Qara dəlikdən işıq sürətinin 30%-i ilə püskürmə qeydə alınıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Astronomlar "XMM-Newton" və "NuSTAR" teleskoplarının köməyi ilə uzaq kosmosdakı ifrat kütləli qara dəlikdən gələn ən güclü və ifrat sürətli qaz axınını (püskürməni) aşkarlayıblar. Tədqiqat Böyük Partlayışdan təxminən 2 milyard il sonrakı dövrə aid olan parlaq WISSH13 kvazarına həsr edilib. Bu kvazarın mərkəzindəki qara dəlik Günəşdən 2 milyard dəfə ağırdır və maddəni elə bir sürətlə udur ki, onun parlaqlığı öz kütləsinə görə gözləniləndən 3 dəfə daha çoxdur.

İfrat sürətli püskürmələr qara dəliyin akkresiya diskinin ətrafından işıq sürətinin 10%-indən də yüksək sürətlə xaricə atılan qaz axınlarıdır. Onlar həm qara dəliyin, həm də onun yerləşdiyi qalaktikanın böyüməsinə birbaşa təsir edir: ətrafdakı qazı qızdırır, ulduzların yaranmasını ləngidir, bəzən isə qalaktikadakı ulduz əmələgəlmə prosesini tamamilə söndürür. Bu adətən Böyük Partlayışdan 1,6–3,5 milyard il sonra, yəni "kosmik günorta" adlandırılan dövrdə daha çox rast gəlinir.

Alimlər yeni müşahidə nəticələrini 2017-ci ilin arxiv məlumatları ilə birləşdirərək kvazarın yüksək keyfiyyətli rentgen spektrini əldə ediblər. Spektrdə iki udulma xətti aşkarlanıb ki, bu da püskürmənin işıq sürətinin 10%-i və 30%-i ilə hərəkət edən iki fərqli komponentdən ibarət olduğunu sübut edir. Nisbətən zəif sürətli komponent uzun müddətdir mövcuddur, sürətli olan isə vaxtaşırı meydana çıxır.

Bu iki komponent birlikdə ildə 21-24 Günəş kütləsi həcmində maddəni xaricə tullayır ki, bu da bəşəriyyətə məlum olan ən güclü kosmik fırtınalardan biridir. Üstəlik, bu hadisə qravitasiya linzalanması (böyüdülməsi) olmadan bir kvazarda tapılan ən uzaq ifrat sürətli püskürmə kimi tarixə düşüb. Gələcəkdə bu növ kosmik küləkləri daha dərindən araşdırmaq üçün orbitə buraxılacaq yeni "NewAthena" rentgen rəsədxanasından istifadə olunacaq.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Elm