Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, çempionatda 30-a yaxın yeniyetmə və gənc paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə mübarizə aparıblar.
Mərasimdə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli Paralimpiya Komitəsinin rəhbərliyi, tərəfdaş qurumların nümayəndələri və idman ictimaiyyətinin üzvləri iştirak ediblər.
Çempionatın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafına dəstək vermək, eləcə də gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək perspektivli paraüzgüçülərin müəyyənləşdirilməsi və paraüzgüçülük üzrə ehtiyat qüvvənin formalaşdırılmasına töhfə vermək olub.
MPK-nın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Paralimpiya İdman Kompleksində baş tutan birinciliyin sonunda qaliblərə medal, sertifikat və hədiyyələr təqdim olunub.
Qabil YUSİFOĞLU
XQ

