CNN: Ukrayna Rusiyanın hava müdafiəsini tükəndirir

post-img

Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Rusiya Federasiyası ərazisinə təşkil etdiyi kütləvi hücumlar getdikcə daha çox xaos və resurs qıtlığı şəraitində reaksiya verməyə məcbur olan Rusiya hava hücumundan müdafiə (HHM) sisteminin problemlərini ifşa edib. Bu barədə hərbi ekspertlərə istinadən hazırlanan "CNN"in analitik materialında bildirilir. Ekspertlər qeyd edirlər ki, Ukraynanın strategiyası Rusiya HHM sistemini çoxsaylı dronlarla tükəndirmək və həddindən artıq yükləməkdən ibarətdir.

"CNN" cümə axşamı Moskvaya təşkil olunan Ukrayna hücumunu buna bariz nümunə hesab edir. Qeyd olunur ki, çoxsaylı Ukrayna PUA-ları Rusiya paytaxtına yaxınlaşmağa başlayanda Rusiyanın reaksiyası yaxşı planlaşdırılmış strateji müdafiədən ziyada, vəziyyətdən çıxmaq üçün göstərilən xaotik bir cəhdə bənzəyirdi.

"CNN" jurnalistləri tərəfindən yoxlanılan və ekspertlər tərəfindən təhlil edilən görüntülər hərbçilərin birbaşa avtomobillərlə dolu magistral yolda çiyindən atılan daşınan zenit-raket komplekslərindən (DZRK) necə atəş açdıqlarını nümayiş etdirir. Digər bir videoda isə jurnalistlər Rusiya HHM raketinin neft çəninə zərbə endirdiyini qeydə alıblar. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) silah üzrə eksperti Markus Şiller bunun göbələyəbənzər tüstü buludu və çənin nəhəng üst hissəsinin havaya uçması ilə nəticələnən "Rusiyanın öz qapısına vurduğu qol" (avtoqol) olduğunu bəyan edib.

Şillerin sözlərinə görə, «Rusiyanın arsenalında 100% etibarlı olmayan köhnəlmiş sistemlərin bütöv bir siyahısı var». Eyni zamanda, o qeyd edir ki, Ukrayna artıq uzun illərdir öz zərbə imkanlarını davamlı olaraq təkmilləşdirir.

"McKenzie Intelligence Services" analitik mərkəzinin baş analitiki Styu Rey də Rusiya HHM-nin fəaliyyətindəki xaotikliyi xüsusilə vurğulayıb:

«Nəqliyyatın sıx olduğu magistral yolda daşınan zenit-raket komplekslərindən istifadəni əks etdirən video, hücuma qarşı tələsik, improvizasiya edilmiş və açığı, qeyri-peşəkar reaksiyadan xəbər verir. Nəqliyyatın hərəkətinə tam nəzarətsizlik, hərbi texnikanın mülki avtomobillərin və insanların bilavasitə yaxınlığında tətbiq edilməsi bu qiymətləndirməni sadəcə təsdiqləyir», — deyə o bildirib.

Jurnalistlər xatırladıblar ki, müharibənin əvvəlində Rusiya öz HHM sistemlərini Ukrayna ilə sərhəddə və cəbhə xəttində cəmləşdirmişdi, «lakin Kiyevin strategiyası Ukraynanın şərqindəki işğal olunmuş ərazilərdə və Rusiyanın daxilindəki bir çox müxtəlif hədəflərə hücum etməkdən ibarət oldu. Bu isə Moskvanı HHM sistemlərini pərakəndə yerləşdirməyə və daha zəif, seyrək müdafiə şəbəkəsi yaratmağa məcbur etdi».

Bundan əlavə, Ukrayna Rusiyanın müdafiə imkanlarını zəiflətmək məqsədilə uzun illərdir birbaşa HHM qurğularının özlərinə, eləcə də radiolokasiya (radar) aşkar etmə sistemlərinə zərbələr endirir. Ukrayna Müdafiə Qüvvələrinin məlumatına görə, onlar bu ilin əvvəlindən bəri Rusiyanın 166, 2022-ci ildə başlayan genişmiqyaslı işğaldan bəri isə 1432-dən çox HHM vasitəsini məhv ediblər.

S.ELAY

XQ

Dünya