Demokratik mətbuat tariximizə töhfə

post-img

Jurnalist Bəkir Nərimanoğlunun ötən əsrin sonlarında dövlət müstəqilliyimiz uğrunda xalq hərəkatının və I Qarabağ müharibəsinin başlandığı dövrə aid olan mətbu orqanlar haqqında “Azərbaycan mətbuatı müstəqillik yollarında (1988–1991)” adlı kitabı işıq üzü görüb.

Yeni topluda həmin illərdə buraxılmağa başlamış “Azərbaycan”, “Qarabağ”, “Aydınlıq”, “Səs”, “Azadlıq”, “Səhər”, “Həyat”, “Ayna”, “Vətən səsi” və s. qəzetlər, “Gənclik”, “Xəzər” jurnalları, “Turan”, “AssA-İradə” kimi xəbər agentlikləri barədə biblioqrafik, tarixi və təhlili məlumatlar yer alıb.

Qeyd edək ki, buna qədər də sözügedən dövrə aid bəzi araşdırma nəşrləri olub. Məsələn, tanınmış mətbuat tədqiqatçısı, mərhum professor Şirməmməd Hüseynovun 1988–1993-cü illərdə mətbuatda dərc olunan, xüsusən milli istiqlal yoluna və mətbuat tarixinə işıq salan “Müstəqilliyin çətin yolu... Biz hara gedirik?” məqalələr toplusu, Bayram Hüseynzadənin keçid dövrü mediasının strukturuna aid “Azərbaycan Respublikasında demokratik mətbuatın formalaşması (1991–2005)” elmi əsəri, Qahirə Hüseynovanın “Azərbaycanın müstəqilliyi uğrunda mübarizə dövründə Naxçıvan Muxtar Respublikasında demokratik mətbuatın təşəkkülü və inkişafı (1988–1993)” adlı dissertasiya işi və sair. Həmçinin mərhum Nəsiman Yaqublu “Azərbaycan mətbuatı: Gizli nəşrlər” kitabını yazaraq ərsəyə gətirib. Faiq Hüsiyevin “Xarici ölkələrdə Azərbaycan mətbuatı: 1990–2005-ci illər” kitabı da bu sıradandır.

Bəkir Nərimanoğlu isə kitabında milli müstəqilliyin hədəfləndiyi xalq hərəkatı dövründə yeni yaranan, adı dəyişən, eləcə də qısa bir müddətdə buraxılan mətbu orqanlar barədə konkret faktlardan ibarət materiallarını və məqalələrini ipə-sapa düzüb. Müəllif araşdırmalarında elmi-nəzəri ümumiləşdirmələrə, fərdi təhlil, bioqrafik təqdimat, faktoloji məlumat tələblərinə xüsusi önəm verib.

Kitabın ilk bölümündə “yenidənqurma”nın təsiri və sovet hakimiyyətinin iflası ilə bağlı yaranan şəraitdə təsis edilmiş dövri-ədəbi mətbuat nümunələrindən bəhs olunur. “Azərbaycan”ın dönüşü”, “Həyat”, “Məmməd əminin “Gənclik”i, “Mətbuatın “Ayna”sı”, Azərbaycan xalqına bəxş olunan ilk “Azadlıq”, “Qaranlıqdan “Aydınlıq”a, “Qərbi azərbaycanlıların “Vətən səsi”, “Hüquqşünasların “Ədalət”i” və başqa kütləvi informasiya vasitələrindən söhbət açılır.

“Adı dəyişənlər” bölümündə “Xalq qəzeti” (“Kommunisi”), “Şərq qapısı” (“Sovet Naxçıvanı”), “Bərəkət” (“Sovet kəndi”), “Savalan” (“Azərbaycan pioneri”), “Ədəbiyyat” (“Ədəbiyyat və incəsənət”), “İki sahil” (“Zavod həyatı”) barədə müfəssəl məlumatlar verilir.

“Qısa-qısa” adlanan 3-cü bölüm isə o dövrdə müəyyən müddət buraxılmış mətbu orqanları əhatə edir. Burada “Yol”, Yeni fikir”, “Mədəniyyət”, “Sirlər xəzinəsi”, “Şəfqət”, “Dalğa”, “Açıq söz”, ümumiyyətlə, 17 adda qəzetdən bəhs olunur.

Bəkir Nərimanoğlu “Müəllifdən” adlı Ön sözündə xatırladır ki, həmin dövrdə Azərbaycanda əsl qəzet bumu yaşanıb. Bir çox dövlət təşkilatları və ictimai qurumların yeni nəşrləri fəaliyyətə başlayıb. Kitabda, əsasən, dövlət qeydiyyatından keçərək çap olunan media orqanları haqqında məlumatlar verilib. Həmçinin qeyd edilib ki, “Samizdat” (senzurasız, özbaşına) nəşrlərlə bağlı ayrıca kitab da çapa hazırlanır. Məqalələr yazılarkən arxivlərdən istifadə edilib, nəşrlərin qurucuları və əməkdaşlarından müsahibələr alınıb.

Məsələn, “Kommunist”dən “Xalq”a” adlanan məqalədə göstərilir ki, sözügedən qəzet “Kommunist” adı ilə son dəfə 24 avqust 1991-ci ildə dərc olunub. 27 avqust 1991-ci ildən “Xalq qəzeti” adı ilə fəaliyyətini davam etdirir. Hələ bundan xeyli əvvəl – 20 yanvar hadisələri ilə bağlı qəzetin kollektivi “Kommunist” adından imtina etmişdi. Hətta redaksiya binasının girişindəki lövhələr çıxarılmış, damdakı “Kommunist” yazılmış və şəhərin yuxarı məhəllələrindən aydın görünən 10 metrlik nəhəng reklam birdəfəlik söndürülmüşdü. Lakin Mərkəzi Komitədən olan “ixtiyar sahibləri” adın dəyişdirilməsinə təxminən ilyarım icazə verməmişdilər. Yalnız, məlum QKÇP-nin süqutundan sonra bu, mümkün oldu və mərhum baş redaktor Tofiq Rüstəmovun təklifi ilə gündəlik nəşr “Xalq qəzeti” adı ilə buraxılmağa başladı... Bütün bunlar barədə müəllifə müsahibəsində 1988-ci ildən qəzetdə çalışan, hazırda baş redaktor müavini olan Əməkdar jurnalist Tahir Aydınoğlu ətraflı və səlis məlumat verib.

Nəhayət, qeyd edək ki, Bəkir Nərimanoğlunun Azərbaycan mətbuatşünaslığına sanballı töhfə olan kitabında ayrı-ayrı kütləvi çap nümunələrinin müfəssəl tədqiqi, elmi-kütləvi dövriyyəyə daxil edilməsi bu yeni nəşri tarix, filologiya, mətbuat, ümumilikdə, humanitar sahədə çalışan və təhsil alanlar üçün dəyərli vəsait kimi ortaya qoyur.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət