Xocalının bu tarixi kəndində həyat yenidən canlanır
Xocalı rayonunun Xanabad kəndinə gedirik. Xocalı şəhərindən şərqdə, Əsgəran qalasının yaxınlığında yerləşən, füsunkar təbiətə malik bu qədim yaşayış məntəqəsinə uzanan yollarla qürur və həyəcansız irəliləmək mümkün deyil. İndi bu yollar bizi həyatın yenidən qayıtdığı azad ata-baba yurdlarımıza aparır. Həsrətin və acıların bitdiyi daha bir ünvana bax, beləcə, bir vaxtlar əlçatmaz görünən ən böyük arzuların, xəyalların gerçəkləşdiyi reallığın bəxş etdiyi xoş hisslərlə yollanırıq.
Qədim yurd yeri
Adından da göründüyü kimi, “Xanabad” oykonimi XVIII əsr, xanlıqlar dövrü ilə əlaqələndirilir. Azərbaycanın Yevlax rayonunda da bu adda kənd, Şəki ərazisində yüksəklik, Özbəkistanın Əndican vilayətində isə şəhər mövcuddur. Ancaq 1990-cı ildə kənd ərazisində, Xanabad–Pirlər yolu üzərində aparılan tikinti işləri zamanı aşkarlanmış qəbir Xanabadda insan yaşayışının tarixinin çox qədim olduğunu sübut edib. Həmin vaxt Xankəndi Dövlət Muzeyinin əməkdaşları baxış keçirərkən qəbirdə insan cəsədindən əlavə xəncər, nizə ucları, şarabənzər saxsı küp, suda üzən quş təsvirli qab, əqiq daşından düzəldilmiş muncuqlu boyunbağı, habelə üstü naxışlarla bəzədilmiş qab aşkarlanıb və bu tapıntıların eramızdan əvvəl XII-XI əsrlərə aid olduğu müəyyən edilib.
Xanabad dəfələrlə erməni təcavüzkarlarının qanlı cinayətlərinin şahidi olub. Hətta ötən əsrin əvvəllərində kənd ərazisində erməni yaraqlıları ilə Azərbaycan Xalq Cümhuriyyətinin ordusu arasında toqquşmalar baş verib. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Xanabad 44 günlük Vətən müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib. Rəşadətli ordumuzun 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda erməni separatçılarına qarşı lokal xarakterli antiterror əməliyyatlarından sonra azadlığına qovuşan kənddə bərpa-qurucluq işlərinə start verilib və həyat yenidən canlanmağa başlayıb.
Doğma ocaqlarda yaşanan sevinc
Xanabadda ilk köç sevinci bu il fevralın 19-da yaşanıb. Həmin gün Böyük Qayıdış çərçivəsində 39 ailənin məcburi köçkünlük həyatı sona çatıb, 154 nəfərin Vətənə qovuşmaq arzusu reallığa çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva köçdən cəmi bir neçə gün sonra, fevralın 25-də Xanabada səfər edərək görülmüş işlərlə tanış olublar, kəndə köçmüş Əmrah Sahiblinin evinə baş çəkiblər.
Qeyd edək ki, işğaldan əvvəl Xanabadda orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada IX əsrə aid “Aslan qalası” və XIII əsrə aid kilsə kimi ölkə əhəmiyyətli memarlıq abidələri mövcuddur. Kənddəki ümumilikdə 276 evdən 161-i yaşayış üçün qismən yararlıdır. Onların böyük əksəriyyəti təmir olunub, qalan evlər isə ilin sonunadək istismara hazır olacaq.
İşğaldan azad olunmuş əksər yaşayış məntəqələrində olduğu kimi, Xanabadda da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində çoxsaylı sosial layihələr icra olunub. Belə ki, kəndin mövcud 3 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilib. Eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyularında və su anbarında təmir işləri aparılıb, 2 yeni su anbarının qurulması davam etdirilir. Kəndin davamlı su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib, kənddaxili yollar bərpa olunub.
İndi kənd öz qonaqlarını girişindəki “Xanabad” kompozisiyası ilə qarşılayır. Sakinlərin rahat istirahəti üçün şəraitin yaradılması da diqqətə alınaraq Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və Dövlət Bayrağı ucaldılıb. Bir sözlə, yenidən əzəli sakinlərinə qovuşmuş Xanabadın hər küçəsində, hər evində yeniliyin təzahürlərinin şahidi olmaq, canlanmanı və inkişafı müşahidə etmək mümkündür.
Zəfər himninin Qayıdış nəqəratı
...İllər sonra geriyə, doğma ata-baba yurdlarına qayıtmış insanların yaşadıqları sevinc və qürur üzlərindən oxunur. Xanabadda da hər kəs bəxtəvərliklə gülümsəyir, tanıdı-tanımadı, gələn qonağa mehribanlıqla “xoş gəldin” deyir, evinə dəvət edir. Sözsüz, onların qayğıları yox deyil. Ancaq Vətən həsrətinin bitməsi, Qarabağın təmiz havasını udmaq, saf suyundan içmək, təbiətin gözəlliklərinə göz dolusu baxa bilmək, ən əsası isə məcburi köçkün adının üzərlərindən götürülməsi bu torpaqların əzəli sahiblərinə bütün qayğılarını unutdurur. Qonağı olduğumuz, yeni Xanabadın ilk sakinlərindən Məmmədovlar ailəsinin timsalında bütün bunlara bir daha əmin olduq. Ailənin Bakıdan qonaqları vardı, ancaq ataların deyimi bu dəfə Xanabadda özünü doğrultmadı: qonaqlar da yeni qonağın gəlişinə sevindilər, elə ev sahibləri də...
Çayın sahilində, gözəl mənzərəli yerdə təmirli evlə təmin edilmiş ailənin başçısı Mətləb Məmmədov həyətdəki ağaclardan, gül-çiçəklərdən yaratdığı ecazkar guşədən başlayıb, hər günlərinin daha unudulmaz keçməsinə qədər hər şeydən həvəslə bəhs etdi. Bildirdi ki, 28 yaşı olanda doğma Qarabağdan didərgin düşüb. Uzun illər məcburi köçkün kimi Gəncə ətrafında məskunlaşıblar. Azərbaycanın hər qarışı onlar üçün əziz olsa da, illər boyu yalnız geriyə, doğulub-böyüdüyü torpaqlara qayıtmaq amalı ilə yaşayıblar:
– İndi burada necə yaşadığımızı soruşursunuz? Əla! Ən böyük arzumuz reallığa çevrilib. Ailəmlə, oğlumla, nəvələrimlə birlikdə Vətənimizə qovuşmuşuq. Dövlətimiz burada bizim üçün hər şərait yaradıb. Dördotaqlı ev verib, işığımız, qazımız, suyumuz, internetimiz çəkilib, istilik sistemi quraşdırılıb. Hər şey əladır. Ancaq bütün bunların heç biri olmasaydı belə, yenə özümüzü xoşbəxt sayardıq ki, yenidən Vətəndəyik! Mən xalqımıza bu qüruru, bu sevinci bəxş etdiyi üçün möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür etmək istəyirəm. Allah onu qorusun!
M.Məmmədovun həyat yoldaşı Aidə xanım ürək sözlərini oxucularımızla bölüşərək dedi ki, yaşadıqlarımız sanki şirin bir yuxudur:
– Bu, elə bir duyğudur ki, yaşamayan bilməz. İnanın, elə bil 34 il əvvələ, 24 yaşıma qayıtmışam. İndi Vətənsiz ötən illərimin əvəzini çıxmağa çalışıram. Dərədən axan çayın şırıltısı, quşların səsi, güllərin ətri, bir sözlə, gördüyümüz hər şey məni uşaqlığıma, gəncliyimə qaytarır. Hərdən itirdiklərimizi xatırlayıb kövrəlirəm, ancaq tez də düşünürəm ki, bu gün şəhidlərimizin, bu yerlərin həsrəti ilə dünyasını dəyişmiş əzizlərimizin ruhları şaddır. Allah onların hər birinə rəhmət eləsin! Allaha şükürlər olsun, bundan sonra övladlarımla birgə öz ev-eşiyimizdə rahat, firavan yaşayacağıq, məcburi köçkünlük bitdi!
Ailənin oğlu, hələ dünyadan bixəbər çağında, cəmi 2 yaşı olanda didərginlik həyatı başlamış Şəhriyar da 3 övladı ilə birlikdə doğma yurda dönməyin xoş təəssüratlarını paylaşdı. Özü də şairanə bir dillə:
– Xanabad gölündən mənbə götürən çayın səsi gecə-gündüz evimizdə eşidilir. Elə bil çay, sadəcə, çağlamır, Zəfər nəğməsi oxuyur. Nələr hiss etdiyimə gəlincə,
Müqəddəsdir hər qayası, hər daşı,
Oyanıbdır duyğuların yaddaşı.
İllər boyu axıtdığım göz yaşın
Çəmənlə, çiçəklə silmək də varmış,
Qismətdə Vətəni görmək də varmış!
Prezidentimizi Allah qorusun! Onun sayəsində xalqımız elə birlik nümayiş etdirdi ki, tarixdə olmayıb. Bu birliyimizin hesabına düşmən üzərində layiqli Qələbə qazandıq, Azərbaycan torpaqlarını işğaldan azad etdi.
Allah bütün keçmiş məcburi köçkünlərə bizim keçirdiyimiz bu hissləri yaşamağı qismət eləsin! Allah xalqımıza bir daha müharibə, acı günlər yaşatmasın!
... Xanabaddan xoş əhvali-ruhiyyə ilə ayrıldıq. Getdik, gəzdik, gördük, sakinlərlə söhbətdən sonra fəxrlə şahidi olduq ki, Xanabad da olub abad, yaşayacaq xoşbəxt, azad!
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı


