Mədə bakteriyasının qaraciyər sirrozuna yol açdığı sübut olundu

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çinli tədqiqatçılar müəyyən ediblər ki, dünyada ən geniş yayılmış mədə bakteriyalarından olan Helicobacter pylori infeksiyası insanlarda qaraciyərin metabolik fəsadlarla bağlı piylənməsi xəstəliyinin (MASLD) yaranma ehtimalını kəskin dərəcədə artıra bilər. Təxminən 6 min insanın tibbi göstəricilərinə əsaslanan bu genişmiqyaslı elmi iş nüfuzlu "Frontiers in Nutrition" jurnalında dərc olunub.

Mütəxəssislər dərindən analiz aparmaq üçün iki böyük məlumat bazasından istifadə ediblər. Birinci qrupa Çindəki yerli klinikalardan birinin 1000-dən çox pasiyenti, ikinci qrupa isə ABŞ-nin məşhur qlobal "NHANES" layihəsinin 5 min iştirakçısı daxil edilib. Hər iki qrupda həm Helicobacter pylori bakteriyasının mövcudluğu, həm də qaraciyərdə patoloji piy toxumasının toplanması əlamətləri yoxlanılıb.

Tədqiqatın müəllifləri yekun olaraq belə bir qənaətə gəliblər ki, orqanizmində bu bakteriya aşkarlanan şəxslərdə qaraciyər xəstəliklərinin inkişaf riski digərlərinə nisbətən nəzərəçarpacaq dərəcədə yüksəkdir. Hesabatda xüsusi olaraq qeyd edilir ki, qaraciyərin bu cür piy basması fonunda daxili iltihabi proseslər alovlana, vaxtında müdaxilə edilmədikdə isə bu hal sirroz və digər ağır, geridönməz fəsadlara yol aça bilər.

Alimlərin ehtimallarına görə, Helicobacter pylori insan bədənində maddələr mübadiləsinin (metabolizmin) pozulmasına və xroniki daxili iltihaba səbəb olur. Məhz bu gizli bioloji mexanizmlər qaraciyər toxumasının zədələnməsində həlledici rol oynayır.

Əlavə olaraq, tədqiqatçılar fərdi riskləri qiymətləndirmək üçün süni intellekt və maşın öyrənməsi (machine learning) modelindən istifadə ediblər. Qaraciyər piylənməsinə təsir edən ən kritik faktorlar sırasında bədən kütlə indeksi (artıq çəki) və ümumi metabolik göstəricilərlə yanaşı, Helicobacter pylori infeksiyasının da ilkin sıralarda yer aldığı dəqiqliklə sübut olunub.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Dünya