Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, tərkibinə Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev və Naxçıvan hərbi prokuroru Aqil Axundovun da olduğu nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün dəvəti ilə iyunun 15-də qardaş ölkənin Qars şəhərinə rəsmi səfər edib.
Qars Baş Prokurorluğunda Kamran Əliyevlə türkiyəli həmkarı Muhsin Şentürk arasında baş tutan görüş zamanı qeyd edilib ki, iki dövlət arasında strateji münasibətlər hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da dinamik inkişafına müsbət təsirini göstərir.
Kamran Əliyev qeyd edib ki, hazırkı səfərin əsas məqsədi sərhədyanı bölgələrin prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsidir. Bu transmilli xarakter daşıyan cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılmasına töhfə verməklə yanaşı, sərhəd regionlarında yaşayan vətəndaşlarının rastlaşdıqları hüquqi çətinliklərin operativ şəkildə aradan qaldırmasına da xidmət etmiş olur.
Muhsin Şentürk Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini qeyd edərək cari ilin aprel ayında Bakı şəhərinə etdiyi səfəri məmnunluqla xatırlanıb, keçirilmiş görüşlərin ikitərəfli əlaqələrin inkişafında xüsusu rol oynadığını bildirib.
XQ

