Arxeoloqlar Assuriya dövrünə aid nadir tapıntı aşkarlayıblar

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Tel-Əviv Universitetinin arxeoloqları qədim zibillik quyusunda qazıntılar apararkən dəniz mollyusunun daxili sədəf (mirvari) təbəqəsindən yonulmuş unikal möhür aşkarlayıblar. Tədqiqatçılar bu nadir tapıntının İsrail krallığının Assuriya imperiyası tərəfindən işğalından sonra bu əraziyə köçmək məcburiyyətində qalan icma üzvlərinə məxsus olduğunu ehtimal edirlər. Möhürün üzərindəki simvollar və qravür texnikası barədə ətraflı hesabat "Levant" elmi jurnalında dərc olunub.

Arxeoloji qazıntılar zamanı keramika, daş qablar, kül və heyvan sümükləri ilə birlikdə tapılan sədəf qabığın bu bölgəyə aid olmadığı, kənardan gətirildiyi sübut edilib. Alimlər tapıntını eramızdan əvvəl VII əsrə aid edirlər. Bu dövr assuriyalıların işğalından sonra israillilərin digər əyalətlərə kütləvi şəkildə köçürüldüyü dövrlə tam üst-üstə düşür. Sözügedən tarix, eyni ərazidə tapılan mixi yazılı lövhələrlə də elmi cəhətdən təsdiqlənir.

O dövrdə möhürlər həm sənədlərin rəsmiyyətini və həqiqiliyini təsdiqləmək, həm də bəzək əşyası kimi istifadə olunurdu. Onları üzüklərə bərkidir və ya boyunbağı kimi zəncirə keçirirdilər. Ehtimal olunur ki, möhür üçün bərq vuran sədəf materialının seçilməsi məhz estetik zövqlə bağlı olub.

Mikroskopik və kimyəvi analizlər vasitəsilə müəyyən edilib ki, sədəf üzərindəki dəlik o dövrün məlum qabıqemalı texnikası ilə açılsa da, qravür (naxış) işi olduqca səliqəsiz yerinə yetirilib: xətlərin dərinliyi fərqlidir və bəzi yerlərdə ustaların əlinin sürüşdüyü aydın görünür. Alimlər bu naxışların tunc alətlə qazındığını güman edirlər.

Sənət əsərinin üzərində üçbucağın təpəsində yerləşən aypara və üzü qurbangaha tərəf duran dindar insan fiquru təsvir olunub. İnsan bədəninin qəribə forması arxeoloqlarda belə bir rəy yaradıb ki, ilkin olaraq möhürdə yalnız iki üçbucaq olub, digər elementlər isə bura sonradan əlavə edilib.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Maraqlı