Tərəflərin mövqeyi və daxildə fikir ayrılığı
ABŞ və İran arasında 3 aydan artıq davam edən münaqişənin dayandırılması məqsədilə əldə olunmuş müvəqqəti razılaşmanın aqibəti ilə bağlı qeyri-müəyyənlik artır. Dünən İsveçrədə keçirilməsi nəzərdə tutulan növbəti danışıqların təxirə salınması tərəflərin qalıcı sülh sazişinə nail olmaq yolunda qarşılaşdığı çətinlikləri bir daha gündəmə gətirdi.
Məlumata görə, ABŞ və İran nümayəndələrinin İsveçrədə görüşü üçün hazırlıqlar geniş şəkildə aparılsa da, hər iki tərəfdən yüksək səviyyəli rəsmilərin iştirak etməməsi planların dəyişməsinə səbəb olub. Yaranmış vəziyyət danışıqların davam etdirilməsi ilə bağlı suallar doğursa da, tərəflər arasında əlaqələrin tamamilə kəsildiyinə dair rəsmi açıqlama verilməyib.
ABŞ-da qeyri-müəyyənlik
Ağ Ev nümayəndələrinin açıqlamalarına görə, görüşün təxirə salınması “təşkilati və logistika məsələləri” ilə bağlıdır. Lakin analitiklər bu izahın əsl mənzərəni əks etdirmədiyini düşünürlər. ABŞ administrasiyası daxilində İranla aparılan danışıqların tempi və formatı ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bir qrup daha sürətli diplomatik nəticələr əldə olunmasının tərəfdarı olduğu halda, digər qrup ehtiyatlı və mərhələli yanaşmanı müdafiə edir. Vitse-prezident Ceyms Devid Vensin səfərinin ləğvi də daxili balansın dəyişməsi kimi şərh edilir.
Bundan başqa, ABŞ siyasi rəhbərliyinin ictimai mesajların vahid olması ilə bağlı həssaslığı da diqqət çəkir. Son dövrlər yayılan məlumatlara görə, prezident Donald Tramp administrasiyanın bütün üzvlərinin İranla bağlı eyni ritorikadan istifadə etməsini vacib hesab edir. Bu, danışıqların diplomatik gedişinə təsir edən kommunikasiya intizamı yaradır.
İranın ehtiyatlı mövqeyi
İranın mövqeyi prosesin təxirə düşməsində mühüm rol oynayıb. Tehran rəsmiləri müvəqqəti razılaşmanın icrası ilə bağlı ABŞ və müttəfiqlərinin konkret addımlar atmasını gözlədiklərini bildiriblər. İranın baş danışıqçıları səviyyəsində iştirakla bağlı qeyri-müəyyənlik müşahidə olunub. Bu isə görüşün siyasi səviyyəsini aşağı sala və danışıqların effektivliyini azalda bilərdi. İran tərəfi xüsusilə nüvə proqramı, sanksiyaların yumşaldılması və iqtisadi təminatlar məsələsində daha aydın zəmanətlər tələb edir. Tehran həmçinin hesab edir ki, əvvəlki mərhələlərdə əldə olunan razılaşmaların icrası tam təmin olunmadan yeni öhdəliklərə keçmək risklidir. Bu yanaşma danışıqlar prosesində ehtiyatlılıq və mərhələlilik prinsipini ön plana çıxarır.
Bəs Livan?
Danışıqların təxirə düşməsinə təsir edən xarici amillərdən biri də Yaxın Şərqdə artan gərginlikdir. Xüsusilə Livanda İsrail və “Hizbullah” arasında döyüşlərin yenidən şiddətlənməsi diplomatik mühitə ciddi təsir göstərib. Son günlər tərəflər arasında qarşılıqlı hücumlar nəticəsində həm hərbi, həm də mülki itkilərin olduğu bildirilir. Livan rəsmilərinin açıqlamalarına görə, hava zərbələri nəticəsində onlarla insan həyatını itirib. İsrail tərəfi isə öz növbəsində sərhəd bölgələrindəki hücumlara cavab verdiyini bildirir. Bu vəziyyət ABŞ–İran danışıqlarının əsas prinsiplərindən biri olan “regional hərbi əməliyyatların dayandırılması” şərtinin icarsını çətinləşdirir. Çünki İsrail danışıqların rəsmi tərəfi olmasa da, regiondakı hərbi dinamika prosesə birbaşa təsir göstərir.
Yeri gəlmişkən, ABŞ və İran prezidentləri tərəfindən imzalanmış 14 bəndlik memorandum müharibənin dayandırılması istiqamətində mühüm addım sayılır. Sənədə əsasən, ən mübahisəli məsələlərdən biri hesab olunan İranın nüvə proqramı və digər strateji mövzular növbəti mərhələdə müzakirə olunacaq. Tərəflərə bu məsələlər üzrə razılığa gəlmək üçün 60 gün müddət verilib. Bununla yanaşı, regiondakı təhlükəsizlik vəziyyəti danışıqların gələcəyinə təsir göstərə biləcək əsas amillərdəndir. Analitiklər hesab edirlər ki, Livan cəbhəsində vəziyyətin pisləşməsi ABŞ və İran arasında əldə ediləcək hər hansı uzunmüddətli razılaşmanın həyata keçirilməsini çətinləşdirə bilər.
Hazırkı mərhələdə ABŞ–İran danışıqlarının gələcəyi qeyri-müəyyən olaraq qalır, lakin prosesin tamamilə dayanması ehtimalı zəifdir. Ən real ssenari danışıqların yaxın həftələr və ya aylar ərzində yenidən, lakin daha məhdud formatda bərpa olunmasıdır. Bu halda əvvəlcə texniki formatda görüşlər keçirilə, daha sonra isə siyasi səviyyədə danışıqlara keçid edilə bilər.
Dünən axşam saatlarında Ağ Evin yüksək çinli rəsmisinin verdiyi məlumata görə, İsrail və “Hizbullah” arasında atəşkəs razılaşması əldə olunub.
N.BEYDİYEVA
XQ

