Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yeni araşdırma göstərir ki, gözün torlu qişasının (setçatka) ucuz və əlçatan üsullarla çəkilmiş fotoşəkilləri vasitəsilə Altsheymer xəstəliyinin yaranma riskini dəqiqliklə müəyyən etmək və erkən mərhələdə profilaktik tədbirlər görmək mümkündür. Müasir diaqnostika alətlərinin əksəriyyəti Altsheymerin gecikmiş mərhələlərinə yönəldiyi halda, xəstəliyin onilliklər ərzində inkişaf etdiyini nəzərə alsaq, bu növ erkən diaqnostika xüsusi əhəmiyyət kəsb edir. ABŞ-nin Florida Universitetinin alimlərinin apardığı bu mühüm tədqiqatın nəticələri "Journal of Alzheimer’s Disease" jurnalında dərc olunub.
Tədqiqatçılar diqqət yetiriblər ki, şəkərli diabet, qlauoma və ya kataraktadan əziyyət çəkən yaşlı pasiyentlərin əksəriyyətinə illər ərzində çoxsaylı göz toru fotoqrafiyası müayinəsi (fundus foto) tətbiq olunur. Alimlər risk qrupundakı şəxsləri müəyyən etmək üçün məhz bu mövcud tibbi məlumat bazasından yararlanmaq qərarına gəliblər. Xüsusi olaraq təlim keçmiş süni intellekt (neyroşəbəkə) modelinin köməyi ilə Böyük Britaniyanın məlumat bankından (UK Biobank) 40 mindən çox pasiyentin göz şəkilləri analiz edilib və torlu qişada Altsheymer xəstəliyinin risk faktorları ilə birbaşa bağlı olan sahələr aşkarlanıb.
Süni intellekt modeli gözün torlu qişasındakı mikroskopik dəyişikliklərə əsasən pasiyentlərin bioloji xüsusiyyətlərini (cinsiyyət, arterial qan təzyiqi), həmçinin Altsheymerin inkişafına təkan verən zərərli vərdişləri və həyat tərzini (siqaret, alkoqol asılılığı və hətta yuxusuzluq) dəqiqliklə proqnozlaşdıra bilib. Hərçənd bu faktorların çoxu xəstələrin tibbi kartlarında qeyd olunur, lakin həmin məlumatlar çox vaxt natamam və ya qeyri-dəqiq olur. Gözün torlu qişasının şəkilləri isə illər ərzində orqanizmdə toplanmış və hər bir pasiyentdə fərqli şəkildə təzahür edən zədələnmələri vizual olaraq ortaya qoyan obyektiv bir üsuldur.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

