Xəzərin ekoloji durumu müzakirə olunub
Leyla Əliyevanın təşəbbüsü ilə Almaniyanın Bonn şəhərində “Dənizlərin enən səviyyəsi, çəkilən sahil xətləri, davamlılıq və qapalı su hövzələrinin gələcəyi: Xəzər dənizi nümunəsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələri təşkil olunub. Məclis iyunun 8-dən 16-dək BMT-nin iqlim sessiyası çərçivəsində keçirilib.
IDEA İctimai Birliyinin, BMT-nin Ətraf Mühit Proqramının (UNEP), COP29 Azərbaycan Sədrliyinin və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfdaşlığı ilə təşkil olunan tədbirin açılışında çıxış edən Leyla Əliyeva dənizlərin, çayların və göllərin hazırda planetimizin ən həssas ekosistemləri sırasında yer aldığını qeyd edib. O, Xəzər dənizində müşahidə olunan səviyyə enməsi, Xəzər suitiləri və digər canlıların sayında azalma kimi məsələlərə toxunub, bu cür çağırışların həllində bilik, təcrübə və davamlı məsuliyyətə əsaslanan yanaşmanın tətbiqinin vacibliyini vurğulayıb. IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən su hövzələrinin təmizlənməsi aksiyaları, balıq körpələrinin suya buraxılması və “Bir Damcı” layihəsi kimi təşəbbüslər qeyd olunub, bu cür addımların suya həyat və davamlılıq mənbəyi kimi məsuliyyətli münasibətin formalaşmasına xidmət etdiyi bildirilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil, COP31-in baş icraçı direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank və COP30-un baş icraçı direktoru Ana Toni tədbirin rəsmi hissəsində çıxış edərək, Xəzər dənizinin səviyyəsinin enməsi və qapalı su hövzələrinin ekoloji dayanıqlılığı ilə bağlı yaranan çağırışların qlobal iqlim gündəliyində diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıblar.
Sonra müzakirələr panel sessiyası formatında davam edib. Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, UNEP-in İqlim dəyişikliyi bölməsinin direktoru Martin Krauze, “Great Whale Conservancy” təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov, Qazaxıstanın Xəzər Dənizi üzrə Elmi-Tədqiqat İnstitutu və Finlandiyanın Oulu Universitetinin tədqiqatçısı Aziza Baubekova və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) SPECA MPTF Fondunun rəhbəri Kəmalə Hüseynli Xəzər dənizində suyun səviyyəsinin enməsinin ekoloji, elmi və sosial-iqtisadi təsirləri ətrafında fikir mübadiləsi aparıblar. Panel müzakirələrinin iştirakçıları bu kimi tədbirlərin elmi bilik və təcrübənin paylaşılması, habelə yeni tərəfdaşlıq imkanlarının yaradılması baxımdan mühüm platforma olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində, həmçinin Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.
Panel müzakirələri interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb.
BMT Baş katibinin müavini ilə görüş
Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin Baş katibinin müavini və Səhralaşma ilə mübarizə üzrə Konvensiyasının icraçı katibi Yasmin Fuad ilə görüşüb.
Görüşdə Azərbaycanda ekologiyanın qorunması, torpaq ehtiyatlarından səmərəli istifadə, eləcə də səhralaşma və quraqlıqla mübarizə üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə və regionda ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təşviqi istiqamətində icra olunan layihə və təşəbbüslər müzakirə olunub. Həyata keçirilən ağacəkmə aksiyalarının, yaşıllıq sahələrinin artırılmasının, mövcud meşə və ağac resurslarının qorunmasının iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, torpaq deqradasiyasının qarşısının alınması və ekoloji tarazlığın qorunması baxımdan əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və sosial-iqtisadi təzahürləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bu xüsusda Xəzər dənizində baş verən dəyişikliklərin sahilyanı ekosistemlərə, biomüxtəlifliyə və regionun ekoloji təhlükəsizliyinə mümkün təsirlərinə toxunulub. Məsələnin daha dərindən araşdırılması, həmçinin mümkün birgə həll yollarının müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə, həmçinin quraqlıq və səhralaşma kimi proseslərin vaxtında qarşısının alınmasının əhəmiyyəti, eləcə də IDEA İctimai Birliyi ilə UNCCD-nin ətraf mühitin mühafizəsi, quraqlığın və torpaq deqradasiyasının qarşısının alınması və ekoloji maarifləndirmə sahələrində mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
İqlim Dəyişikliyi üzrə icraçı katiblə görüş
Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə də görüş keçirib.
Görüşdə Azərbaycanın ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bu xüsusda, həmçinin IDEA İctimai Birliyinin sözügedən sahələr üzrə layihə və təşəbbüsləri, o cümlədən biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitlə bağlı maarifləndirmə tədbirləri, eləcə də nadir fauna növlərinin qorunması və ekosistemlərin bərpasına yönələn fəaliyyətləri diqqətə çatdırılıb. Eyni zamanda, mühafizə olunan təbiət ərazilərinin sahəsinin genişləndirilməsinin əhəmiyyəti və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasında rolu qeyd olunub.
Söhbət zamanı Xəzər dənizinin səviyyəsinin enməsinin səbəblərinin, bu prosesin ekoloji və sosial-iqtisadi təsirlərinin birgə öyrənilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda problemin qlobal iqlim gündəliyində daha geniş yer almasının vacibliyi vurğulanıb.
Bundan əlavə, gənclərin ekoloji məsuliyyətinin artırılması, eləcə də ətraf mühit və iqlim dəyişiklikləri ilə bağlı biliklərinin genişləndirilməsi məqsədilə UNFCCC ilə birgə ortaq təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.
XQ






