Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Tərəflər söhbət zamanı ikitərəfli münasibətlər, regional vəziyyət və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
XQ xəbər verir ki, məlumat Pakistan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında yayılıb.
Danışıq zamanı İshaq Dar İran rəhbərliyini, hökumətini və xalqını İran ilə ABŞ arasında əldə edilən və “İslamabad Anlaşma Memorandumu” kimi təqdim olunan razılaşma münasibətilə təbrik edib. O, bu sənədin tərəflər arasında etimad mühitinin güclənməsinə və daha geniş miqyaslı danışıqlar üçün mühüm platforma yaradacağına ümid etdiyini bildirib. Dar həmçinin növbəti danışıqlar mərhələsinin uğurla davam etdirilməsi və nəticəyönümlü olması arzusunu ifadə edib.
Öz növbəsində, Seyid Abbas Əraqçi Pakistanın regionda dialoqu təşviq edən və vasitəçilik rolunu gücləndirən səylərini yüksək qiymətləndirib. O, İslamabadın konstruktiv mövqeyinin gərginliyin azaldılması və diplomatik kanalların açıq saxlanılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
İran XİN rəhbəri eyni zamanda Pakistan tərəfinə humanitar sahədə göstərdiyi dəstəyə görə təşəkkür edib. O, Böyük Britaniya tərəfindən dənizdə xilas edilən 8 balıqçı və ABŞ tərəfindən saxlanılan 22 ekipaj üzvü daxil olmaqla ümumilikdə 30 İran vətəndaşının vətənə qaytarılması prosesinə göstərilən yardımın xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Hazırda həmin şəxslərin tranzit keçidi Pakistanın koordinasiyası ilə həyata keçirilir.
Söhbətin sonunda hər iki tərəf ikitərəfli əlaqələrin davamlı inkişafının vacibliyini vurğulayıb və gələcəkdə də yüksək səviyyəli təmasların saxlanılması barədə razılığa gəliblər.
Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış anlaşma memorandumu tərəflər arasında 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəd çərçivəsində gərginliyin azaldılması, İranın nüvə proqramı üzrə müzakirələrin davam etdirilməsi, sanksiyaların mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında dəniz təhlükəsizliyinin gücləndirilməsi kimi məsələlər də gündəmdədir.

