Milli tarixçiliyimizi zənginləşdirən alim

post-img

Onunla tanışlığımız və əməkdaşlığımız Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasındakı birgə fəaliyyətimiz dövründən başlayıb. Tarix elminin müxtəlif istiqamətləri üzrə təqdim olunan dissertasiyaların müzakirəsi, təhlili, elmi yeniliklərin qiymətləndirilməsi və ekspertizası zamanı onun necə obyektiv və prinsipial elm adamı olduğunun dəfələrlə şahidi olmuşam.

Təqdim olunan dissertasiya işlərinə dair rəyləri, müzakirələrin gedişindən irəli gələn çıxış və replikaları onun təkcə öz ixtisas sahəsi deyil, ümumilikdə, tarix elminin müxtəlif istiqamətləri üzrə geniş biliyə malik olduğundan xəbər verirdi. O, arxeoloji və etnoqrafik tədqiqatlardan tutmuş beynəlxalq münasibətlərə, regionşünaslıqdan mədəniyyət tarixinə qədər fərqli mövzularda aparılan müzakirələrdə zəngin biliyi və analitik yanaşması ilə seçilirdi. Elmi məsələlərə münasibətdə onun tələbkarlığı və gənc tədqiqatçılara qayğıkeş münasibəti xüsusilə diqqət çəkirdi.

Söhbət bu günlərdə ömrünün 60-cı ili tamam olan, Bakı Slavyan Universitetinin professoru, sosial elmlər və regionşünaslıq fakültəsinin dekanı Habil Məmmədovdan gedir.

Sonralar ölkəmizdə və xaricdə keçirilən müxtəlif elmi konfrans və simpoziumlarda, akademik tədbirlərdə iştirakı, məruzə və çıxışları onunla bağlı qənaətimi daha da möhkəmləndirdi. Professor Habil Məmmədovun keçdiyi həyat və elm yolu Azərbaycan ziyalısının ən yaxşı keyfiyyətlərini özündə birləşdirir. O, uzun illər ərzində sanballı elmi əsərlər yaratmış, həm də davamlı olaraq tarix, beynəlxalq münasibətlər, regionşünaslıq, politologiya və digər ixtisaslar üzrə kadr hazırlığı ilə məşğul olmuşdur. Yüzlərlə tələbənin, gənc tədqiqatçının formalaşmasına öz töhfəsini vermiş, Azərbaycan tarixşünaslığının, etnoqrafiyasının və slavyanşünaslığının inkişafında mühüm xidmətlər göstərmişdir. Onun haqqında yazarkən, ilk növbədə, elmə sədaqəti, peşəsinə bağlılığı və vətəndaş mövqeyi göz önünə gəlir.

Ali məktəbi bitirərək gələcək taleyini elmə bağlamaq həvəsi onda hələ BDU-nun tarix fakültəsində oxuyarkən yaranmışdı. Tarix fakültəsində onunla birlikdə təhsil alan tələbə yoldaşlarının əksəriyyəti gələcəkdə yüksək çinli partiya funksioneri olmaq barədə xülyalarla yaşayarkən Habil özünü məhz elm sahəsində sınamaq arzusunda idi. Bu seçim, hər şeydən öncə, sevimli müəllimi, tanınmış tarixçi alim, professor Tofiq Vəliyevə olan hüsn-rəğbətindən qaynaqlanırdı. Görünür, Tofiq müəllim də bunu sezmişdi. Odur ki, ona diplom işi üçün kifayət qədər ciddi və aktual mövzu vermişdi: “Türkmənçay sülhü və çarizmin ermənilərin köçürülməsi siyasəti”. Maraqlıdır ki, çox-çox sonralar Prezident yanında AAK-ın sədri akademik A.Mirzəcanzadə Habil Məmmədovun şəxsi işi ilə tanış olarkən demişdi ki, ay oğul, sənin diplom işin elə namizədlik disserasiyasına barəbərdir.

Habil Məmmədov elmə ilkin olaraq etnoqraf kimi gəlib. 1991-1994-cü illərdə BDU-nun aspirantı olarkən elmi rəhbəri, görkəmli etnoqraf alim, professor Arif Mustafayevin tövsiyəsi əsasında Muğanın maddi mədəniyyətini araşdırıb. Etnoqraf kimi yaradıcılığının ilk böyük uğuru isə 1996-cı ildə müdafiə etdiyi “Muğanın maddi mədəniyyəti” mövzusunda namizədlik dissertasiyası olmuşdur. O zaman bu tədqiqat əsəri Azərbaycan etnoqrafiya elmi üçün mühüm hadisə idi.

Alimin 2001-ci ildə namizədlik dissertasiyası əsasında nəşr olunan “Muğanın maddi mədəniyyəti” monoqrafiyası bölgənin təsərrüfat həyatı, yaşayış məskənləri, xalq memarlığı, sənətkarlıq ənənələri, məişət mədəniyyəti və etnik xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuş ilk fundamental araşdırmalardan biri hesab olunur. Bu əsəri ilə müəllif bölgədə mövcud olan maddi mədəniyyət nümunələrini yalnız təsvir etməklə kifayətlənməmiş, onların formalaşma prosesini, tarixi inkişaf dinamikasını və Azərbaycan xalqının ümumi etnomədəni sistemdə tutduğu yeri də müəyyənləşdirmişdir. Bu baxımdan monoqrafiya bu gün də etnoqrafiya və xüsusilə, Muğan tarixi-etnoqrafik regionunun araşdırılması istiqamətində mühüm elmi mənbə hesab olunur.

Professor Habil Məmmədovun elmi fəaliyyətinin ikinci mühüm istiqaməti Azərbaycanın Şərqi Avropa ölkələri ilə mədəni əlaqələrinin araşdırılmasıdır. 2013-cü ildə müdafiə etdiyi “Azərbaycan Respublikası ilə Şərqi Avropa ölkələri arasında mədəni əlaqələr (1991–2008-ci illər)” mövzusunda doktorluq dissertasiyası bu sahədə ilk sistemli və kompleks araşdırmalardan biridir.

Müəllifin doktorluq dissertasiyası əsasında hazırlanmış “Azərbaycan–Şərqi Avropa: mədəniyyətlərarası əməkdaşlığın tarixi” monoqrafiyasında Azərbaycanın Polşa, Ukrayna, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya və digər Şərqi Avropa ölkələri ilə əlaqələrinin müxtəlif istiqamətləri geniş şəkildə təhlil edilmişdir.

Professor Habil Məmmədovun Azərbaycan elmində mühüm xidmətlərindən biri slavyanşünaslıq istiqamətində yaratdığı elmi irsdir. Onun müəllifi olduğu “Bolqarıstan tarixi” (2009), “Ukraynanın müasir tarixi” (2009), “Polşanın müasir tarixi” (2017), “Slavyan ölkələri tarixi” (2020) kimi dərslik və dərs vəsaitləri Azərbaycan dilində bu sahədə hazırlanmış ilk fundamental tədris ədəbiyyatları sırasında öncül yer alır. Xüsusilə “Slavyan ölkələri tarixi” dərs vəsaiti Rusiya, Ukrayna, Belarus, Polşa, Çexiya, Slovakiya, Bolqarıstan, Serbiya və digər slavyan xalqlarının etnik, siyasi və mədəni inkişaf tarixini sistemli şəkildə təqdim edən ilk geniş həcmli nəşrdir.

O, 30 ildən artıqdır ki, Bakı Slavyan Universitetində çalışır. 2017–2024-cü illərdə beynəlxalq münasibətlər kafedrasına, 2024–2025-ci illərdə isə ictimai elmlər kafedrasına rəhbərlik etmişdir. Hazırda isə dekan vəzifəsində çalışır.

Professor H.Məmmədov 8 doktorant və dissertantın elmi rəhbəridir. Onlardan 1 nəfəri müdafiə etmiş, 5 nəfəri müdafiə mərhələsində, 2 nəfəri isə elmi işlərini tamamlayaraq müzakirə prosesindədir. Tarixçi alimin məqalələri Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Polşa, Qazaxıstan, Bolqarıstan, Türkiyə və digər ölkələrin elmi nəşrlərində də dərc olunmuşdur. Onun əsərləri beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır.

Bir sözlə, Habil Məmmədov müasir Azərbaycan elminin məhsuldar nümayəndələrindən biridir. Onun fəaliyyəti elmi araşdırma, pedaqoji xidmət, elmi təşkilatçılıq və beynəlxalq əməkdaşlıq kimi istiqamətləri özündə birləşdirir. Muğanın maddi mədəniyyətindən başlayaraq Şərqi Avropa ilə mədəni əlaqələrə, slavyan xalqlarının tarixindən geosiyasi proseslərə və slavyanların etnogenezində türklərin roluna qədər uzanan geniş tədqiqat spektri onun elmi-pedaqoji fəaliyyətinin miqyasını aydın şəkildə nümayiş etdirir.

Professor Habil Məmmədovu ömrünün 7-ci onilliyinə qədəm qoyması münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və Azərbaycan elminin inkişafı naminə daha böyük uğurlar arzulayıram.

Qafar CƏBİYEV,
tarix elmləri doktoru, professor, Əməkdar jurnalist

Mədəniyyət