Ölkəmizin strateji valyuta ehtiyatları artıb

post-img

2026-cı ilin birinci rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 117,4 milyon dollar artaraq 85,2 milyard dollara çatıb. Hesabat dövründə cari əməliyyatlar balansında 1,7 milyard dollar həcmində profisit qeydə alınıb. Bu dövrdə digər komponent olan kapital və maliyyənin hərəkəti balansında bankın xarici maliyyə aktivləri isə, təxminən, 200 milyon dollar artıb.

Bu və digər məsələlər barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin ilk rübünün yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib. Qeyd olunub ki, hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 9,5 faiz təşkil edib ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Onun sözlərinə görə, profisitin formalaşmasında əsas rol xarici ticarət balansı, təkrar gəlirlər balansı və ilkin gəlirlər balansına məxsus olub.

S.Nəsirov qeyd edib ki, 2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 1 milyard 720 milyon dollar birbaşa xarici investisiya yatırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 çoxdur. Bank rəsmisinin sözlərinə görə, hesabat dövründə ölkəmizdən xaricə 1 milyard 110 milyon dollarlıq birbaşa investisiya yatırılıb.

Cari ilin birinci rübündə ilkin gəlirlər balansının son illərdə ilk dəfə profisitə keçməsinin Azərbaycanın xaricdəki investisiyalarından əldə etdiyi gəlirlərlə bağlı olduğunu vurğulayan departament direktoru bildirib ki, profisitin əsas səbəbi neft-qaz sektorunda fəaliyyət göstərən Azərbaycan müəssisələrinin xaricə yatırdığı birbaşa investisiyalardan əldə olunan faiz və dividend gəlirləridir: “Vaxtilə xaricə böyük həcmdə birbaşa xarici investisiyalar yatırılıb. Həmin investisiyalar qarşılığında faiz və dividend gəlirləri əldə olunub. Bu gəlirlər isə ölkəyə gətirilməyib, yenidən xaricdə investisiya kimi yönləndirilib ki, növbəti dövrlərdə daha böyük gəlirlər əldə edilsin”.

İlin ilk rübündə ölkənin xidmətlər balansı üzrə kəsirin 590 milyon dollar təşkil etdiyini diqqətə çatdıran bank rəsmisi deyib ki, bununla belə, son illərdə müşahidə olunan tendensiyaya uyğun olaraq xidmətlər balansı üzrə kəsirin həcmi azalmağa davam edib. S.Nəsirov əlavə edib ki, kapital və maliyyənin hərəkəti balansında yaranan kəsirin əsas səbəbi portfel investisiyalarının azalması olub. Onun sözlərinə görə, portfel investisiyalarında 2 milyard dollarlıq azalma qeydə alınıb. Bu isə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində emissiya olunmuş avrobondların geri alınması ilə bağlıdır.

Qeyd olunub ki, bu ilin birinci rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 117,4 milyon dollar artaraq 85,2 milyard dollar təşkil edib. S.Nəsirovun sözlərinə görə, ehtiyatların bu həcmdə olması ölkənin makroiqtisadi dayanıqlılığının daha da gücləndiyini və maliyyə resurslarının genişləndiyini bir daha sübut edir.

Bank rəsmisi onu da bildirib ki, cari ilin ilk rübündə Azərbaycan neftinin reallaşmış orta qiymətin 79,5 dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur. Hesabat dövründə Azərbaycan qazının ixrac olunmuş min kubmetri isə 268 dollar təşkil edib. Enerji daşıyıcılarının qiymətlərində müşahidə olunan dəyişikliklər ölkənin xarici iqtisadi göstəricilərinə və tədiyə balansının formalaşmasına təsir göstərən əsas amillərdən biri olaraq qalır.

Diqqətə çatdırılıb ki, bu ilin ilk rübündə pul köçürmə sistemləri vasitəsilə ölkəyə 296,9 milyon dollar pul baratı daxil olub. İlin ilk 3 ayında ölkəmizə Rusiyadan 110,8 milyon, Türkiyədən 49,9 milyon, İrlandiyadan 24,6 milyon, ABŞ-dan 23,9 milyon dollar, Birləşmiş Krallıqdan isə 10,5 milyon dollar vəsait köçürülüb.

Hesabat dövründə ölkəmizdən xaricə köçürülmüş pul baratlarının həcmi isə 103,9 milyon dollar təşkil edib. Bildirilib ki, Azərbaycandan ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsünə gəldikdə isə, birinci rübdə Türkiyəyə 28,2 milyon, ABŞ-a 16,2 milyon, Rusiyaya 10,2 milyon, Birləşmiş Krallığa 6 milyon, Gürcüstana isə 5,6 milyon dollar köçürülüb.

M.YAQUBZADƏ
XQ

İqtisadiyyat