Tranzit ölkədən strateji mərkəzə

post-img

Coğrafi üstünlük, üstəgəl, qlobal nəqliyyat infrastrukturu

Beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, ənənəvi tranzit yollarında yaranan risklər Avrasiya məkanında alternativ nəqliyyat dəhlizlərinə marağı artırıb. Yeni geoiqtisadi reallıqda Azərbaycanın rolu yüksəlib. Bir neçə il əvvəl əsasən enerji ixracatçısı kimi tanınan ölkəmiz hazırda Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən logistika və nəqliyyat qovşağına çevrilir.

Bu məsələ Bakıda keçirilən və İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan Azərbaycan İnvestisiya Perspektivləri Forumunda diqqət mərkəzində oldu. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin investisiya cəlbediciliyinin üç əsas istiqamətini qeyd etdi: nəqliyyat bağlantıları, “yaşıl enerji” və rəqəmsal iqtisadiyyat. Bu istiqamətlərin hər biri əhəmiyyət daşısa da, nəqliyyat bağlantıları məsələsi artıq yalnız Azərbaycanın deyil, bütövlükdə, Avrasiya regionunun inkişaf gündəliyində xüsusi yer tutur. Çünki qlobal iqtisadiyyatın gələcək inkişafı logistika marşrutlarının effektivliyindən asılı olacaq.

Bu istiqamətdə Azərbaycanın geoiqtisadi çəkisinin artmasının səbəblərindən biri Orta Dəhlizin inkişafıdır. Çindən başlayaraq Avropaya uzanan bu marşrut artıq alternativ yol olmaqdan savayı qlobal ticarətin əsas istiqamətlərindən birinə çevrilir. Azərbaycan isə bu marşrutun mərkəzi halqasıdır. Təsadüfi deyil ki, Bakı yalnız öz infrastrukturunu yeniləməklə kifayətlənməyib, eyni zamanda, region ölkələri arasında koordinasiyanın gücləndirilməsində təşəbbüskar olub. Bunun bariz nümunələrindən biri Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının Gürcüstanın nəqliyyat infrastrukturunun modernləşdirilməsinə maliyyə dəstəyi göstərməsidir.

Azərbaycanın logistika mərkəzi kimi mövqeyini yeni mərhələyə çıxara biləcək növbəti layihə Zəngəzur dəhlizidir. Əgər Orta Dəhliz Şərqdən Qərbə uzanan əsas magistraldırsa, Zəngəzur dəhlizi həmin magistralın strateji davamı və yeni qoludur. Bu dəhlizin açılması yalnız Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqəni təmin etməyəcək, eyni zamanda, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında daha qısa və səmərəli nəqliyyat marşrutu formalaşdıracaq.

Bu layihə Azərbaycanın regiondakı rolunu daha da gücləndirən amil kimi çıxış edir. Çünki formalaşan yeni logistika arxitekturasında marşrutlar müxtəlif istiqamətlərə şaxələnsə də, onların kəsişmə nöqtəsi və əsas koordinasiya mərkəzi funksiyasını Azərbaycan yerinə yetirir. Məhz bu baxımdan TRIPP layihəsi Azərbaycanın artıq formalaşmış nəqliyyat-logistika sistemini zəiflətmir, əksinə, onu daha da genişləndirərək Orta Dəhlizlə inteqrasiyanı gücləndirir, ölkəmiz yalnız iştirakçı deyil, əsas qovşaq və yönverici mərkəz kimi mövqeyini möhkəmləndirir. Çünki marşrutlar nə qədər şaxələnsə də, onların əsas qovşağı yenə də Azərbaycan olacaq. Ermənistan rəhbərliyi son dövrlər bu layihəyə münasibətdə daha praqmatik yanaşma nümayiş etdirir. İrəvan marşrutu fərqli adlarla təqdim etsə də, mahiyyət etibarilə regional kommunikasiyaların açılmasının iqtisadi faydalarını qəbul edir. Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə dəfə çıxışlarında yeni kommunikasiya layihələrinin ölkəyə əlavə ticarət və tranzit imkanları qazandıracağını etiraf edib.

***

Türkiyə də layihənin ən fəal tərəfdarlarından biridir. Ankara Zəngəzur dəhlizini Türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirəcək əsas vasitələrdən biri hesab edir. Türkiyənin siyasi dairələrində səslənən fikirlər göstərir ki, bu marşrut yalnız Azərbaycan və Türkiyə arasında əlaqələri gücləndirməyəcək, eyni zamanda, Ermənistanın regional iqtisadi layihələrə inteqrasiyasına şərait yaradacaq.

Mərkəzi Asiya ölkələri də bu layihənin reallaşmasında maraqlıdırlar. Azərbaycan Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarla zəngin ölkələri üçün Qərbə çıxışın əsas təbii ixrac marşrutu rolunu oynayır. Xəzər dənizi vasitəsilə formalaşan bu bağlantı Azərbaycanı Şərq ilə Qərb arasında strateji nəqliyyat və logistika qovşağına çevirir. İqtisadi və nəqliyyat əlaqələrinin sürətli inkişafı bu regionun Azərbaycanın xarici iqtisadi siyasətində xüsusi yer tutduğunu göstərir. Enerji resursları və xammalla zəngin Mərkəzi Asiya ölkələrinin qlobal bazarlara çıxış ehtiyacı fonunda Azərbaycan etibarlı tranzit və inteqrasiya platformasıdır.

Bu proses yalnız yükdaşımalarla məhdudlaşmır, eyni zamanda, süni intellekt, data mərkəzləri və rəqəmsal bağlantılar kimi yeni iqtisadi sahələr üzrə regional əməkdaşlıq üçün geniş imkanlar yaradır. Deməli, Azərbaycan Şərqlə Qərb arasında təkcə logistika körpüsü deyil, həm də rəqəmsal və innovativ inteqrasiya mərkəzi kimi formalaşır.

Politoloq Mübariz Göyüşlü XQ-yə açıqlamasında bildirdi ki, Azərbaycanın həyata keçirdiyi siyasətin əsas mahiyyəti ölkənin Avrasiyanın nəqliyyat xəritəsində mərkəzi mövqeyə yüksəlməkdir: “Əgər əvvəllər Azərbaycanın əsas strateji üstünlüyü enerji resursları idisə, bu gün həmin üstünlüyə güclü nəqliyyat və logistika potensialı da əlavə olunub”. Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı, eləcə də Zəngəzur dəhlizi ilə bağlı perspektivlər Azərbaycanın geoiqtisadi çəkisini əhəmiyyətli dərəcədə gücləndirir. Politoloq əlavə etdi ki, “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində ölkə Şimal–Cənub dəhlizinin formalaşmasında da mühüm rol oynayır: “Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək bu marşrut Avrasiya məkanında yeni iqtisadi körpü funksiyasını yerinə yetirir”.

M.Göyüşov, həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və onun nəzdində yaradılan Azad Ticarət Zonasının ölkənin logistika potensialında mühüm rol oynadığını qeyd etdi. Onun fikrincə, bu layihə Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyəni əhatə edən geniş coğrafiyada ticarət və istehsal imkanlarını artırır, eyni zamanda, “Made in Azerbaijan” brendinin beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir.

Politoloq sonda vurğuladı ki, bütün bu layihələr Azərbaycanın artıq təkcə tranzit ölkə deyil, Avrasiyanın əsas nəqliyyat qovşağına çevrildiyini göstərir: “Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan yüklərin, enerjinin və informasiya axınlarının təhlükəsiz və fasiləsiz hərəkətini təmin edən çoxşaxəli logistika mərkəzi kimi çıxış edir”.

Beləliklə, TBNM-dən Zəngəzur dəhlizinə, Şimal–Cənub marşrutundan Ələt Azad Ticarət Zonasına qədər bütün layihələr vahid strateji məqsədə – Azərbaycanın Avrasiyanın aparıcı logistika habına çevrilməsinə xidmət edir. Bu gün görünən reallıq ondan ibarətdir ki, Avrasiyanın yeni nəqliyyat arxitekturasında əsas marşrutlar Azərbaycandan keçir və ölkəmiz XXI əsrin formalaşan geoiqtisadi sisteminin mərkəzi aktorlarından birinə çevrilməkdədir.

Pünhan ƏFƏNDİYEV
XQ









Siyasət