Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə Asiya-Sakit Okean Ticarətin Asanlaşdırılması Forumu və Kağızsız Ticarət Həftəsi 2026 keçirilib.
XQ xəbər verir ki, Tailand Krallığının Banqkok şəhərində keçirilən tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinov və Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Fuad Aslanov təmsil ediblər.
Tədbir ticarətin asanlaşdırılması, kağızsız ticarətin inkişafı, sərhədlərarası elektron məlumat mübadiləsinin genişləndirilməsi, süni intellektin ticarət və gömrük prosedurlarında tətbiqi, rəqəmsal etimad mühitinin formalaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi məsələlərinə həsr olunub.
Forum çərçivəsində nümayəndə heyəti Kağızsız Ticarət Şurasının iclasında, “Ticarətin asanlaşdırılmasında süni intellekt: mövcud vəziyyət və gələcək istiqamətlər”, “CAREC ölkələrində tranzitin inkişafı” və “NCD Konvensiyası vasitəsilə ticarətin rəqəmsallaşdırılması” mövzularında keçirilən sessiyalarda iştirak edib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Kağızsız Ticarət Şurasının iclasında çıxış edərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz üçün gömrük və ticarət prosedurlarının rəqəmsallaşdırılmasının, məlumat əsaslı idarəetmənin və etibarlı rəqəmsal əməkdaşlıq mexanizmlərinin inkişafının mühüm prioritet olduğunu diqqətə çatdırıb.
Bu kontekstdə “Elektron Bir Pəncərə” platformasının tətbiqi, “Rəqəmsal gömrük dəyəri” layihəsi, e-SMGS və e-CMR üzrə elektron məlumat mübadiləsi təşəbbüsləri, eləcə də nəqliyyat və gömrük orqanları arasında harmonizasiya olunmuş data mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin süni intellektin ticarətin asanlaşdırılmasında rolu ilə bağlı plenar sessiyada çıxış edən Natiq Şirinov süni intellektin artıq gömrük idarəçiliyində risklərin daha dəqiq qiymətləndirilməsi, qanuni ticarətin sürətləndirilməsi və nəzarət tədbirlərinin səmərəliliyinin artırılması üçün mühüm əməliyyat alətinə çevrildiyini bildirib.
Sessiyada Dövlət Gömrük Komitəsində tətbiq olunan süni intellekt əsaslı yeni nəsil Avtomatlaşdırılmış Risk Analizi Sistemi - ARAS Pro, malların təsnifatı üzrə intellektual həllər, skan edilmiş sənədlərin avtomatlaşdırılmış emalı, sərnişin məlumatlarının analitik təhlili, bəyannamələrin tərtibində rəqəmsal dəstək alətləri və digər innovativ həllər barədə məlumat verilib.
Forumun yekununda Kağızsız Ticarət Şurasının hesabatı qəbul edilib. Hesabatda Çərçivə Sazişinin icrası üzrə növbəti mərhələlər, transsərhəd kağızsız ticarətin təşviqi, elektron sənədlərin qarşılıqlı tanınması, üzv dövlətlər arasında rəqəmsal məlumat mübadiləsinin gücləndirilməsi, habelə texniki və maliyyə dəstəyi mexanizmlərinin genişləndirilməsi məsələləri əks olunub.



