19 İyun – Beynəlxalq Gəzmək Günü: Sağlamlığa aparan ən sadə yol

post-img

Müasir dövrün sürətli ritmi, uzun saatlarla kompüter qarşısında işləmək, nəqliyyat vasitələrindən həddindən artıq istifadə və fiziki hərəkətin azalması insan sağlamlığı üçün ciddi risklər yaradır. Halbuki sağlam həyatın ən sadə, əlçatan və təsirli vasitələrindən biri elə gündəlik gəzməkdir. Təsadüfi deyil ki, hər il 19 iyun tarixi Dünya  Gəzinti Günü kimi qeyd olunur. 

Hər il qeyd olunan bu gün 1979-cu ildə ABŞ-ın Miçiqan ştatındakı Makinak  adasında yaradılmışdır. Günün təşəbbüskarı həmin adada yerləşən Grand Hotel-in ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı W.T. (Bill) Rabe olmuşdur. O, bu günü 1970-ci illərdə geniş yayılan qaçış (jogging) tendensiyasına alternativ olaraq təsis etmiş, insanları həyatın sürətli tempindən uzaqlaşmağa, təbiəti və ətraf mühiti daha diqqətlə müşahidə etməyə, gəzintidən zövq almağa çağırmışdır. Dünya Gəzinti Günü rəsmi olaraq BMT tərəfindən elan edilmiş beynəlxalq günlər sırasında yer almasa da, dünyanın müxtəlif ölkələrində sağlam həyat tərzini və zehni rifahı təşviq edən maarifləndirici gün kimi qeyd edilir.

Bu gün insanlara xatırladır ki, sağlamlıq üçün bəzən bahalı avadanlıqlara, xüsusi məşq proqramlarına və ya mürəkkəb üsullara ehtiyac yoxdur. Bir neçə addım atmaqla başlayan yol daha sağlam ürəyə, güclü immunitetə, aydın düşüncəyə və yüksək həyat keyfiyyətinə aparır. Gəzmək sadəcə bir hərəkət deyil, insanın öz sağlamlığına göstərdiyi qayğının, həyatına verdiyi dəyərin ifadəsidir.

Həkimlər və mütəxəssislər uzun illərdir ki, müntəzəm gəzintinin insan orqanizminə çoxşaxəli müsbət təsirlərini vurğulayırlar. Gündə ən azı 30 dəqiqə sürətli tempdə gəzmək ürək-damar xəstəliklərinin yaranma riskini azaldır, qan dövranını yaxşılaşdırır və arterial təzyiqin tənzimlənməsinə kömək edir.

Gəzinti zamanı orqanizm daha çox oksigen qəbul edir, əzələlər fəallaşır, maddələr mübadiləsi sürətlənir. Bu isə artıq çəki və piylənmə ilə mübarizədə mühüm rol oynayır. Eyni zamanda, şəkərli diabet riskinin azalmasına, qanda şəkərin səviyyəsinin tənzimlənməsinə və xolesterinin normallaşmasına müsbət təsir göstərir.

Həkimlər qeyd edirlər ki, gəzməyin faydaları yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Açıq havada edilən gəzintilər stress və gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, narahatlıq və depressiya əlamətlərinin yüngülləşməsinə kömək edir. Hərəkət zamanı beyində “xoşbəxtlik hormonları” adlandırılan endorfinlərin ifrazı artır ki, bu da insanın özünü daha enerjili və rahat hiss etməsinə səbəb olur.

Təbiət qoynunda, park və ya bulvarlarda edilən gəzintilər zehni yorğunluğu aradan qaldırır, diqqət və yaddaşı gücləndirir. Mütəxəssislər hesab edirlər ki, gündəlik gəzinti insanın məhsuldarlığını artıran və psixoloji dayanıqlığını gücləndirən ən sadə vasitələrdən biridir.

Gəzməyin üstünlüklərindən biri də onun hər yaş qrupu üçün əlçatan olmasıdır. Uşaqlardan tutmuş yaşlı insanlara qədər hər kəs öz fiziki imkanlarına uyğun temp seçərək bu fəaliyyətdən faydalana bilər. Digər idman növləri ilə müqayisədə zədə riski daha aşağı olduğundan gəzmək təhlükəsiz fiziki aktivlik hesab olunur.

Ailə üzvləri ilə birlikdə edilən gəzintilər sosial münasibətləri möhkəmləndirir, insanların bir-biri ilə daha çox ünsiyyət qurmasına şərait yaradır. Bu baxımdan gəzmək həm də cəmiyyətin sağlam həyat tərzinin formalaşmasına xidmət edən mühüm amildir.

Beynəlxalq Gəzmək Günü insanları hərəkətli həyata təşviq etməklə yanaşı, şəhərlərdə piyada mədəniyyətinin inkişafının, sağlam həyat tərzinin təşviqinin və ekoloji düşüncənin formalaşdırılmasının vacibliyini də ön plana çıxarır. Daha çox gəzmək həm insan sağlamlığına, həm də ətraf mühitin qorunmasına töhfə verir.

İnsan sağlamlığının ən etibarlı sərmayəsi gündəlik həyatımızda etdiyimiz düzgün seçimlərdədir. Gəzmək isə bu seçimlərin ən sadəsi və ən təsirlilərindən biridir. Hər addım ürəyin daha sağlam döyünməsinə, nəfəsin daha rahat alınmasına, düşüncələrin daha aydın olmasına xidmət edir. Gəlin sağlam həyatın ritmini addımlarımızla müəyyənləşdirək.

 

Nurəngiz Adilqızı

XQ 

 

Sosial həyat