Azərbaycanın Bolqarıstandakı səfirliyində 18 iyun – Dayanıqlı Qastronomiya Günü münasibətilə tədbir keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi 18 iyun - Dayanıqlı Qastronomiya Gününə həsr olunmuş xüsusi tədbir təşkil edib.

XQ xəbər verir ki, tədbirdə Azərbaycan və Bolqarıstandan dövlət rəsmiləri, merlər, kənd təsərrüfatı, turizm, ətraf mühit, qonaqpərvərlik və qastronomiya sahələrinin nümayəndələri, akademik dairələrin və media qurumlarının təmsilçiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edərək qastronomiyanın dayanıqlı inkişaf, mədəni irsin qorunması və ətraf mühitə məsuliyyətli yanaşmanın təşviqindəki rolunu müzakirə ediblər. Tədbirdə, həmçinin Bolqarıstan Prezidentinin Xarici siyasət məsələləri üzrə müşaviri Səfir Meqlena Pluqçiyeva, Turizm nazirinin müavini Mariela Modeva, Sofiya şəhərinin Sredes mərkəzi rayonunun meri Trayço Traylov, İstok rayonunun meri İril Ferati, merlərin müavinləri, Xarici işlər nazirliyinin mədəniyyət xidmətinin rəhbəri Yavor Koynakov, Bolqarıstan Kulinariya Akademiyasının rəhbəri Yoana Mileva və digər şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elmar Məmmədov iştirakçıları salamlayaraq Azərbaycanın kulinariya ənənələri, mədəni irsi və dayanıqlı inkişaf arasında mövcud olan dərin bağlılıqdan bəhs edib. Səfir qeyd edib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi hələ XII əsrdə öz əsərlərində insan və təbiət arasında harmoniyanın əhəmiyyətindən bəhs edibdir.  Səfir vurğulayıb ki, Azərbaycanın zəngin kulinariya irsi insan, mədəniyyət və təbii mühit arasında tarazlıq fəlsəfəsini özündə parlaq şəkildə əks etdirir.

Səfir həmçinin bildirib ki, Azərbaycan mətbəxi əsrlər boyu formalaşmış təbiətə hörmət, mövsümi məhsullardan istifadə, biomüxtəlifliyin qorunması və təbii ehtiyatlardan məsuliyyətli istifadə ənənələrini özündə yaşadır.

Səfir dayanıqlı qastronomiyanın Azərbaycanın COP29 Sədrliyi çərçivəsində irəli sürülmüş, iqlim dayanıqlılığını, bilik mübadiləsini və dayanıqlı kənd təsərrüfatı təcrübələrini təşviq edən COP29 Fermerlər üçün Harmoniya İqlim Təşəbbüsünün məqsədləri ilə sıx bağlı olduğunu da vurğulayıb. Birləşmiş Millətlər Təşkilatının 2026-cı ili Beynəlxalq Qadın Fermerlər İli elan etməsinin əhəmiyyətini qeyd edərək, qadınların kənd təsərrüfatı və qlobal ərzaq sistemlərinə verdiyi mühüm töhfəni də diqqətə çatdırıb.

Sonra, Plovdiv Qida Texnologiyaları Universitetinin Qida Elmləri və Texnologiyaları professoru, Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Hafizə Fidan, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rəhbər Orqanlar üzrə mütəxəssisi Şahnur Şahinzadə, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova müxtəlif mövzularda məruzələr ediblər.

Müzakirələrdən sonra qonaqlar Azərbaycan milli mətbəxinin ənənəvi nümunələrinin təqdimatına dəvət olunublar. Təqdimat zamanı Bakı Slavyan Univrrsitetinin “Müqəddəs Kliment Oxridski” adına Sofiya Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska tərəfindən Azərbaycan mətbəxinin tarixi və xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.

İştirakçılar müxtəlif ənənəvi Azərbaycan yeməkləri və şirniyyatlarını dadıblar.

Tədbir Azərbaycanın zəngin qastronomik irsinin təbliği ilə yanaşı, dayanıqlı ərzaq sistemlərinin inkişafı, ənənəvi biliklərin qorunması, yerli icmaların dəstəklənməsi və məsuliyyətli istehlakın təşviqi mövzularında dialoqun genişləndirilməsi üçün mühüm platforma rolunu oynayıb. Eyni zamanda, qastronomiyanın mədəni diplomatiyanın inkişafına və Azərbaycan ilə Bolqarıstan xalqları arasında insanlararası əlaqələrin daha da möhkəmlənməsinə verdiyi töhfə bir daha vurğulanıb.

Sosial həyat