Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"Zoological Journal of the Linnean Society" dərgisində dərc olunan yeni araşdırmada, Piriney dağlarında tapılmış alt təbaşir dövrünə aid Montsecosuchus depereti timsah formalısının (krokodilomorf) yumşaq toxumaları ilk dəfə təfərrüatlı şəkildə təsvir edilib. Ultrabənövşəyi (UB) şüalanma texnologiyasından istifadə etməklə aparılan analiz bu qədim heyvanların bədən rəngi, eləcə də tənəffüs sisteminin təkamülü barədə elm dünyasına tamamilə yeni faktlar qazandırıb.
Təxminən 125 milyon il əvvəl indiki Kataloniya Ön Pirineylərinin sahilindəki karst gölünün sularında kiçik bir timsah tələf olub. Onun mükəmməl şəkildə qorunmuş bədəni alimlər tərəfindən hələ yüz ildən çox əvvəl aşkar edilmişdi. "MGB-512" qeydiyyat nömrəli, təxminən 50 sm uzunluğunda olan bu qalıq (fosil) bütün bu müddət ərzində Barselona Təbiət Elmləri Muzeyində saxlanılırdı. Yalnız indi paleontoloqlar bu unikal nümunənin yumşaq toxumalarının morfologiyası və paylanması barədə görünməmiş məlumatlar əldə edə biliblər.
Kataloniya və Avropa muzeylərində qorunan Montsek litoqrafik əhəngdaşı qalıqlarının vahid məlumat bazasını yaradan İspaniya paleontoloqları rəsmən müəyyən ediblər ki, Montsecosuchus depereti holotipinə (nümunəsinə) ultrabənövşəyi şüalarla təsir etdikdə, heyvanın yumşaq toxumalarına uyğun gələn gizli strukturlar vizual olaraq üzə çıxır.
Mütəxəssislər heyvanın bədəni boyu müxtəlif forma və ölçülərdə epidermis (üst dəri) pulları aşkarlayıblar, həmçinin müasir timsahlara xas olan hündür quyruq üzgəcinin bu növdə olmadığını müəyyən ediblər. Tədqiqatçılar dəri nümunələrində, xüsusilə boyun, ətraflar, bədənin və quyruğun yan kənarlarında sensor (hissiyyat) orqanlarının mövcudluğunu ehtimal edirlər. Müasir timsahlarda bu orqanlar toxunma reseptorları rolunu oynayır, suyun təzyiq dəyişikliyinə, eləcə də termal və kimyəvi qıcıqlara reaksiya verir. Montsecosuchusda bu sensorların yalnız periferiyadakı kiçik pullarda rast gəlinməsi, bu strukturların ilkin olaraq bədənin ayrı-ayrı nahiyələrində formalaşdığını və yalnız təkamülün sonrakı mərhələlərində bütün bədən səthinə yayıldığını göstərir.
Ultrabənövşəyi şüalanma döş qəfəsində qığırdaq strukturlarını da üzə çıxarıb ki, bu da Montsecosuchusun olduqca effektiv tənəffüs sisteminə malik olduğunu sübut edir: bu sistem müəyyən dərəcədə müasir timsahların tənəffüs aparatına bənzəyir. Bütün bunlar göstərir ki, hətta təkamülün erkən mərhələlərində bəzi krokodilomorflar artıq mürəkkəb döş qəfəsi anatomiyasına sahib idilər və primitiv olmalarına baxmayaraq, yarım-suda fəal həyat tərzinə mükəmməl uyğunlaşmışdılar.
Lakin tapıntının ən heyrətamiz tərəfi quyruq hissəsində qorunub saxlanmış rəng naxışlarıdır. Quyruq nahiyəsinin bəzi pullarında UB işığı altında eninə yerləşən açıq və tünd rəngli zolaqlar aydın görünür. Güman edilir ki, bu zolaqlar bədən siluetini vizual olaraq parçalayaraq mühitə uyğunlaşma — kamuflyaj (gizlənmə) funksiyasını yerini yetirib. Əgər bu fərziyyə tam təsdiqlənərsə, Montsecosuchus bədən rəngi günümüzə qədər qorunub saxlanmış ən qədim krokodilomorf nümayəndəsi kimi tarixə düşəcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

