missiyalarının təşkili, “Made in Azerbaijan” brendinin təşviqi və ixrac mexanizmlərinin təkmilləşdirilməsi ölkənin ixrac potensialının artırılmasına xidmət edir.
Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3,65 dəfə artaraq 5,1 milyard ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, kəskin artım Azərbaycan Dövlət Neft Fonduna məxsus qeyri-monetar qızılın satışa çıxarılması ilə bağlıdır.
Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər sırasında qeyri-neft məhsullarının ixracının dəstəklənməsi xüsusi yer tutur. Bu məqsədlə mühüm addımlar atılır, fərman və sərəncamlar imzalanır, dövlət proqramları qəbul edilir. Prezident İlham Əliyevin iyunun 16-da imzaladığı “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı da məhz bu istiqamətdə atılan növbəti addımdır. Sənədə əsasən, Azərbaycanda istehsal olunan qeyri-neft-qaz məhsullarının ixracının təşviqi məqsədilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ixrac rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya dəstəyi göstəriləcək. Dəstək ixracatçıların müraciəti əsasında hər rübün yekununda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.
İqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlar ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsini dövlət hesabına geri ala biləcəklər:
– Lakin fərman hələ konkret məhsulları, ölkələri və kompensasiya məbləğlərini müəyyən etmir. Bunun üçün müvafiq qurumlara 3 ay müddətində mühüm tapşırıqlar verilib. Yəni növbəti mərhələdə hansı qeyri-neft məhsullarının dəstək alacağı, hansı ölkələrə ixrac zamanı kompensasiya veriləcəyi, bir bəyannamə üzrə maksimum dəstək məbləğinin nə qədər olacağı, müraciət və ödəniş mexanizminin necə işləyəcəyi müəyyən ediləcək. Başqa sözlə, bu fərman ixracın dəstəklənməsi üçün yeni maliyyə mexanizminin hüquqi əsasını yaradır. Bu addım qeyri-neft ixracının artırılması, yerli xarici bazarlarda rəqabət qabiliyyətinin gücləndirilməsi və ixracatçıların xərclərinin azaldılması baxımından əhəmiyyətli qərar kimi qiymətləndirilə bilər. Düşünürəm ki, fərmandan irəli gələn mexanizm hazırlanarkən 5 məsələyə xüsusi diqqət yetirilməsi ümumi işin xeyrinə olardı.
Birincisi, dəstək bütün qeyri-neft məhsullarına avtomatik şəkildə tətbiq edilməməlidir. Məhsullar seçilərkən onların strateji əhəmiyyəti, daxili tələbatın ödənilməsindəki rolu və ixrac potensialı nəzərə alınmalıdır. Əgər hər hansı məhsulun daxili bazarda istifadəsi və ölkə iqtisadiyyatına və Azərbaycan istehlakçısına verdiyi fayda onun ixracından əldə olunan faydadan daha yüksəkdirsə, həmin məhsulun ixracı təşviq edilməməlidir. Dəstək əsasən ölkəyə əlavə gəlir gətirən və ixracı milli maraqlara uyğun olan məhsullara yönəldilməlidir.
İkincisi, ixrac ölkələri və ya ölkə qrupları müəyyən edilərkən daha uzunmüddətli perspektivdən yanaşmaq məqsədəuyğun olar. Hüquqi bazanın tez-tez dəyişdirilməsi praktik olmadığı üçün potensial ixrac bazaları mümkün qədər geniş nəzərə alınmalıdır. Nəticədə, dəstək yalnız faktiki ixrac həyata keçirildikdə veriləcəyindən, geniş yanaşma gələcək imkanların qarşısını almadan çevikliyi təmin edə bilər.
Üçüncüsü, dövlət vəsaitinin necə bölüşdürüləcəyi aydın və şəffaf meyarlarla müəyyən edilməlidir ki, sahibkarlar hansı şərtlərlə dəstək ala biləcəklərini əvvəlcədən bilsinlər.
Dördüncüsü, müraciət prosesi mümkün qədər sadə olmalıdır. Kiçik və orta sahibkarlar əlavə bürokratik maneələrlə qarşılaşmamalıdırlar.
Nəhayət, beşincisi, bu dəstəyin necə real nəticə verib-vermədiyini ölçmək üçün konkret göstəricilər müəyyən edilməli və proqram mütəmadi olaraq qiymətləndirilməlidir. Yəni dövlət vəsaiti ayrılırsa, bunun ixracın artmasına, yeni bazarların qazanılmasına və sahibkarların xərclərinin azalmasına nə dərəcədə təsir etdiyi də izlənilməlidir. Düşünürəm ki, bu məqamlar nəzərə alınarsa, yeni mexanizm həm sahibkarlar, həm də ölkənin qeyri-neft ixracının inkişafı baxımından daha faydalı ola bilər.
Musa BAĞIRLI
XQ


