Koreya şirkətləri üçün Azərbaycanda yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Koreya Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Chung Eui-Hae Cecilia ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən XQ-yə bildirilib ki, görüşdə Azərbaycan ilə Koreya arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətlərinin biznes mühiti və fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Bildirilib ki, ölkələr arasında formalaşmış səmərəli əməkdaşlıq mühiti iqtisadi tərəfdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Azərbaycan Koreya ilə ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verir.

Qeyd olunub ki, Azərbaycanın regionda həyata keçirdiyi genişmiqyaslı enerji, nəqliyyat-logistika layihələri, eləcə də alternativ enerji ixracı sahəsində planları Koreya şirkətləri üçün yeni əməkdaşlıq və investisiya imkanları yaradır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.



İqtisadiyyat