Ermənistan Qərb ölkələri ilə birgə təlimlərə başladı

post-img

“Qartal tərəfdaşı 2026” hərbi hazırlıq, yoxsa siyasi mesajdır?

İyunun 17-dən Ermənistanda “Qartal tərəfdaşı 2026” hərbi təlimlərinə start verilib. ABŞ-ın Ermənistandakı səfirliyindən bildirilib ki, bu, artıq ənənəvi xarakter alan illik təlimdir və İrəvan–Vaşinqton uzunmüddətli müdafiə əməkdaşlığına, eləcə də beynəlxalq sülhməramlı missiyalara hazırlıq sahəsində birgə fəaliyyətə əsaslanır.

Məlumata görə, iyunun 25-dək davam edəcək təlimlərin iştirakçı tərkibi genişləndirilib. Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ Ordusunun Avropa və Afrika komandanlığının quru qoşunları və Kanzas Milli Qvardiyasının hərbçiləri ilə yanaşı, Fransa və Yunanıstan silahlı qüvvələrinin nümayəndələri də təlimlərə qatılırlar. Səfirliyin açıqlamasında qeyd olunub ki, birgə çoxtərəfli təlimlər sayəsində “Eagle Partner 2026” iştirakçıların qarşılıqlı fəaliyyət qabiliyyətini artırır, qabaqcıl təcrübə mübadiləsinə şərait yaradır və sülhməramlı qüvvələrin hazırlıq səviyyəsini gücləndirir.

“Armenpress”in Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumatda isə bildirilib ki, artıq ənənəvi xarakter almış bu hərbi təlimləri beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçirilir. Nazirlik təlimlərə qatılan hərbi qulluqçuların say tərkibini də açıqlayıb. Məlum olub ki, təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının 250, ABŞ Ordusunun Avropa və Afrika komandanlığının quru qoşunları və Kanzas Milli Qvardiyasının 58, Fransa silahlı qüvvələrinin 24 və Yunanıstan silahlı qüvvələrinin 11 nəfər hərbi qulluqçusu iştirak edir.

Həmçinin bildirilib ki, təlimlər zamanı sülhməramlı tapşırıqların hazırlanması və icrası üzrə məşğələlər keçirilir. O da qeyd edilib ki, təlimin məqsədi beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsinin həyata keçirilməsi, eləcə də Ermənistan silahlı qüvvələrinin sülhməramlı bölməsinin hazırlıq səviyyəsinin möhkəmləndirilməsidir. “Sülhməramlı missiyalara hazırlıq çərçivəsində beynəlxalq sülhməramlı əməliyyatlara cəlb olunmağa hazırlaşan bölmələr vaxtaşırı tərəfdaş ölkələrdə keçirilən bu kimi birgə hərbi təlim və məşqlərdə iştirak edirlər”, – deyə Ermənistan MN bildirib.

Qeyd edək ki, budəfəki təlimlər sayca dördüncüdür. Ermənistan–ABŞ hərbi əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirilən təlimlər ilk dəfə 2023-cü ilin sentyabrında keçirilib. O zaman Ermənistan hökuməti bildirmişdi ki, məqsəd BMT mandatı çərçivəsində həyata keçirilən sülhməramlı əməliyyatlara hazırlığı təkmilləşdirməkdir. ABŞ isə bunu Cənubi Qafqaz ölkəsi ilə hərbi əməkdaşlığı inkişaf etdirmək və Ermənistanın beynəlxalq təhlükəsizlik təşəbbüslərinə inteqrasiyasını gücləndirmək kimi təqdim etmişdi. Təlimlərdə əsasən kiçik bölmələr səviyyəsində taktiki tapşırıqlar, müdafiə və hücum əməliyyatlarının planlaşdırılması, fövqəladə hallarda təxliyyə və tibbi yardım prosedurları, həmçinin müasir rabitə sistemlərindən istifadə qaydaları öyrədilir. Ermənistan tərəfi bildirir ki, bu təlimlər üçüncü ölkələrə qarşı yönəlməyib və sırf sülhməramlı xarakter daşıyır.

***

Təlimlər ətrafında aparılan müzakirələr Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin hələ də diqqət mərkəzində qaldığını göstərir. Bununla yanaşı, son illərlə müqayisədə regionun siyasi mənzərəsində ciddi dəyişikliklərin baş verdiyi də nəzərdən qaçmamalıdır. Əgər 2023-cü ildə keçirilən ilk təlimlər Azərbaycan–Ermənistan münasibətlərində gərginliyin davam etdiyi, tərəflər arasında tam etimadsızlıq mühitinin hökm sürdüyü bir dövrə təsadüf edirdisə, hazırkı vəziyyət xeyli fərqlidir. Bu gün regionda əsas gündəm mövzusu qarşıdurma deyil, sülhün möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasıdır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan nəticələr, sərhəd məsələləri üzrə aparılan danışıqlar və sülh prosesinin irəliləməsi əvvəlki dövrlərdə müşahidə olunan təhlükəsizlik narahatlıqlarının əhəmiyyətli hissəsini aradan qaldırıb. Məhz buna görə Ermənistanda keçirilən bu təlimlər Azərbaycanda əvvəlki illərdə olduğu kimi, ciddi narahatlıq və ya geniş müzakirələr doğurmur. Əlbəttə, hər hansı hərbi təlim region ölkələrinin diqqətində olur. Lakin təlimin mahiyyəti və iştirakçıların sayı nəzərə alındıqda onun daha çox sülhməramlı hazırlıq və hərbi peşəkarlığın artırılması məqsədi daşıdığı görünür.

Digər mühüm məqam son dövrlər Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan müsbət dinamika ilə bağlıdır. Donald Trampın hakimiyyətə qayıdışından sonra Vaşinqtonun Bakı ilə münasibətlərində yeni səhifənin açıldığı müşahidə edilir. İki ölkə arasında siyasi dialoq intensivləşib, qarşılıqlı maraq doğuran məsələlər üzrə təmaslar artıb. Bu fonda ABŞ-ın Ermənistanla keçirdiyi hərbi təlimlər əvvəlki illərdə olduğu kimi geosiyasi rəqabətin elementi kimi qəbul edilmir. Əksinə, Vaşinqtonun regionun bütün əsas aktorları ilə işləməyə çalışdığı görünür.

Bununla belə, təlimlərin iştirakçı tərkibində Fransa və Yunanıstanın yer alması müəyyən suallar yaradır. Son illərdə hər iki ölkə Ermənistanla hərbi əlaqələri nəzərəçarpacaq dərəcədə genişləndirib. Xüsusilə Fransa müxtəlif səviyyələrdə Ermənistana siyasi və hərbi dəstək göstərən dövlət kimi çıxış edir. Parisin regionla bağlı bəzi mövqeləri isə Bakıda birmənalı qarşılanmır. Azərbaycan Fransanın Cənubi Qafqazda destruktiv rol oynadığını dəfələrlə bəyan edib. Rəsmi Bakı bildirib ki, Parisin İrəvana birtərəfli siyasi və hərbi dəstəyi regionda etimad mühitinin formalaşmasına xidmət etmir. Bu çərçivədə Fransa hərbçilərinin təlimlərdə iştirakı İrəvan–Paris müdafiə əməkdaşlığının praktiki davamı kimi qiymətləndirilir.

Yunanıstan da son vaxtlar Ermənistanla müdafiə sahəsində əməkdaşlığı artıran ölkələr sırasındadır. Afina ilə İrəvan arasında imzalanan sənədlər, keçirilən görüşlər və müdafiə sahəsində qurulan əlaqələr bunun göstəricisidir. Hər iki ölkənin regiondakı proseslərə yanaşması bəzən yeni əməkdaşlıq mühitinin formalaşmasına deyil, köhnə qarşıdurma xəttinin saxlanmasına xidmət edən təsir bağışlayır. Məhz bu səbəbdən təlimlərin özündən daha çox Fransa və Yunanıstan faktoruna diqqət yetirilir. Çünki Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə ehtiyac duyulan bir vaxtda regiondan kənar bəzi oyunçuların birtərəfli siyasəti əlavə suallar yaradır. Cənubi Qafqazın gələcəyi hərbi bloklaşmalardan və geosiyasi rəqabətdən deyil, qarşılıqlı etimadın artırılmasından, kommunikasiyaların açılmasından və iqtisadi əməkdaşlığın genişlənməsindən keçir.

Hazırkı mərhələdə “Qartal tərəfdaşı 2026” təlimlərinə məhz bu kontekstdə baxmaq daha məqsədəuyğundur. Təlimlərin keçirilməsi regionda hərbi-siyasi vəziyyəti dəyişdirəcək hadisə kimi görünmür. Əsas məsələ Azərbaycan və Ermənistan arasında formalaşmaqda olan sülh mühitinin qorunmasıdır. Əgər bu proses davam edərsə, regionda keçirilən hərbi tədbirlər də əvvəlki illərdə olduğu kimi gərginlik mənbəyi deyil, adi beynəlxalq əməkdaşlıq fəaliyyəti kimi qəbul olunacaq. Bunun üçün isə həm region ölkələrinin, həm də regiondan kənar aktorların məsuliyyətli davranması və sülh gündəliyinə zidd addımlardan çəkinməsi vacib olaraq qalır.

Səxavət HƏMİD
XQ

Siyasət