Türkiyə, regional sülh naminə qarant və ...Azərbaycanın şərti

post-img

Yaxud Hakan Fidanın Moskva səfəri ilə bağlı bəzi qeydlər

Ankara-İrəvan münasibətləri ilə bağlı son zamanların siyasi diskursuna diqqət yetirsək, Türkiyənin xarici işlər nazirinin “Türkiyə” qəzetinə müsahibəsində dedikləri yenilik sayılmamalıdır. Hərçənd, bəzi məqamların nəzərə alınmasına ehtiyac var. İlk növbədə, onu vurğulamaq lazımdır ki, H.Fidanın dedikləri onun iyunun 16-17-də Rusiyaya səfərinin yekunlarının şərhidir. Səfər göstərdi ki, Ankaranın regionla bağlı prinsipial baxışında hansısa dəyişiklik yoxdur. Səfər, həmçinin bu baxışa uyğunlaşmaq zərurətini də ortaya qoydu.

Onu da nəzərə alaq ki, Türkiyənin yanaşmasındakı sabit xətt Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra açıqlanır. O seçkilər ki, orada qazandığı qalibiyyət Baş nazir Nikol Paşinyan iqtidarının mühüm qərarların verilməsindəki legitimliyini gücləndirdi. O seçkilər ki, onu Rusiya, az qala, tanımamaq həddinə çatmışdı. Hesab edirik ki, H.Fidanın Moskvaya səfərindən sonra bu tendensiyada yumşalmalar qeydə alınacaq. Çünki səfər əsnasında Kremlin səsləndirdiyi mesajlarda Cənubi Qafqaz siyasi platforması, ümumən, region vahid orqanizm kimi vurğulanır. Bu vəziyyətin qarantı Ankaradır. Amma Türkiyənin şərti var və şərtin yerinə yetməsi Cənubi Qafqazın gələcəyinin real təminatıdır.

...Söhbət Azərbaycanın şərtindən gedir. O şərt ki, indiki məqamda onun dövriyyədə qalması Rusiya üçün sərfəlidir. Axı Kremlin öz oyun qaydaları var. Bu qaydalarda mühüm məqam Cənubi Qafqazın kənar qüvvələrin siyasi plasdarmına çevrilməsinə imkan verməməkdir. H.Fidanın Moskva səfərinin nəticələri Türkiyənin mövcud istiqamətdə də qarant olduğunu təsdiqləyir. Söhbət “3+3” regional məşvərət formatının ön plana çəkilməsindən gedir. Hazırda məhz bu platforma Rusiyanın regiondakı mövcudluğu baxımından ən etibarlı tutacaqdır. Hər halda, ölkənin başqa yolunun olmadığı da məlumdur...

Regionun inkişaf gündəliyi ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamə ilə müəyyənləşib. Yəni Bakı və İrəvan prosesə start verib. Məğzini sülhün təşkil etdiyi prosesə. Moskvanın isə Ermənistandakı parlament seçkiləri ilə bağlı tutduğu mövqe, daha doğrusu, oynadığı siyasi oyun antisülh motivli idi ki, bu, böyük ölçüdə avqustun 8-də müəyyənləşdirilmiş kursa zidd mahiyyət daşıdı. Amma Kremlin proqnozlaşdırdıqları həyata keçmədi.

Bununla belə, Rusiyanın regional düzəndə təmsilçilik ampluasının sıradan çıxdığını söyləmək olmaz. Həm də ona görə ki, Türkiyə onun mövcud düzəndəki təmsilçiliyinin tərəfdarıdır və H.Fidanın Moskvaya səfərinin məqsədinin məhz bu olduğu diqqətdən yayınmır. Çox güman, Ankara Kremli digər əlavə oyunlara əl atmamağa, vəziyyətlə barışmağa razı salıb. Əlbəttə, bu razılığın dividendləri də var. Bir şərtlə ki, Rusiya ənənəvi dominantlıq iddiasında olmasın.

Əslində, dominantlıq şanslarını itirmiş Rusiyaya rasional davranmaq daha sərfəlidir, nəinki Paşinyanın qələbəsini kiçildən məntiqə köklənmək. Başqa sözlə desək, Moskva region müstəvisində haqqında söz açdığımız tutacağı ilə kifayətlənməli, başqa tədbirlərdən daşınmalıdır. Çünki müvafiq potensial olmadan bu tədbirlər cılız siyasi oyun təsiri bağışlayır və Kremlin onsuz da bərbad günə düşmüş nüfuzunu bir qədər də zədələyir.

Ümumiləşdirmə aparsaq, deyə bilərik ki, hazırda regionun müəyyənləşdirilmiş axarı Ermənistandan asılıdır. Bunu dolayısıyla H.Fidan da vurğuladı. O bildirdi ki, Türkiyə hakimiyyəti zəruri şərtlər yarandığı təqdirdə, Ermənistanla münasibətlərin normallaşmasına hazırdır: “Nikol Paşinyan hökuməti (normallaşma məsələsində - red.) çox mühüm addımlar atıb. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın iradəsi ilə birbaşa ticarətin və hava nəqliyyatı əlaqələrinin qurulması da daxil olmaqla, bir çox vacib addımlar atılıb. Yeni dövrdə daha nələrin edilməli olduğu da aydındır. Bunun üçün zəruri şərtlər yarandıqda biz normallaşmaya hazırıq”.

İrəvan Bakının yekun sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərti yerinə yetirməlidir. Söhbət Ermənistan konstitusiyasının ərazi iddiası məntiqindən xilasından gedir. Bunun üçün isə ölkədə referendum keçirilməli, hay əsas qanunu işğalçı mahiyyətli İstiqlaliyyət Bəyannaməsinə istinaddan qurtulmalıdır. Hesab edirik ki, H.Fidanın şərt məntiqi də bu məqamla bağlıdır.

Yeri gəlmişkən, Türkiyə XİN rəhbəri iyunun 8-də İstanbulda azərbaycanlı və gürcü həmkarı ilə görüşdən sonra da bildirmişdi ki, ölkəsi Ermənistanla dialoqu Azərbaycanla koordinasiya şəraitində davam etdirir və Bakı ilə İrəvan arasında sülh sazişinin gecikmədən imzalanmasını arzulayır. O, həmçinin Bakının legitim narahatlıqlarının nəzərə alınmasının vacibliyini vurğulamışdı.

Azərbaycanın narahatlığı həm də Türkiyənin narahatlığıdır. O anlamda ki, regional düzənin sabitliyi, sülhün davamlılığı və fundamental obraz qazanması üçün bütün ziddiyyətlər tarixin arxivinə göndərilməlidir. Ermənistan konstitusiyası ziddiyyət saçan sənəddir. Hay cəmiyyəti referendumla bu sənədin İstiqlaliyyət Bəyannaməsinə istinadla özünü göstərən qonşulara ərazi iddiası kazusunu kənara qoymalıdır. Kənara qoymalıdır ki, Ermənistan əməkdaşlıq yolunda inam və etimad qazansın.

N.Paşinyanın “Mülki müqavilə” partiyasının qələbəsinə baxmayaraq, Ermənistanda parlament seçkilərindən sonra formalaşmış siyasi ab-hava erməni iqtidarının referenduma getmək, ümumən, konstitusion islahatlar keçirmək imkanlarını məhdudlaşdırır. Rusiya istəyinə nail ola – Paşinyan iqtidarını seçki yolu ilə devirmək planını gerçəkləşdirə bilməsə də, ruspərəst müxalifətin parlamentdə əhəmiyyətli mandat sayı əldə etməsi erməni hakim komandasının böyük dəyişikliklər yolundakı leqal maneəsidir. Mövcud durumda Ermənistan cəbhəsində Qərbin və Rusiyanın üstünlüyü nisbidir. Deməli, tərəflərin ortaq məxrəcə gəlmələri, anlaşmaları mütləqdir. Bu anlaşmada onlardan heç birinin avantürist iddialarda olmamasına təminat lazımdır.

Ən böyük təminat erməni xalqının müstəqil iradəsidir ki, məhz bu iradə dünyaya bəyan edilməlidir. Bəyan edilməlidir ki, Cənubi Qafqazın qan-qadadan uzaq, əməkdaşlıq məkanı statusu formalaşsın. Heç bir siyasi məqsədləri hədəf seçməyən, sırf iqtisadi yüklü əməkdaşlıq məkanı statusu. Elə bir status ki, region xalqlarına rifah və əmin-amanlıq gətirsin.

Regionun rifaha və əmin-amanlığa əsaslanmış düzən bütövlükdə dünya üçün əhəmiyyətlidir. Yəni beynəlxalq birlik sülhün üzərində, bir növ, əsməlidir, bu, öz yerində. Amma Cənubi Qafqaz platformasında hansısa lokal siyasi məqsədlər gerçəkləşdirmək istəyənlərin tapılmayacağını düşünmək sadəlövhlük olardı. O cümlədən Rusiyanın gələcəkdə hərəkətə keçməyəcəyini, oyun qaydalarını pozmayacağını, sırf imperiya xislətindən irəli gələn davranışlara cəhd göstərməyəcəyini söyləmək yerinə düşmür. Lakin yuxarıda vurğuladığımız fundamentallıq düsturuna malik Azərbaycan–Ermənistan sülhü belə hallara imkan verməyəcək böyük immunitetdir. Deməli, immunitetin formalaşması prosesini təxirə salmaq olmaz. Və deməli, Rusiyanın Ermənistandakı əlaltılarına müvafiq göstəriş verməsi lazımdır. Göstəriş verməlidir ki, obrazlı desək, hərəkətdə olan sülh qatarının çarxına çomaq soxmağa cəhd göstərilməsin...

Ə.RÜSTƏMOV
XQ

Siyasət