Türk Dövlətləri Birliyi tarixi zərurətin gerçəkləşməsidir

post-img

Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin yenidən işlənmiş və təkmilləşdirilmiş “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyasının türk modeli” kitabı “Şərq-Qərb” mətbəəsində nəşr olunub. Bu fundamental əsərin ilk variantı ölkəmizlə yanaşı, türk dövlətlərində də tərcümə edilib yayılıb, strateji mərkəzlərdə geniş və nüfuzlu müzakirələr doğurub.

Söylənən mülahizə və təklifləri və ümumtürk birliyi ideyasının inkişafındakı yeni meyil və uğurları nəzərə alan müəllif geosiyasi tədqiqatın mükəmməl nəşrini ərsəyə gətirib. Türk Dövlətləri Təşkilatının bütün yönlərdə fəaliyyətini genişləndirməsini və möhkəmlənməsini, dünya birliyində güclü və nüfuzlu regional mərkəzə çevrilməsini hədəfə alan bu fundamental kitabı 6 fəsildən ibarətdir: Tarixdən doğan gələcək (I), Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi (II), Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri (III), Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti (IV), Sarsılmaz təməllər üzərində (V), Türk dövlətləri birliyinin strategiyası (VI).

Akademik Yaqub Mahmudovun kitaba yazdığı ön sözdə müəllifin xoş məramı, politoloji araşdırmanın çağdaş tarixi zərurəti yüksək səviyyədə cavablandırması yüksək dəyərləndirilir, nəşrin ictimai-siyasi, və elmi-nəzəri önəmi şərh olunub: “Türk dünyasının problemlərinə həsr olunmuş çoxsaylı əsərlərin əhəmiyyətini qeyd etməklə yanaşı, mən böyük məmnuniyyətlə ön söz yazdığım bu kitabın müstəsna dəyərini onda görürəm ki, burada Türk Dövlətləri Birliyi ideyası ilk dəfə olaraq, sistemli şəkildə, konseptual bir model kimi, geniş və dərin təhlillər əsasında irəli sürülür”.

Kitabın bütün fəsillərində müəllifin söz açdığı mətləblər oxucunun zəkasına işıq saçır və bu çağdaş gerçəkliyə “səyahətnamə” oxuculara təsirli detallarla, maraqlı epizodlarla, təşviqedici fakt və rəqəmlərlə təlqin edilir, inandırıcılıqla diqqətə çatdırılır.

Cahanşümul qələbələr və ardıcıl acı məğlubiyyətlər, yüksəlişlər və müvəqqəti enişlərlə müşayiət olunmuş nəhəng etnik təşəkkültapma dövrləri; yerlə-yeksan olma təhlükələri; geniş coğrafiyada hökm sürmüş imperiyaların daxili parçalamaları, xarici müdaxilələr nəticəsində süquta uğraması; öz varlığını qoruması və bütövləşməyə can atması – bütün bunlar türkün yalnız tarixi deyil, həm də alın yazısıdır. Müəlif göstərir ki, bu yazı türkə anladır: ya amansız mübarizə və müdafiə aparıb yaşamalı, ya da iri güclərin qabağında təslim olub, kölə ömrünü sürməlidir.

Qabaqcıl ölkələrə inteqrasiya olunmaq başqa, varlığını, mədəniyyətini diktə etmək ayrı, yabançı xalqların içində tədricən ərimək, yox olmaq başqa. Bu mənada Cavanşir Feyziyev məşhur fatehlərin, imperatorların, şahənşahların, ağıllı siyasət yürüdən dövlət başçılarının, ideoloqların tarixdə müəyyənedici rolunu da qədərincə açıb göstərir. Qədimdən üzü bəri – ulu Atilladan, Bilgə Xaqandan, Məhmət Fatehdən tutmuş çağdaş türk dövlətlərinin liderlərinəcən (Mustafa Kamal Atatürk, Heydər Əliyev, İlham Əliyev, Nursultan Nazarbalayev və başqaları) yeni mərhələlərin lider şəxsiyyətlərinin tarixi gedişə göstərdikləri mütərəqqi təsir əsərə qürurverici ruh gətirir.

Gərək elə diplomatik, siyasi, hüquqi dəst-xətt yeridəsən ki, həm qlobal dünyada hərtərəfli nüfuz qazanasan, qəbul olunasan, həm də əski türk dövlətçilik ənənələrini qoruyub saxlayasan, məhz dünya düzənində sözün yeriyə. Bu mənada taleyüklü məsələlərə bu cür ətraflı yanaşma metodu, daha doğrusu, belə sistemli baxış bucağı filosof alim Cavanşir Feyziyevin mövzunun həllində nə qədər səriştəli mövqe tutduğunu, tarixi prosesləri necə incəliklə araşdırdığını, hansı hisslərlə yaşadığını göz önünə gətirir.

Müəllif haqlı olaraq, ilk fəslin (Tarixdən doğan gələcək) birinci mövzusunu “Türk dövlətçiliyinin genezisi: tarixi-siyasi münasibətlərin dinamikası” adlandırıb. Əlbəttə, tarixi inkişaf milli köklərə bağlıdır və genetik kodlar bu istiqamətdə etibarlı mənbə və məxəzdir. İlkinliyə varmadan, başlanğıcı araşdırmadan, ümumiyyətlə, heç nə haqda mühakimə yürütmək doğru deyil.

Cavanşir Feyziyev də çəkinmədən, cəsarətlə ən qədim qaynaqlara baş vurur və yekun qənaətini bölüşür: Altay dağlarından tutmuş Yenisey çayı boyunca yaradılmış türk imperiyalarının, xanlıqların, dövlətlərin adlarını öyünclə çəkməklə Böyük Hun imperiyası, Şərqi Hun imperiyası, Ağ hun imperiyası, Sak imperiyası, Göytürk imperiyası, Avar imperiyası, Xəzər imperiyası, Uyğur imperiyası, Qaraxanlılar dövləti və s. barədə çağdaş təsəvvür formalaşdırır. Sıralamada, Qəznəvilər, Böyük Səlcuq, Atabəylər dövlətlərinin, Osmanlı və Moğol imperiyalarının, Dehli Türk sultanlığının, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, Səfəvilər imperiyasının, o cümlədən bir sıra Azərbaycan xanlıqlarının adlarıda iftixarla qeyd edilir. Araşdırmaçı İtilətrafı (Volqa çayı) xanlıqlar barədə, Sibirdə yaradılmış dövlətlər haqda da söz açmağı yaddan çıxarmır.

Şübhəsiz, Azərbaycan türklərinin yaşadıqları ərazilər də tez-tez xatırlanır. Çünki istər müstəqil Azərbaycan, istərsə də İranda, İraqda, Şərqi Anadoluda, Dağıstanda, Gürcüstanda məskunlaşmış azərbancanlıların vətənləri vaxtilə eyni ərazi vahidi sayılmışdır. Bütün bu məmləkətləri qədim xəritəmizin çərçivələrinə sığışdırsaq, həqiqətən, böyük bir imperiyanın mövcudluğunu təsəvvür etmək olar. Azərbaycanın tarixi gerçəkliyi kitabdan qırmızı xətt kimi keçir.

Kitabı vərəqlədikcə, müəllifin zəngin fakt və hadisələri sevgi və yaradıcı surətdə işləməsinə, həssaslıqla araşdırılmasına, hər tarixi detal və epizoda fəlsəfi münasibət bəsləməsinə, dərin məntiqinə heyran olmamaq mümkün deyil. “Qaynaqlar” adlanan mündəricatda təkcə 315 müəllifin əsərindən, məqaləsindən, kitabından sitat gətirildiyi qeyd edilib. Gərək ensklopedik məlumata malik olasan ki, bu qədər qaynağa, məxəzə baş vurasan, istədiyin rəqəmi və ya tarixi faktı əldə edəsən, köçürəsən, yaddaşda saxlayasan.

Arxivlərin tozunu uda-uda yalnız ürəyində millət sevgisi daşıyanlar belə məsuliyyətli və böyük zəhmət tələb edən işə girişir. Akademik Yaqub Mahmudovun da etiraf etdiyi kimi, bu kitab Türk dünyası barədə ilk hərtərəfli, çoxşaxəli, sanballı əsərdir, fakt bolluğuna və əhatə dairəsinə görə misilsiz nümunədir.

Məlumdur ki, türk qövmü Şərqdən Qərbə, Cənuba at sürmüş, qılınc oynatmış, intibahlar, sivilizasiyalar yaşamış, ümumtürk mədəniyyətini formalaşdırmışdır. Müəllif monoqrafiyasının ikinci fəslində (Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi) türklərin epos-dastan yaradıcılığını da araşdırır, “Oğuz Kağan”, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Əmsavi-turki”, “Koroğlu” kimi tarixi incilərdən söz açır, oğuznamələrin türk yazılı dilinin inkişafında rolundan bəhs edir.

Alim Mahmud Kaşqarlının, Yusif Balasanqulunun, Əhməd Yəsəvinin, hikmət xəzinəsindən də misallar gətirir. O qeyd edir ki, “Orxon-Yenisey” abidələri türkün ən qədim daş yaddaşına çevrilmiş, ilk türkcə (yəni göytürkcə) yazı mədəniyyətinin mükəmməlliyini sübut etmiş, qədim hegemon Göytürk imperiyasının əzəmət və qüdrətini ortaya qoymuş misilsiz qaynaqlardır. Cavanşir Feyziyev məşhur Danimarka hərbçi-alim (XIX əsrin ikinci yarısı) Vilhelm Tomsenin danılmaz tezislərini əsas gətirərək, Orxon abidələrindən 680-745-ci illər arasında möhtəşəmliyini Türk dünyasının siyasi-mədəni keçmişini tarixə həkk etmiş “qızıl keçmiş” kimi danışır: “Bunlar tarixi sənədlər külliyatıdır”.

Son min ildə isə din və dil birliyi (xristian və şaman olan türklər də var) müxtəlif xalqlara bölünmüş türkləri vahid islam bayrağı altında birləşdirmişdir. Eyni zamanda, Böyük İpək yolu fəaliyyətə başlamazdan xeyli əvvəl Avrasiya kommunukasiya sisteminin ilk təməlləri (e.ə. IV-III minillikdə) qoyulmuş, Pamir dağlarının ətəklərinə qədər uzanan yollar mövcud olmuşdur.

Müəllif zəmanəmizdə türk milli mədəniyyətlərinin, türk sivilizasiyasının dünyaya bəxş etdiyi siyasət, elm, sənət və ədəbiyyat xadimlərinin qısa siyahısını da təqdim edir: Mustafa Kamal Atatürk, Heydər Əliyev, Türqut Ozal, Nursultan Nazarbayev, Həsən Özbəkistan, İlham Əliyev, Lütvi Zadə, Tofiq Fikrət, Namiq Kamal, Rəşad Nuri Güntəkin, Əziz Nesin, Qafur Qulam, Musa Cəlil, Çingiz Aytmatov, Qara Qarayev, Bəxtiyar Vahabzadə, Oljas Süleymenov, Muxtar Şaxanov, Oraz Yağmur və başqaları.

Kitabın üçüncü bölümü əsrlər boyu min bir oddan-alovdan, qan-qadadan, təbii fəlakətlərdən çıxmış, imperiyalar daxilində əriməmiş, hazırda müstəqilliyinə qovuşmuş türk dövlətlərinə həsr edilib. Hər cür təhlükəni silib-süpürən, həmişə “imzası imzalar içində olan” Türkiyə bu gün də Türk dünyasının güvənc yeridir.

Avrasiya məkanında ikinci müstəqil ölkə Azərbaycan Respublikası – hamımızın səcdəgahı Vətənimizdir. Kitabda vurğulandığı kimi, tarix boyunca qovğa, qara bulud bu məmləkətin başı üstündən əskilməmişdir. Müstəqilliyini 1918-ci ildə qazanmış bu gənc dövləti rus-sovet irticası 1920-ci il aprelində işğal etmişdir. Tarixin hökmü ilə müstəqilliyimiz 1991-ci ildə yenidən bərpa olunub.

Ötən 35 ildə Azərbaycan Qafqazın qüdrəli dövlətinə çevrilib. Ulu öndər Heydər Əliyevin özülünü qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi xətt Azərbaycanı hərtərəfli yüksəlişə doğru aparır. 44 günlük müharibə göstərdi ki, ölkəmizin zəfəri təsadüfi xarakter daşımayıb, dövlətimiz güclüdür və sarsılmazdır. Bütün bunlar kitabda Azərbaycan gerçəkliyi kimi əksini tapıb.

Digər 4 türk dövləti Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan respublikalarıdır. Şimali Kipr Türk Respublikası da bu sıraya qoşulub. Cavanşir Feyziyev keçmiş SSRİ dağılandan sonra bu milli məmləkətlərin suverenlik qazandığını, müstəqilliyə qovuşduğunu və dəqiq sərhədlərini müəyyənləşdirdiyini qlobal dünyamızda hadisə sayır, geniş regionumuza rəng qatdığını xatırladır.

İndi bu birlikdə heç bir ölkə üstün və asılı deyil, böyük xalq, kiçik xalq məfhumu yoxdur. Müəllif qeyd edir ki, XXI əsrin ilk yarısının ortasıdır: millətlər, xalqlar ayılıb, fil qulağında yatanı yoxdur. Qərb Türk dünyası ilə ehtiyatlı və mədəni davranmağa məcburdur. Bunu ayrı-ayrı dünya liderləri yox, tarix diqtə edir, cənablar!

Əlbəttə, qonşuluğunda Rusiya Federasiyası və ya İran İslam Respublikası kimi fərqli idarəçilik sisteminə malik ölkələr varsa, qarşılıqlı əlaqələr daha geniş aspektdə tənzimlənməli, faydalanmalı, görüb-götürməlisən. Bu baxımdan Çin Xalq Respublikası da istisna deyil. Türk Dövlətləri Birliyi ölkələri həmin böyük dövlətlərin əraziləri ilə qonşudur, quru və ya su sərhədləri mövcuddur. Müəllif bütün bunları zəruri məsələ kimi şərh etməyi də unutmur.

“Türk Dövlətləri Birliyinin ərsəyə gəlməsi – “Beynəlxalq siyasət və hüquqda birlik yaratmanın əhəmiyyəti" (IV fəsil) çağdaş dövrümüzün öncül problemidir. Qütbləşən dünyada bu birliyin əleyhdarları da var, rəğbət bəsləməyənləri də. Bunu geosiyasi mühit, dərinləşən münasibətlərin sabit qalmayan, dəyişən ögey-doğmalığın, yəni imperiya siyasətinin doğurduğu qısqanclıq adlandırmaq olar. Buna baxmayaraq, Türk həmrəyliyi, türk birliyi güclənir, irəli gedir. Çağdaş gerçəkliyə cavab olaraq, gərək beynəlxalq aləmdə təklənməyəsən, təcrid olunmayasan.

Kitabda bəyan edilir ki, indiki əzəmətli Türkiyə, qüdrətli Azərbaycan birliyi bütün türkdilli və türksoylu ölkələrə sağlam örnəkdir. Türk xalqlarının yaxınlaşmasında, dünya gündəmində bir araya gəlməsində, isti münasibətlərin inteqrasiyasında əsasən iki dünyəvi dövlətin - Türkiyənin və Azərbaycanın rolu misilsizdir. Bu örnək töhfə, xidmət könüllülük prinsipinə söykənir, necə deyərlər, "sarsılmaz təməllər üzərində" (V fəsil) bərqərardır.

Cavanşir Feyziyev haqlı olaraq Türkiyə və Azərbaycanı "dünya türkçülüyünün cazibə mərkəzi" adlandırır: Türkiyə və Azərbaycan arasındakı bağlılıq o qədər dərin təməllərə əsaslanır ki, onların vətəndaşlarının bir-birinin ərazisində və ya digər statusda yaşamasına rəsmi diaspor prinsiplərilə yanaşmaq heç mümkün deyil. Çünki hər iki ölkədə türklər və azərbaycanlılar bir-birinin evində yaşayan qardaşlar kimi öz münasibətlərini qurublar”.

Bu kitabın bir önəmli məziyyəti də ondadır ki, bəzi xəyallar quran imperiyapərəst ideoloqlara, millətləri bir-birinin üstünə qaldıran siyasətbazlara burada tutarlı cavablar var.

Sonda qeyd edək ki, Milli Məclisin deputatı, fəlsəfə doktoru, yurdsevəvər ziyalı, ümumtürk sevdalısı Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın türk modeli” kitabı türk superetnosunun son 3 min illik tarixi haqqında əhatəli, bitkin və çağdaş ictimai-siyasi və elmi-nəzəri tələbatı mükəmməl cavablandıran əsər kimi həm qədim dövrümüzə, həm bu günümüzə parlaq güzgü tutur, ümumtürk birliyinin yolunu işıqlandırır.

İnanırıq ki, bu qiymətli tədqiqatın əvvəlki kitabı kimi, yeni təkmil nəşri də ölkəmizdə və türk dövlətlərində daha böyük maraq doğuracaq, çap edilib yayılacaq.

Ağacəfər HƏSƏNLİ,
şair-publisist



Mədəniyyət