Lənkəranda sitrusçuluq dirçəldilir

post-img

Məhsuldarlığı artırmaq fermerlərin əsas hədəfidir

Lənkəran ölkəmizdə subtropiklər diyarı kimi tanınır. Ətirli meyvə bağları bu yerlərin cazibədarlığını daha da artırır. Xüsusən payız və qış aylarında limon, naringi, portağal bağları nadir nemətlərin sərgisini xatırladır, ətri, dadı, gözəlliyi ilə könülləri oxşayır.

Rayonda sitrusçuluğun bir əsrə yaxın tarixi var. Kərgəlan kənd sakini, 73 yaşlı Hacı Xanhüseyn Səfərov ali təhsilli aqronomdur. Ömrünü torpağa həsr edib. Təqaüddə olsa da, iş-gücdən ayrıla bilmir. Şəxsi ailə təsərrüfatında sitrusçuluqla məşğul olur. Peşəsinin vurğunudur.

Ağsaqqal fermer 1930-cu ildən başalayaraq əvvəl qonşu Astara rayonunda, sonra isə Lənkəranda limon, naringi, portağal, feyxoa və digər subtropik bitkilərin yetişdirildiyini bildirir. Sovet dönəmində sitrus meyvə bağları planlı şəkildə ilbəil artırılıb.

“Çox yaxşı xatırlayıram”, – deyə Hacı Xanhüseyn ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu 1970-1980-ci illərdə Lənkəran iqtisadi rayonunda tərəvəzçilik, çayçılıqla yanaşı, subtropik və sitrus meyvə bağlarının da sürətlə genişləndirildiyini qeyd edir. O illərdə Lənkəranda məhsul bayramlarının keçirildiyini, dövlətin zəhmət adamlarının əməyinin yüksək qiymətləndirdiyini vurğulayır. Azərbaycanın müdrik rəhbərinin dəfələrlə tarlalarda, iş başında Lənkəran əməkçiləri ilə görüşdüyünü, ənənəvi məhsul bayramlarında şəxsən iştirak etdiyini xatırlayır.

Fermer fəxrlə 1974-cü il yanvar ayının 15-16-da ulu öndər Heydər Əliyevin Baloğlan Abbasov adına sovxoza da baş çəkdiyini, sahələrdə polietilen örtük altında becərilən tərəvəz, çay plantasiyalarının vəziyyəti ilə yaxından tanış olduğunu xoş duyğularla yada salaraq dedi ki, rəhbərin rayona hər gəlişi, aqrar sahənin inkişafına göstərdiyi misilsiz qayğı, tövsiyə və tapşırıqları kənd əməkçilərini daha yaxşı işləməyə, qurub-yaratmağa ruhlandırırdı.

Təəssüf ki, 1987-ci ildə Ümummilli liderin Kremldə siyasi hakimiyyətdən qərəzli şəkildə uzaqlaşdırılmasından sonra ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da kənd təsərrüfatının tənəzzül dövrü başlandı. Sitrus meyvə bağlarının bir qismi heç bir səbəb olmadan ləğv edilib yerində dənli-taxıl, tərəvəz və digər bitkilər becərildi. Lakin yerli sakinlər artıq ənənəvi əkinçilik sahəsinə çevrilmiş sitrusçuluğu unutmadı, şəxsi təsərrüfatlarında sitrus meyvə ağacları əkib-becərdilər. Onlar min bir zəhmətlə yetişdirdikləri məhsulu ölkəmizin, eləcə də Rusiyanın bazarlarına yola saldılar. Lənkəranın sitrus meyvələri dadı, ətri, yüksək keyfiyyəti ilə fərqlənərək respublikamızdan kənarda da alıcı rəğbəti qazandı.

Şərqdən mavi gözlü Xəzər dənizi, qərbdən əzəmətli Talış dağları ilə əhatələnmiş subtropiklər diyarı min bir nemət yetirən məhsuldar torpaqlara, subtropik iqlimə, kifayət qədər su və əmək ehtiyatlarına malikdir. Rayonun iqtisadiyyatında aqrar-sənaye kompleksi mühüm yer tutur.

Qürurverici haldır ki, Ulu öndərin Lənkəranın sosial-iqtisadi inkişafına göstərdiyi yüksək diqqət və qayğını Prezident İlham Əliyev uğurla davam etdirir. 2017-ci il senyabrın 3-də dövlət başçısının sədrliyi ilə Lənkəran şəhərində keçirilmiş çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindən sonra müvafiq sərəncamlarla 2018-2025-ci illər üçün respublikada çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına dair, 2018-2027-ci illər üçün çayçılığın inkişafına dair dövlət proqramları qəbul olunub.

Prezident İlham Əliyev 2024-cü il yanvarın 16-da Lənkərana növbəti səfəri çərçivəsində "Lenk Fruit” Məhdud Məsuliyyətli Cəmiyyətin Separadi kəndində müasir innovativ texnologiyalar əsasında salınmış sitrus bağında yaradılan şəraitlə yaxından tanış olub. Dövlət başçısının aqrar sahənin inkişafına göstərdiyi yüksək qayğı kənd əməkçilərinin torpağa münasibətini dəyişib, onlarda sahibkarlıq hisslərini gücləndirib.

Lənkəran çoxşaxəli əkinçilik ənənələrinə malikdir. Ümumilikdə, rayonda 18 min 650 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Keçən il 8 min 672,7 hektarda kənd təsərrüfatı məhsulları yetişdirilib. Dəyəri 206 milyon 251 min 700 manat olan ümumi məhsul istehsalının 106 milyon 410 min 800 manatını bitkiçilik məhsulları təşklil edib. Əvvəlki illə müqayisədə ümumi məhsul istehsalı 8 faiz artıb.

Sitrusçuluq iqtisadi cəhətdən gəlirli sahə hesab olunur. Sitrus meyvəçiliyinin inkişafı, əhalinin sitrus məhsullarına tələbatının ödənilməsi, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi istiqamətində son illər rayonda xeyli iş görülüb. Kənd təsərüfatı müəssisələri və ailə təsərrüfatları 183 hektar sahədə yeni bağlar salıb. Hazırda rayonda 920 hektar sitrus bağı mövcuddur. Keçən il bağlardan 11 min 200 tondan artıq məhsul yığılıb.

Son illər sitrusçuluqda iri təsərrüfatların yaradılmasına üstünlük verilib. “Lenk Fruit” MMC, “Miran-19” MMC, “Preşkarden” MMC, “Miriya” MMC-yə məxsus bağlar rayonun iri sitrusçuluq təsərrüfatları sayılır.

“Lenk Fruit” MMC 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə ağacları əkib. Sitrus bağında yüksək məhsuldarlığa malik “dabli morqut” növlü naringi yetşdirilib. Müasir aqrotexniki xidmətlərin göstərildiyi bağda damcı üsulu tətbiq olunur.

Təsərrüfatda respublikamızda ilk dəfə olaraq havanın temperaturunu normal dərəcəyə salan, məhsulu şaxtadan qoruyan xüsusi avadanlıqlar quraşdırılıb. Bir avadanlıq 9 hektar ərazini şaxtadan qoruyur. Qarlı-şaxtalı qış aylarında da ağacların üstündə meyvəsi olur. Müasir texnologiyaların tətbiqi hesabına builki qış mövsümündə bağlardan 494 ton məhsul yığılıb. Orta hesabla bir hektarın məhsuldarlığı 35 tona çatıb.

Vətəni Yaponiya olan hallabonq çox qiymətli 10 meyvədən biri sayılır. Dünyada cəmi 5 ölkədə hallabonq əkilir. Artıq Lənkəran da bu qiymətli meyvənin vətəninə çevrilib. Rayonun Sütəmurdov və Velədi kəndlərində 15 hektar sahədə hallabonq bağı salınıb. Hər il bağlardan yüksək məhsul yığılır. Respublikamızda məhsula kifayət qədər alıcı tələbatı var.

Rayonda subtropik meyvələrin əkin sahələri də genişləndirilib. Feyxoa bağlarının sahəsi 5 min 16,4 hektara, kivi plantasiyaları 94,9 hektara çatdırılıb. Keçən il bağlardan 5 min 750,2 ton feyxoa, 130,4 ton kivi yığılıb.

Son vaxtlar ekzotik meyvəçiliyin inkişafına da maraq artıb. Ekzotik bitki sortlarından olan qaragilənin "Bluecrop" (mavigilə) növünün yetişdirilməsinə başlanılıb. Artıq 13,4 hektarda mavigilə bağı salınıb və bağlardan yüksək məhsul əldə olunub.

Sitrusçuluqda mövcud problemlər barədə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilk və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran təcrübə bazasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fərman Abdullayevlə həmsöhbət olduq. Təcrübəli alim fikrlərini bizimlə bölüşdü:

– Lənkəran bölgəsinin unikal iqlim şəraiti, münbit torpaqları subtropik və sitrus meyvələrinin yetişdirilməsi, onların yeni texnologiyalar əsasında emalı üçün geniş imkanlar açır. Son illər rayonda sitrusçuluq intensiv inkişaf etdirilir. Bununla yanaşı, çətinliklər, problemlər də az deyil. İlk növbədə, xaricdən gətirilən tinglərin rayonlaşdırılmasına, sitrusçuluğun elmi əsalarla inkişaf etdirilməsi məqsədilə müasir tingçilik təsərrüfatının yaradılmasına böyük ehtiyac vardır.

Alim onu da vurğuladı ki, təəssüf ki, sitrus bitkilərinin zərərvericilərdən və xəstəliklərdən qorunması üçün xaricdən gətirilən pestisidlərin keyfiyyəti çox aşağıdır, buna laboratoriya şəratində nəzarət olunmalıdır. Rayondakı soyuducu anbarların mövcud imkanları da tələbatı ödəmir, yeni, daha yüksək tutumlu anbarların tikilib istifadəyə verilməsinə ehtiyac var.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda meyvəçiliyin, o cümlədən sitrusçuluğun müasir innovativ texnologiyaların tətbiqi ilə inkişaf etdirilməsi ilə bağlı qarşıya konkret vəzifələr qoyulub. Lənkəranlı fermerlər bu mühüm vəzifələrin öhdəsindən layiqincə gəlmək əzmindədirlər.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



İqtisadiyyat