Şamaxıda sahibkarlarla görüş

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquq və mənafelərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin edilməsi, istehlakçılar və sahibkarlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində maarifləndirici görüşləri davam etdirir.

Bu silsilədən olan növbəti toplantı Şamaxı şəhərində keçirilib. Agentlik və onun 4 saylı regional bölməsinin təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan görüşdə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən 200-ə yaxın sahibkarlıq subyektinin nümayəndələri iştirak edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda bazar iştirakçıları arasında bərabər şərtlərə əsaslanan biznes münasibətlərinin təşviqi, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində agentliyin və yerli struktur bölmələrin fəaliyyətindən bəhs edilib, birgə maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Daha sonra agentliyin istehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı, istehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov, haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin sektor müdiri Röyal Rəhimov təqdimatlarla çıxış edərək ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində norma və qaydalara riayət olunmasının əhəmiyyəti, istehlakçı hüquqlarının müdafiəsi, bu sahədə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, agentliyin istehlak bazarında nəzarət sahələri, eləcə də reklam qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər barədə məlumat veriblər. Bununla yanaşı, agentlik tərəfindən müvafiq sahələrdə həyata keçirilən geniş maarifləndirmə fəaliyyəti, eləcə də mövcud problemlərin həlli istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Görüş çərçivəsində sahibkarlara fəaliyyətlərinin mövcud normativ-hüquqi aktların tələblərinə uyğunlaşdırılması, müştəri məmnuniyyətinin təmin olunması, eləcə də reklam qanunvericiliyinin tələblərinə əməl edilməsi istiqamətində tövsiyələr verilib.

Sonda sahibkarların sualları cavablandırılıb, praktiki nümunələr əsasında izahlar təqdim olunub.

XQ

İqtisadiyyat