Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin cənubunda yerləşən qədim Aspendos şəhərində aparılan arxeoloji qazıntılar zamanı eramızın III əsrinə aid nadir mozaika aşkar edilib. Tapıntı Şərq meydanında, akropolu Roma teatrı ilə birləşdirən qədim Teatr küçəsinin yaxınlığında yerləşir. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən böyük elmi əhəmiyyətə malik kəşf kimi dəyərləndirilən bu sənət əsəri qədim şəhərin mədəni və sosial həyatına yeni işıq salır.
Mozaikanın mərkəzində gənc çay tanrısı Evrimedonun təsviri yer alıb. Onun yanında su tökülən amfora, başında və əlində isə qamış yarpaqları təsvir olunub, ətrafında isə balıqlar üzür. Bu simvollar suyun bərəkət və həyatla olan birbaşa əlaqəsini simvolizə edir. Qədim yunan-roma incəsənətində çay tanrıları adətən yetkin yaşda təsvir edilsə də, Evrimedonun burada gənc obrazda təqdim olunması səhnəyə xüsusi canlılıq qatır və təbiətin yenilənməsini təcəssüm etdirir.
Bu nadir sənət əsəri təxminən 6x25 metr ölçülərində olan bir tikilinin döşəməsini bəzəyir (hazırda sahənin yalnız 6x7,5 metrlik hissəsi qazılıb). Arxeoloqların ehtimallarına görə, bina ilkin olaraq qədim bir hovuz və ya su anbarı rolunu oynayıb, lakin eramızın 262-ci ilində baş verən güclü zəlzələdən sonra daha kiçik otaqlara bölünüb.
Mozaika yüksək bədii sənətkarlıq səviyyəsi ilə seçilir. O, "tesser" adlanan olduqca xırda rəngli daş elementlərdən yığılıb ki, bu da rənglərin rəvan keçidini təmin etməyə və fiqurları ən xırda detallarına qədər işləməyə imkan verib. Bu tapıntı Anadoluda Roma dövrünün mozaika sənətini, yerli landşaftın və şəhər tarixinin incəsənətlə sintezini öyrənmək baxımından əvəzsizdir. Möhtəşəm Roma teatrı və su kəmərləri (akveduklar) ilə məşhur olan Aspendos, bu yeni tapıntı ilə bəşəriyyətə qədim sivilizasiyaların çay kənarındakı rifahından bəhs edən yeni bir səhifə açır.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

