Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq, sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən ödənişin 50 (əlli) faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilir;

2.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan subsidiya bu Fərman qüvvəyə mindikdən sonra elektrik şəbəkəsinə qoşulan sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinə şamil edilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan subsidiyanın 2027–2030-cu illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq, elektrik şəbəkəyə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılmasını təşkil etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Bu Fərman 2027-ci il yanvarın 1-dən qüvvəyə minir və 2030-cu il dekabrın 31-dək qüvvədədir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2026-cı il

Fərmanlar