Yay istisində süfrəmizdə gizlənən təhlükə: Hansı qidalar daha risklidir?

post-img

Yay insanların daha çox açıq havada vaxt keçirdiyi, səyahət etdiyi, pikniklər təşkil etdiyi və qida məhsullarını əvvəlki fəsillərlə müqayisədə daha fərqli şəraitdə istehlak etdiyi dövrdür. Günəşli hava, istirahət əhval-ruhiyyəsi və bol meyvə-tərəvəz mövsümü bu fəslin ən xoş tərəfləri sayılsa da, isti havanın gətirdiyi görünməyən risklər də mövcuddur. Həkimlər və qida təhlükəsizliyi üzrə mütəxəssislər hər il yay aylarında qida zəhərlənmələrinin artdığını bildirirlər. Bunun əsas səbəbi yüksək temperaturun bakteriyaların çoxalması üçün əlverişli mühit yaratmasıdır.

Hindistanın nüfuzlu “Tayms of İndia” nəşrinin yaydığı məlumatda qeyd olunur ki, havanın temperaturu yüksəldikcə gündəlik istifadə olunan bir çox məhsul qısa müddətdə insan sağlamlığı üçün təhlükə mənbəyinə çevrilə bilər. Nəşrin istinad etdiyi həkimlər bildirirlər ki, qidaların xarici görünüşü və ya qoxusu onların təhlükəsiz olub-olmadığını müəyyən etmək üçün hər zaman etibarlı göstərici deyil.

Məqalədə xüsusilə bişmiş yeməklərin risk qrupuna daxil olduğu vurğulanır. Ət, toyuq, düyü və makaron kimi məhsullar hazırlandıqdan sonra saatlarla otaq temperaturunda saxlanıldıqda onların tərkibində bakteriyalar sürətlə çoxalmağa başlayır. İsti hava bu prosesi daha da sürətləndirir. Nəticədə qida zahirən normal görünsə də, istehlak zamanı zəhərlənməyə səbəb ola bilir.

“Times of Indian”nın diqqət çəkdiyi digər mühüm məsələ süd məhsulları ilə bağlıdır. Süd, qatıq, qaymaq, kremli şirniyyatlar və müxtəlif desertlər yay aylarında xüsusi həssaslıq tələb edir. Soyuducudan kənarda qalan bu məhsulların tərkibində mikroorqanizmlərin sürətlə artması mümkündür. Mütəxəssislər xüsusilə uşaqların və yaşlı insanların belə məhsullardan daha çox zərər görə biləcəyini qeyd edirlər.

Nəşr doğranmış meyvələrin də təhlükə yarada biləcəyini yazır. Küçə satış məntəqələrində və ya açıq havada uzun müddət saxlanılan qarpız, yemiş, ananas və digər meyvələr yüksək temperaturun təsiri altında bakteriyalar üçün əlverişli mühitə çevrilir. Xüsusilə qabığı kəsilmiş məhsulların qoruyucu təbəqəsi aradan qalxdığından onların çirklənmə ehtimalı daha yüksək olur.

Yay mövsümündə ən çox rast gəlinən səhvlərdən biri də bişmiş qidaların təkrar-təkrar qızdırılmasıdır. Həkimlərin fikrincə, bir dəfə soyumuş yeməyin dəfələrlə qızdırılması onun təhlükəsizliyini artırmır, əksinə bəzi hallarda bakteriyaların yaratdığı toksinlərin qidada qalmasına səbəb olur. Bu xüsusilə düyü və nişastalı yeməklər üçün daha xarakterikdir.

Məqalədə küçə qidaları ilə bağlı da xəbərdarlıq edilir. Açıq şəraitdə hazırlanan və saxlanılan məhsulların temperatur rejiminə əməl edilmədikdə müxtəlif infeksiyaların yayılma riskini artırdığı bildirilir. Buna görə mütəxəssislər istehlakçılara qidanın hazırlanma və saxlanma şəraitinə diqqət yetirməyi tövsiyə edirlər.

Həkimlərin qənaətinə görə, yay aylarında qida təhlükəsizliyinin əsas prinsipi sadədir: bişmiş yeməklər uzun müddət isti mühitdə saxlanılmamalı, tez xarab olan məhsullar mütləq soyuducuda qorunmalı, meyvə və tərəvəzlər yaxşı yuyulmalı, şübhə doğuran qidalar isə istehlak edilməməlidir.

Yayın gözəlliyi sağlamlıqla tamamlandıqda daha dəyərli olur. Süfrəyə qoyulan hər bir məhsulun keyfiyyəti qədər onun necə saxlanılması da vacibdir. Çünki bəzən ən böyük təhlükə gözlə görünmür. İsti havalarda qida təhlükəsizliyi qaydalarına əməl etmək isə həm öz sağlamlığımızı, həm də ailəmizin rifahını qorumağın ən sadə və etibarlı yoludur.

Nurəngiz Adilqızı

XQ

 

Sosial həyat