Dəyişən dünya nizamı və ABŞ – İran razılaşması

post-img

I MƏQALƏ

ABŞ-İran razılaşması

İndi haqlı olaraq qlobal geosiyasətin gündəmində daha çox ABŞ-İran razılaşmasının konseptual təhlili ön sıraya çıxarılır. Bu məsələ iki ölkə münasibətlərinin siyasi-diplomatik münasibətlərinin hüdudlarından kənara çıxır və müasir siyasətin bir çox aspektlərinə təsir göstərir. Hətta bir sıra yanaşmalara görə, qlobal geosiyasətin yeni qüvvələr balansı üzrə nizamlanması istiqamətində həlledici rol oynaya bilər. Bu qənaət təsadüfi deyildir və heç bir halda Çin və Rusiya kimi böyük dövlətlərin geosiyasi statusunu arxa plana atmır.

İran məsələsi əsrlərdir davam edən və dünya siyasətinə spesifik təsir edən faktor kimi ciddi amil sayılır – burada dövlətin ənənəsi ilə real gücünün nisbəti əsas məqamdır. Yəni Almaniya, Fransa, Böyük Britaniya, Rusiya və Çin İrandan sosial-iqtisadi və ya hərbi aspektlərdə güclü ola bilərlər. Amma “İran dövlətçilik ənənəsindən” qaynaqlanan xüsusiyyətlər onu ABŞ, İsrail və Avropa üçün başqa məsələyə çevirmişdir.

Hələ XVII əsrdən Qərbin və Rusiyanın imperialist dairələrinin başlıca məqsədlərindən biri Osmanlı ilə yanaşı, Səfəvini də çökürtməkdən ibarət idi. Uzun tarixi savaşlardan sonra hər iki müsəlman imperiyasını dağıtdılar. Ancaq o imperiyaların şinelindən İran və Türkiyə kimi güclü dövlətlər çıxdı. Azərbaycanın taleyi fərqli oldu – bu, başqa mövzudur.

İranın da dövlət kimi taleyi XX əsrdə asan olmadı. Ancaq bu dövlət öz mövqeyi ilə seçildi. Burada din faktoru ilə yanaşı, dövlətçilik ənənəsi, Qərb və Rusiya ilə münasibətlərin xüsusi tarixçəsi ayrıca rol oynadı. Qısa desək, bütün bunlar və deyilməyən başqa məqamlar İran-Avropa, İran-Amerika və İran-Rusiya münasibətlərinə xüsusi dinamika və mürəkkəblik gətirdi. Onun fonunda İran Qərb üçün dövlət kimi dəyişməsi vacib olan hədəf halına gəldi.

ABŞ-İran münasibətlərinin ayrıca bir cəhətini İsrail faktoru təşkil edir. Bununla İran faktiki olaraq Amerika ilə münasibətlərini dini konteksti ciddi nəzərə almaqla İsrail, Avropa və Rusiya “üçbucağı”nda müəyyən etməli oldu. Burada ayrıca Yaxın Şərqin geosiyasi və siyasi-ideoloji özəlliklərini də nəzərə almaq lazımdır.

Vurğulanan şərtlər daxilində ABŞ-İran münasibətləri bir tərəfdən İsrail, digər tərəfdən isə Avropa və Rusiya ilə münasibətlər fonunda qarşıdurma müstəvisində yer aldı. Hazırda bu qarşıdurma çox kəskin mərhələdədir. Onun aradan qaldırılması bir neçə əsrdir ki, davam edən dağıdıcı geosiyasi trendin neytrallaşdırılması anlamına gələ bilər. Ona görə də dünya miqyasında ABŞ-İran razılaşmasına prinsipial geosiyasi dönüş məqamı kimi qiymət verənlər az deyildir.

Əlbəttə, həmin kontekstdə bu razılaşmanın həm regional, həm də qlobal miqyaslarda siyasi təsirləri maraqlıdır. Ona iki aspektdə yanaşmaq lazım gəlir.

Birincisi, əsrlərdir davam edən qarşıdurmanın cəmiyyətlərin şüuruna təsiri kontekstində şüurun militarizasiyası (hərbiləşdirilməsi) faktorunun sazişdən sonra aradan qaldırılması mümkünlüyü ilə bağlıdır.

İkincisi, regional və qlobal miqyasda özünü göstərən geosiyasi proseslər fonunda razılaşmanın qüvvələr balansına təsirinin müəyyən edilməsidir.

Şüurun militarizasiyası

“Militarizm” latınca “militaris”dəndir ki, mənası “hərbi” deməkdir. Müasir geosiyasi və siyasi təlimlərdə bu anlayış çox işlədilir və ona geniş funksional anlam verilir. Onların sırasında “şüurun militarizasiyası” (şüurun hərbiləşdirilməsi) xüsusi yer tutur. Qısaca ədəbiyyatda şüurun militarizasiyası ictimai şüura psixoloji, dəyər xarakterli və stereotip mahiyyətli məqamların yeridilməsini nəzərdə tutur. Onların hər biri daimi hərbi təhlükənin mövcudluğuna, hərbi gücün prioritetliyi və vətəndaş maraqlarının hərbi məqsədlərə çatılmasına tabe olmasına xidmət edir.

Deməli, ümumi halda şüurun militarizasiyası cəmiyyət üçün elə total psixoloji, sosial və ideoloji faktordur ki, hakimiyyət tərəfindən uzun müddət manipulyasiya (xüsusi məqsədlər üçün şüuru idarəetmə anlamında) olunur. Onun əlamətləri kimi, daim ölkəni mühasirəyə alınmış qala kimi, başqa ölkələri tam şər yuvası olaraq təqdim etmək (başqalarının “mütləq şər” obrazını yaratmaq) və güc tətbiqinə haqq qazandırmaq daha tez-tez özünü göstərir. Bu da insanların “bizimkilər həmişə haqlıdırlar” düşüncəsi donunda cəmiyyətdə təcavüzkarlıq və dözümsüzlüyü təkrar-təkrar körükləməyə meydan açır.

Terminoloji izaha dərindən baş vurmadan deyə bilərik ki, uzun müddət İran və Qərb cəmiyyətlərində məhz bu xətt üstünlük təşkil etmişdir. Hər iki tərəf insanların şüurunu rəqibin mütləq şər obrazını və bu prosesdə tam haqlı olduğu görüntüsü yaratmaq üstünlük təşkil etmişdir. Nəticədə, bu cəmiyyətlər bir-birini mütləq səviyyədə düşmən olaraq qəbul etmişlər.

Həmin xüsusiyyət İran və İsrail cəmiyyətlərində özünü daha çox göstərmişdir. Son müharibəni də İsrail “yəhudilərin ekzistensial varlığı” məsələsi kimi, İran isə “şeytanın tam məhv edilməsi müqəddəs işdir” tezisi fonunda aparmışlar. Buna görə də hər iki tərəf, üstəgəl ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və başqaları özlərini qalib elan etmişlər. Guya biri “şeytanı məhv etmiş”, digəri isə kimlərinsə ekzistensial varlığına olan təhlükəni aradan qaldırmışdır.

Bu cür qarışıq və tam qondarma militarist siyasi, psixoloji və ideoloji təbliğat prosesi ABŞ-İran razılaşmasının həm statusu, həm də davamlılıq potensialı ilə proqnostik nəticələr çıxarmaq üçün baza rolunu oynayır. Öncə daha konkret sual qoymaq lazım gəlir. Yəni əldə olunan razılaşmanın cəmiyyətlərdə hökm sürən militarist şüuru, düşüncəni aradan qaldırmaq potensialına malikdirmi? Çünki əks halda, çox asan surətdə bir müddət sonra hansısa tərəf mövcud balansı pozacaq təxribat edə bilər və cəmiyyət də bunu qəhrəmanlıq nümunəsi kimi dəstəkləyər. Bu üsulun qalıcı sülhə aparmadığına kimsə şübhə etmir.

Aydındır ki, məsələnin bu cür qoyuluşunda razılaşma mətninin bəndlərinin formal fiksasiya rolunu oynadığı məqamı mövcuddur. Həmin fikrin fonunda yuxarıdakı suala cavab axtaraq.

Çətinliklər

ABŞ-də şüurun militarizasiyası mədəniyyət və media vasitəsilə geniş təbliğ olunur. Hollivud kinematoqrafı və videosənayesi (məsələn, Call of Duty) amerikan əsgərinin məğlubedilməz obrazını yaratmaqla məşğuldur. Təhsildə xüsusi proqramlarla ABŞ ordusuna loyallığı kiçik yaşlarından təbliğ edirlər. İdman, siyasət, hüquq-mühafizə orqanları və iqtisadiyyat da bu yanaşmaya tabedir.

Son zamanlar şüurun hərbiləşdirilməsinə yeni bir faktor daxil edilib. Bu, “Tramp sindromudur”. Amerika prezidenti mütəmadi olaraq qaydasız döyüş səhnələrini seyr edir və bundan güc göstərişi düzəldir. Artıq hamı öyrəşmişdir ki, D.Tramp hər hansı ciddi hərbi zərbədən əvvəl və o baş verən zaman hansısa döyüş səhnəsini izləyib, ondan güc nümayişində istifadə edəcək.

İsrail və İranda da şüurun yüksək səviyyədə hərbiləşdirildiyi hər kəsə məlumdur. Biri din faktorundan istifadə edir, digəri qarşı tərəfin məhvedici antisivil obrazını təbliğ etmək əsasında, ümumiyyətlə, onu millətin varlığına təhlükə statusunda təqdim edir. Bu barədə geniş danışmağa ehtiyac görmürük.

Avropa və Rusiyada da bu problem ictimai şüurun dərinliklərinə yeridilmişdir. Almaniyalı jurnalist Oliver Vaynlayn “Berliner Zeitung”da yazır ki, Avropada militarizasiya yalnız zavodlarda mövcud deyildir – o, həm də insanların şüurlarında yer almışdır. Jurnalist metaforik (məcazi) qeyd edir ki, hərbi hazırlıq “səhər şoularında hava haqqında məlumat verilən kimi təqdim olunur”. Avropalılar bunun fonunda diplomatiyaya “real olmayan folklor” kimi baxırlar. Nəticədə Avropa ictimai şüuru hərbi qarşıdurmanı “yeni norma” olaraq qəbul edir.

Rusiyalı senator Lyüdmila Narusova isə “Forbes”ə verdiyi müsahibədə rusiyalıların şüurunun militarizasiyası kontekstində “İosif Priqojin effektindən” bəhs etmişdir. İosif Priqojin “Vaqner”i yaradandır. Rusiya parlamentinin deputatı vurğulayır ki, “cəmiyyət hərbi taqım deyildir” və onu bu məntiqlə idarə etmək olmaz. Bu, cəmiyyətdə hətta adi sağlam düşüncəni məhv edir.

Sazişin imkanları

Əlbəttə, ABŞ-İran razılaşmasına aid olan sənəd əhəmiyyətlidir. Ən azından ona görə ki, uzun illər davam edən qarşıdurma fəlsəfəsindən konstruktiv əməkdaşlıq və pozitiv geosiyasi konfiqurasiya yaratmaq müstəvisinə keçid üçün şans yaranmışdır. Artıq bir çox ciddi geosiyasi məsələləri həll etməyin ilk siyasi-hüquqi bazası mövcuddur. Vaşinqton və Tehran İsrailin yeritdiyi xəttə baxmayaraq, bu prosesi inkişaf etdirsələr, bütövlükdə, geniş bir geosiyasi məkanda fərqli yeniləşmə dinamikası, konfiqurasiya və qüvvələrin yeni balansı yarana bilər.

Burada realpolitika baxımından maraqlı və düşündürücü bir məqam vardır. Çünki uzun müddət sərt qarşıdurma şəraitində münasibətlərdə olmuş güclü tərəflərin qalıcı (yəni davamlı) konstruktiv əməkdaşlıq müstəvisinə praktiki keçidi hansı şərtlər daxilində baş verə bilər? İran ideologiyasından və dövlət kimi modelindən imtina edən deyildir. Razılaşmada aşağıdakı bəndlərin olması da bu baxımdan heç nəyi dəyişmir. ABŞ da özünü “qəhrəman dövlət” sayır. Orada yazılmışdır:

“– İran və ABŞ, eləcə də davam edən müharibədəki müttəfiqləri bu anlaşma memorandumunun imzalanması ilə eyni vaxtda Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını bəyan edir, bir-birinə qarşı heç bir düşmənçilik hərəkəti etməməyi, güc tətbiqi ilə hədələməməyi və ya istifadə etməməyi öhdələrinə götürürlər.

– İran və ABŞ bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, bir-birinin daxili işlərinə qarışmamağı öhdələrinə götürürlər.

– İran heç vaxt nüvə silahı hazırlamağa çalışmayacağını vurğulayır”.

Sənədin konkret bəndlərində məsələnin hələ açıq olduğunu ifadə edən şərtlər mövcuddur. Məsələn, orada “30 gün içində” və “60 gün müddətində” filan “addımlar atılmasa” kimi şərtlər yer almışdır. Bundan başqa, imzalanacaq sənədin BMT-də təsdiq olunması baş verməlidir.

Razılaşma memorandumunda yazılmışdır:

“– Tərəflər razılaşmanın və gələcək öhdəliklərin icrasına nəzarət etmək üçün mexanizm yaratmaq barədə razılığa gəlirlər.

– Bu anlaşma memorandumunun imzalanmasından və fərdi müddəaların icrası üçün zəmanətlərin alınmasından sonra yekun razılaşma üzrə danışıqlar davam edəcək.

– Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiqlənməlidir”.

Son illərdə BMT-də imzalanan sənədlərə nə dərəcədə əməl edildiyini göstərən təcrübə toplanmışdır. Güclü tərəf lazım bildiyi halda BMT-nin təsdiq etdiyi sənədi arxivə ata bilir.

Deməli, sənədin məzmunu normal və praktiki əhəmiyyəti olandır. Lakin onun reallaşması mexanizmi dəqiq işlənməli və iki dövlət tərəfindən qəbul edilməlididr. Bəs bu aspektdə istiqamətverici təcrübə mövcuddurmu? Bu kontekstdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya səfərindən sonra söylədiyi aşağıdakı fikirlər maraq yaradır:

“Region ölkələri olaraq aşağıdakıları qəbul etməliyik: rəqabət və dominantlığa can atmaq əvəzinə, əməkdaşlığa üstünlük verməliyik. Yaxın Şərqdəki son hadisələr kontekstində bu yanaşmanın tədricən genişləndiyini görürük. Eyni baxış bucağı ilə iqtisadiyyatlarımızı gücləndirə və Cənubi Qafqazda və Mərkəzi Asiyada sabitliyi artıra bilərik. Dominantlığa can atmağı dayandırmalıyıq”. Nazir xüsusi vurğulayıb ki, “3+3” formatı Qafqazda əməkdaşlığı asanlaşdıracaq.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət