“İslamabad memorandumu”nun regiona gözlənilən təsirinin 6 məqamı
ABŞ və İran arasında əldə olunduğu bildirilən və “İslamabad memorandumu” adlandırılan 14 bəndlik qarşılıqlı anlaşma sənədinin tam mətni yayılıb. CNN-nin tirajladığı bu mətnin etibarlılığına inanmaq olar. Hər halda, onu təkzib edən fikir yoxdur. Deməli, mövzu üzərində dayanıb müəyyən nəticələrə gəlmək mümkündür.
Bəri başdan deyək ki, yazımız sözügedən memorandumun Cənubi Qafqaza mümkün təsirləri barədədir. Ümumən isə sənədin qlobal görüntüsünün olduğu qənaətindəyik. ABŞ və İran hərtərəfli anlaşmaya gəliblərsə, ölkələrin bütün istiqamətlərdəki münasibət rəvanlığına ümid bəsləməyə əsas var. Baxmayaraq ki, “İslamabad Memorandumu” hələ yekun saziş deyil və bu məqam sənədin özündə də vurğulanır.
Sənəddə, həmçinin yekun sazişin BMT Təhlükəsizlik Şurasının məcburi qüvvəyə malik qətnaməsi ilə təsdiqlənəcəyi əksini tapır ki, bu da son dərəcə vacib nüansdır. Görünür, Vaşinqton–Tehran anlaşma mühitinin fundamentallıq qazanması arzulanır. Halbuki, indiyədək belə niyyət qeydə alınmayıb. Tərəflər bir-birilərinə nifrət bəsləyəcək mövqe tutublar. Bütün bunlar öz yerində, keçək mətləbə.
Birincisi, ABŞ-İran anlaşmasının Azərbaycan üçün əhəmiyyəti bu ölkələrin Cənubi Qafqaz siyasi platformasında, loru dildə desək, bir-birilərinin ayaqlarını tapdalamamalarıdır. Söhbət regionumuzun böyük güclərin rəqabət meydanı olmaq riskindən uzaqlaşması perspektivindən gedir. Bəli, Vaşinqton və Tehran Cənubi Qafqaza fərqli baxışlarla yanaşıblar. Birinci, ümumən, Qərb son illər Ermənistanla əlaqələri genişləndirməyə və regionda Rusiyanın təsirini zəiflətməyə çalışıb. İkinci isə özünün təhlükəsizlik maraqları baxımından xarici hərbi təsirin artmamasını və nəqliyyat layihələrinin onun maraqlarına zidd formalaşmaması istəyini ön plana çəkib. Deməli, ABŞ və İran arasında anlaşma mühiti qərarlaşsa, tərəflər regionda bir-birilərinin fəaliyyətlərini neytrallaşdırmağa çalışmaq əvəzinə, daha ehtiyatlı davranmağa üstünlük verəcəklər. Əlbəttə, onların mövcud düzəndə əməkdaşlıq parametrlərinin dövriyyəyə girməsi də mümkündür.
Əməkdaşlıq üçün real əsas ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyannamədir. O Bəyannamə ki, onun qayəsini regional sülh təşkil edir. Sülh üçün isə müştərək fəaliyyət lazımdır və bu məqam Bəyannamənin “Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu”, yaxud “Tramp marşrutu” və ya qısaca TRIPP müddəasında əksini tapıb. Ehtimal var ki, Vaşinqton-Tehran münasibətləri normallaşsa, Cənubi Qafqaz istiqamətindəki əməkdaşlıq da cəlbedici mahiyyət daşıyacaq.
İkincisi, bilavasitə Ermənistan üzərində dayanaq. ABŞ-la İran arasında yumşalma, ümumən, erməni amili üzərindən geosiyasi rəqabət intensivliyini minimallaşdıracaq. Nəzərə alaq ki, sözügedən rəqabətin azalması hazırda müşahidə edilməkdədir və durumun formalaşması Azərbaycanın adı ilə bağlıdır. Axı ölkəmizin 2020-ci ilin 44 günlük müharibədəki Zəfəri, eləcə də öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regionda yeni reallıq formalaşdırıb. İranla ABŞ arasında rəqabət zəifləyirsə, deməli, bu reallığın mənfəətə köklənməsi asanlaşacaq.
Onu da ayrıca bildirək ki, Ermənistanın həm Qərb, həm də İran üçün strateji əhəmiyyəti bir sıra amillərlə xarakterizə edilir. İran Ermənistanı özünün şimala çıxış xəttinin vacib elementi sayır. ABŞ isə hazırda Ermənistanla siyasi və təhlükəsizlik sahəsindəki əlaqələri fəallaşdırıb. Vaşinqton–Tehran münasibətlərində yumşalma olarsa, İrəvanın özünün də böyük güclər arasında rəqabət obyektinə çevrilməsi tendensiyası zəifləyəcək. Vəziyyət Ermənistana həyata keçirməyə çalışdığı balanslı siyasəti üçün dividend qazandıracaq. Elə bir dividend ki, erməni amilini təhlükə kimi görmək meyillərini aradan qaldıracaq.
Üçüncüsü, ABŞ-İran anlaşması bilavasitə Azərbaycan–Ermənistan sülh prosesinə müsbət təsir göstərə bilər. Nəzərə alaq ki, Tehran dəfələrlə Bakı və İrəvan arasında barış sazişini dəstəklədiyini açıqlayıb. ABŞ da eyni mövqeni ifadə edib. Vaşinqton və Tehran arasında qarşıdurma azalarsa, iki mühüm xarici aktor eyni istiqamətdə hərəkət etmiş olacaq. Bu, kommunikasiyaların açılması ilə regional sabitliyin möhkəmləndirilməsi deməkdir.
Dördüncü məqam. Məlum olduğu kimi, TRIPP-in başlıca mahiyyəti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolu əlaqəsinin təmin edilməsidir. İran uzun müddət “eksteritorial dəhliz” kimi təqdim olunan modelə etirazını bildirib. ABŞ isə kommunikasiyaların açılmasını ümumi planda dəstəkləyib. Ölkələr arasında anlaşma mühiti dərinləşsə, onların nəqliyyat layihələri üzrə daha praqmatik yanaşma ortaya qoymaları mümkündür. Bu, regiondakı tranzit marşrutlarının açılması və ən başlıcası, onların dayanıqlılığı üçün əlavə imkanlar yarada bilər. Durumun mənfəət perspektivini isə vurğuladıq. Nəzərə alaq ki, bu perspektiv region xalqlarının rifah içində yaşamaları deməkdir.
Beşinci məqam. Vaşinqton–Tehran anlaşması xüsusundakı mühüm cəhətlərdən biri də Türkiyənin regional rolunun genişlənməsi üçün daha əlverişli şəraitin yaranması ilə bağlıdır. Daha doğrusu, söhbət belə bir ehtimalın aktuallığından gedir. Hazırda Türkiyə həm Azərbaycanla strateji müttəfiqdir, həm də Ermənistanla normallaşma prosesini irəliyə aparır. İran və ABŞ arasında gərginliyin azalması Ankaranın mövcud istiqamətdəki təşəbbüslərini gücləndirməsi reallığı deməkdir. Bu halda Türkiyənin təşviq etdiyi regional əməkdaşlıq formatları, o cümlədən “3+3” regional məşvərət formatı daha rahat fəaliyyət göstərə bilər. O format ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın iyunun 16-17-də Rusiyaya səfəri gedişində ciddi müzakirə predmetinə çevrildi və onun prioritetlik dərəcəsi açıq şəkildə diqqətə çatdırıldı.
Bəli, Bakı Ankara ilə birlikdə Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanı obrazında mühüm katalizator kimi çıxış edir. Bu, ölkəmizin strateji xəttindən qaynaqlanır. Azərbaycan Cənubi Qafqazı qlobal konfrontasiyalardan kənar, münaqişəsiz, dinclik və sabitlik məkanı kimi vurğulayır və bu zaman bütün maraqlı tərəflərin regionda bərabər, siyasi rəqabətə əsaslanmayan təmsilçiliyini əsas götürür.
Altıncı məqam. “İslamabad Memorandumu” və nəzərdə tutulan ABŞ–İran yekun sazişinin Cənubi Qafqaza təsirindən söz açarkən, Rusiya amilini də nəzərə almaq zərurəti yaranır. Qeyd edək ki, tərəflərin ortaq məxrəcə gəlmələrinin bu regionda yeni geosiyasi konfiqurasiya doğurması realdır. Ancaq İranın Qərblə münasibətlərini normallaşdırmağa başlaması, ABŞ-ın regionda İran amilini təhlükə deyil, dialoq tərəfdaşı kimi görməsi, ilk baxışdan, Rusiyanın yanaşması ilə tərs mütənasibdir. Hər halda, rus siyasi düşüncə sistemi ABŞ-İran gərginliyində maraqlı olmasa da, onların yaxınlaşmasının da tərəfdarı deyil. Bununla belə, hesab edirik ki, indi klassik təfəkkürdən uzaqlaşmanın, rasional düşüncə nümayişinin zamanıdır. Rusiya məhz ikincini işə salmağı bacarmalı, ilk növbədə, Cənubi Qafqazdakı yeni reallıqlar mühitində özünü tapmağı bacarmalıdır. Hər halda, Moskvanın TRIPP-dən mənfəət götürməsi perspektivi var. Əsas olan onun həmin perspektivdəki şərtlərlə razılaşması, əlavə iddialara düşməməsidir.
Sonda onu da bildirək ki, “İslamabad memorandumu”nun yaşadığımız coğrafiyaya təsirindən söz açarkən, ümumən, Cənubi Qafqaz üzrə hegemonluq səhifəsinin bağlanması üzərində də dayanmalıyıq. Bu məkan balans platformasına çevrilməlidir. Tarix göstərir ki, mövcud müstəvidə kimlərinsə təşəbbüsü ələ almaq istəkləri yekunda heç bir xeyir gətirməyib, əksinə, belə hallar Cənubi Qafqazın inkişafını ləngidib ki, nəticədə dünya da bölgənin potensialından faydalana bilməyib. Azərbaycanın 2020-ci ildən sonra irəli sürdüyü və Türkiyənin də aktiv şəkildə dəstəklədiyi kurs isə keçmişin acı təcrübəsini kənara qoymaq üzərindədir. Ümid edək ki, “İslamabad Memorandumu” xüsusunda ABŞ-İran anlaşması qarşılıqlı faydanı təbliğ edən sənəd kimi vurğuladığımız proseslərə yol açacaq, regionumuzla bağlı müsbət tendensiyalar üçün şərait və imkan yaradacaq.
Ə.CAHANGİROĞLU
XQ

