Göygöldə alman memarlıq irsi

post-img

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycanda alman memarlığı” mövzusunda fotosərgi təşkil olunub. Tədbir Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, cəmiyyətin üzvləri, İsveçdə yaşayan rejissor Rəhim Sadıqbəyli, koordinator Zaur Musayev, Türkiyənin Çanaqqala Onsekiz Mart Universitetinin professoru Vedat Çalışkan, Özyegin Universitetinin tədqiqatçı-alimi professor Ayşegül Özer, Almaniyadan olan tədqiqatçı- alim İnge Şturm, Gürcüstan-Almaniya Assosiasiyasının sədri Aleksandr Feldmayer və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində musiqi məktəbi şagirdlərinin çıxışları da dinlənilib.

Fotosərgidə Göygöldə yerləşən alman memarlıq abidələrinin, tarixi binaların və yaşayış evlərinin fotoları nümayiş olunub. Qonaqlara bu irsin memarlıq xüsusiyyətləri, tarixi əhəmiyyəti və qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Çıxışlarda Azərbaycanda multikultural dəyərlərə daim xüsusi önəm verildiyi vurğulanıb.

Tədbir iştirakçıları daha sonra bölgədə təxminən iki əsr yaşamış alman icmasının həyat tərzini və mədəni irsini əks etdirən, hazırda muzey kimi fəaliyyət göstərən sonuncu alman sakin Viktor Klaynın ev-muzeyini ziyarət ediblər. Ekskursiya zamanı qonaqlara alman icmasının Göygölün sosial və mədəni həyatında oynadığı rol barədə məlumat təqdim olunub.

Göygöldə keçirilən bu fotosərgi alman memarlıq irsinin tanıdılması, tarixi yaddaşın yaşadılması və mədəni müxtəlifliyin təbliği baxımından əlamətdar hadisə kimi qiymətləndirilib.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri







Sosial həyat