XXI əsrin iqtisadi reallıqları göstərir ki, müasir dövrdə dövlətlərin və şirkətlərin inkişaf səviyyəsi rəqabət üstünlüyü ilə yanaşı, həm də təbii sərvətlər, maliyyə resursları, eləcə də ənənəvi istehsal amilləri ilə müəyyən edilir. Bu zaman rəqəmsal texnologiyaların tətbiq edilməsi, böyük məlumat bazalarının idarə olunması və süni intellekt imkanlarından səmərəli yararlanılması əsas məsələlər sırasında önə keçir. Belə bir şəraitdə Azərbaycanda da qlobal çağırışlar vaxtında dəyərləndirilərək iqtisadiyyatın rəqəmsal keçidinə dövlət siyasətinin də üstün istiqamətlərindən biri kimi yanaşılır.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun bu günlərdə ölkə mediasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər də respublikada həyata keçirilən rəqəmsal inkişaf strategiyasının mahiyyəti və perspektivləri barədə aydın təsəvvür yaradır. Nazir rəqəmsallaşmanın təkcə iqtisadiyyatın ayrıca bir sahəsi deyil, eyni zamanda, bütün iqtisadi fəaliyyət növlərinin ayrılmaz tərkib hissəsi kimi diqqət çəkdiyini vurğulayaraq, rəqəmsal savadlılıq və rəqəmsal həllərdən istifadə bacarığının bu gün müəssisələrin, sahibkarların və bütövlükdə iqtisadi aktorların fəaliyyətinin fundamental elementi olduğunu qeyd edir.
Dünya iqtisadiyyatında son onilliklər ərzində baş verən dəyişikliklərə əsasən, rəqəmsallaşma artıq seçim deyil, zərurətdir. Enerji, nəqliyyat, sənaye, maliyyə, kənd təsərrüfatı və xidmət sektorlarında fəaliyyət göstərən aparıcı şirkətlərin uğurlarının əsas səbəblərindən biri də məhz rəqəmsal texnologiyaların və süni intellekt sahələrinin inkişafına geniş investisiya yatırılması ilə bağlıdır.
Bu gün dünyanın ən böyük korporasiyalarında istehsal proseslərinin uğurla həyata keçirilməsi, xərclərin azaldılması, müştəri xidmətlərinin təkmilləşdirilməsi və bazar tendensiyalarının proqnozlaşdırılması üçün süni intellekt həllərindən geniş istifadə edilir. Rəqəmsal texnologiyalar vasitəsilə müəssisələrdə daha az resurs sərf etməklə daha yüksək məhsuldarlıq əldə olunur.
Azərbaycan da bu qlobal transformasiyanın fəal iştirakçısı kimi çıxış edir. Bu baxımdan son illərdə ölkədə elektron hökumət xidmətlərinin genişləndirilməsi, biznes proseslərinin rəqəmsallaşdırılması, elektron ticarətin inkişafına önəm verilməsi və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində atılan mühüm addımlar xüsusilə diqqət çəkir. Mövcud sahədə – rəqəmsal iqtisadiyyat quruculuğunda növbəti mühüm addımlardan biri olan və 2025-ci ilin dekabrında qəbul olunan Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı böyük əhəmiyyət kəsb edir.
Bu proqram təkcə texnologiyaların tətbiqini deyil, bütövlükdə, iqtisadi modelin transformasiyasını hədəfləyir. Proqram çərçivəsində 2026-cı ildə müəyyənləşdirilən 15 müəssisə üçün rəqəmsal transformasiya yol xəritələrinin hazırlanması və tətbiqi nəzərdə tutulur. Bu təşəbbüsün gerçəkləşdirilməsi ilə rəqəmsal həllərin iqtisadi səmərəsinin diqqətə çatdırılməsi, başqa sözlə, praktik nümunələrlə nümayişi planlaşdırılır. Müəssisələrdə tətbiq ediləcək innovativ texnologiyalar vasitəsilə istehsal həcminin artırılması və gəlirlərin yüksəldilməsi, əməliyyat xərclərinin azaldılması gözlənilir.
İqtisadiyyatın çağdaş dili – rəqəmsallaşma
Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyalarının tətbiqi ilə ölkəmizin iqtisadi-sosial inkişafında və qlobal rəqabət mühitində mühüm uğurlar əldə edilir. Buna isə mövcud sahədə sistemli yanaşmanın diqqətdə saxlanılması ilə nail olunur. Süni intellektin genişlənməsi ilə dövlət idarəçiliyi, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrdə sürətli inkişafa yol açılır, eyni zamanda, bununla bağlı müəyyən yaranacaq təhdidlərin qarşısı alınır.
Bu məsələdə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” mühüm rol oynayır. Bu sənəd sözügedən sahədə yol xəritəsi olaraq, ilk növbədə, ölkədə süni intellekt üzrə mövcud vəziyyətin təhlilini diqqətdə saxlayır, daha sonra isə əldə edilən nəticələrə və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər çərçivəsində strateji məqsədləri hədəfləyir.
Strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını gerçəkləşdirmək üçün dövlət- özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi, elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. 2025–2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində ilkin mərhələdə süni intellekt üzrə idarəetmənin təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması və bu sahədə məsul dövlət qurumlarının müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bu məqsədlə süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni reallaşdırmaq məqsədilə normativ hüquqi bazanın hazırlanacağı, insan hüquqlarının və məlumatların məxfiliyinin diqqətdə saxlanılacağı önə çəkilir. Eyni zamanda, süni intellektin səmərəli inkişafı məqsədilə yüksək səviyyəli hesablama infrastrukturunun qurulması və süni intellekt modellərinin sürətlə işləməsi üçün bulud əsaslı resursların artırılması, eləcə də süni intellekt sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanması planlaşdırılır.
Onu da qeyd edək ki, son illərdə uğurla həyata keçirilən mühüm layihələr sayəsində Böyük Britaniyada yerləşən və süni intellekt strategiyaları üzrə ixtisaslaşan beynəlxalq təhlil və məsləhət şirkətinin – “Oksford Düşüncə Mərkəzi”nin son hesabatına əsasən, Azərbaycan “Hökumətin süni intellektə hazırlıq indeksi” üzrə 2024-cü illə müqayisədə ötən il 42 pillə irəliləyərək 195 ölkə arasında 69-cu sırada yer alıb. Bu uğur “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nda müəyyənləşdirilən tapşırıqların, eləcə də “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da nəzərdə tutulan data əsaslı məqsədlərin gerçəkləşdirilməsi, habelə rəqəmsal infrastrukturun gücləndirilməsi və sektorlar üzrə transformasiya hədəflərinə nail olunması nəticəsində əldə edilib.
Müasir rəqəmsal iqtisadiyyatın əsas komponentləri sırasında hazırda süni intellekt texnologiyaları mühüm yer alıb. Dünyada süni intellektin tətbiqi artıq istehsal, logistika, maliyyə, səhiyyə, təhsil sahələrinin və dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanda da bu istiqamətdə önəmli layihələrin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılan Rəqəmsal İnkişaf Şurasının səmərəli fəaliyyəti ilə respublikada rəqəmsal transformasiya prosesi sürətləndirilib və strateji prioritetlər müəyyənləşdirilib.
Şuranın fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də data mərkəzlərinin yaradılması və inkişafıdır. Məlumdur ki, süni intellekt sistemlərinin səmərəli fəaliyyəti böyük həcmdə məlumatların emalını tələb edir. Bu isə güclü hesablama imkanlarına malik data mərkəzlərinin mövcudluğunun zəruriliyindən xəbər verir.
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, yaxın aylarda dünyanın aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda yeni data mərkəzlərinin yaradılması ilə bağlı mühüm layihələrin elan olunması gözlənilir. Bu layihələr ölkəmizin regionun rəqəmsal texnologiyalar mərkəzlərindən birinə çevrilməsi baxımından yüksək dəyərləndirilir.
Superkompüter hansı imkanlar yaradır?
Rəqəmsal inkişafın vacib istiqamətlərindən biri də yüksək məhsuldarlıqlı hesablama sistemlərinin yaradılmasıdır. Bu gün İqtisadiyyat Nazirliyinin istifadəsindəki superkompüterin fəaliyyətinə olan yüksək tələbat respublikada süni intellekt və geniş məlumatların emalı ilə bağlı marağın sürətlə artdığını nümayiş etdirir.
Əlamətdar haldır ki, superkompüter resurslarına tələbat artıq mövcud texniki imkanları üstələyir. Bu isə bir tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində rəqəmsal transformasiyanın dərinləşdiyini, digər tərəfdən isə yeni investisiyaların zəruriliyini göstərir. Bu texnologiyalar, eyni zamanda, iqtisadi modelləşdirmə, vergi və gömrük təhlilləri, səhiyyədə diaqnostika, təhsil sistemində araşdırmalar, elmi tədqiqatlar və dövlət idarəçiliyində qərar qəbuletmə proseslərinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.
Rəqəmsal transformasiya texnoloji yanaşma olmaqla bərabər, həm də insan kapitalı məsələsidir. Ən müasir texnologiyaların tətbiqi üçün yüksək ixtisaslı kadr potensialı tələb olunur. Bu səbəbdən də universitetlərin, elmi-tədqiqat institutlarının və biznes sektorunun birgə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Süni intellekt mühəndislərinin, data analitiklərinin, proqram təminatı mütəxəssislərinin və kibertəhlükəsizlik ekspertlərinin hazırlanması ölkənin strateji prioritetləri sırasında yer alır.
Eyni zamanda beynəlxalq universitetlərlə əməkdaşlığın genişləndirilməsi Azərbaycan gənclərinin qabaqcıl bilik və texnologiyalara çıxış imkanlarını artırır. Bu əməkdaşlıq ölkədə innovasiya ekosisteminin formalaşmasına və yeni texnologiyaların daha sürətlə mənimsənilməsinə xidmət edir.
Rəqəmsal transformasiyanın mühüm nəticələrindən biri də iqtisadiyyatın şəffaflığının artırılmasıdır. Bu baxımdan son illərdə respublikada kölgə iqtisadiyyatının azaldılması istiqamətində həyata keçirilən layihələr öz müsbət nəticələri ilə xüsusi diqqət çəkir. Belə bir prosesdə rəqəmsal texnologiyalar əsas rol oynayır. Elektron vergi sistemi, elektron qaimə-fakturalar, elektron imza, rəqəmsal analitika və məlumat bazalarının inteqrasiyası vergi inzibatçılığının keyfiyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Müasir elektron vasitələrin köməyi ilə pozuntuların erkən aşkarlanmasına, risklərin qiymətləndirilməsinə və qanunsuz fəaliyyətlərin qarşısının alınmasına nail olunur. Məlumatların qısa müddətli təhlili nəticəsində isə dövlət orqanlarında daha operativ və dəqiq qərarlar qəbul edilir. Bu istiqamətdə əldə olunan uğurlu nəticələrin ən obyektiv göstəricisi vergi və gömrük daxilolmalarında müşahidə olunur. Fiskal gəlirlərin yüksəlməsi ilə iqtisadi fəaliyyətin daha şəffaf müstəviyə keçidi təsdiqlənir.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Kölgə iqtisadiyyatı ilə mübarizənin ən mühüm nəticələrindən biri də əmək münasibətlərinin leqallaşdırılması olub. Belə ki, 2019-2025-ci illərdə qeyri-neft-qaz və qeyri-dövlət sektorunda fiziki şəxslərin gəlir vergisindən azad edilməsi mexanizmi əmək bazarının şəffaflaşmasına ciddi töhfə verib. Bu siyasət nəticəsində 7 il ərzində, təxminən, yarım milyon yeni daimi əmək müqaviləsi rəsmiləşdirilib.
Bu göstərici bir neçə mühüm nəticəni ortaya qoyur. Bu, ilk növbədə, vətəndaşların sosial müdafiə hüquqlarının genişlənməsini göstərir. Rəsmi əmək müqavilələri sosial sığorta sisteminə qoşulmağı, gələcək pensiya və digər sosial təminatları gerçəkləşdirir. Digər tərəfdən, əmək bazarının şəffaflaşması dövlət büdcəsinə daxilolmaları artırır, sosial fondların maliyyə dayanıqlılığını gücləndirir və iqtisadi statistik məlumatların dəqiqliyini diqqətə çatdırır.
Azərbaycanın rəqəmsal transformasiya sahəsində əldə etdiyi uğurların ən mühüm nümunələri sırasında “ASAN xidmət”, DOST mərkəzləri və “myGov” platforması xüsusi yer tutur. Bu sistemlər dövlət-vətəndaş münasibətlərinin tamamilə yeni müstəviyə çıxarılmasında özünü qabarıq büruzə verir. Minlərlə xidmətin elektron formada təqdim olunması həm vaxt itkisini minimuma endirir, həm də korrupsiya risklərinin əhəmiyyətli dərəcədə azalmasına təsir göstərir. Hazırda həmin rəqəmsal xidmətlər vətəndaş məmnunluğunu gerçəkləşdirməklə yanaşı, iqtisadi münasibətlərin şəffaflığını artırır, məlumat mübadiləsini sürətləndirir və “kölgə” əməliyyatlarının qarşısını almaqla mühüm idarəetmə vasitələri kimi diqqət çəkir.
Vaqif BAYRAMOV
XQ


